Onun hiyləsi bir işə yarayacaqmı ?
ABŞ-n bu günlərdə Ukraynaya yeni yardım paketini elan edəcəyi gözlənilir. Bu dəfə Ukraynaya 2.85 mlrd dollar hərbi yardım ayrılacağı gözlənilir.
Bu dəfəki hərbi yardım paketinə 50 – yə qədər “Bradley” piyada döyüş maşınları və radilokasiya müşahidəsi ilə idarə olunan RİM-7 “Sea Sparrow” raketləri də daxil ediləcəyi barədə məlumatlar var. Bu raketlər vasitəsi ilə döyüş təyyarələri və qanadlı raketlər vurula bilir. “Bradley” döyüş maşınları isə elektron nişanalma sisteminə malikdir və tank əleyhinə raketlə təmin olunub , əsasən hücum əməliyyatları zamanı düşmənin canlı qüvvəsini, zirehli texnikasınl sıradan çıxarmaq üçün nəzərdə tutulub. Bundan əlavə Fransa da Ukraynaya AMX-10 RC markalı yüngül tanklar göndərəcək. Dünən Almaniya kansleri Şolts da Baydenlə telefon danışığından sonra ölkəsinin Ukraynaya 1 “Patriot” batareyası və 50 ədəd zirehli piyadaların döyüş maşını verəcəklərini bildirib.
Artıq görünür ki, Qərb getdikcə Ukraynanya daha çox hücum silahları verməyə başlayır. Göründüyü kimi bu prosesə artıq Ukrayna müharibəsində ən ehtiyatlı mövqe tutan Avropanın ən ehtiyatlı ölkələri sayılan Almaniya və Fransa da qoşulub Bu isə Ukraynanın yaz aylarına nəzərdə tutulan hücum kampaniyasının çox ciddi şəkildə dəstəklənməsi deməkdir.
Dünən Putinin birtərəfli qaydada bir günlük atəşkəs əmri verməsi, əslində, Qərbin Ukraynaya artmaqda olan yardımları qarşısında Putin hiylə ilə labüd məğlubiyyətdən yayınmaq cəhdi hesab oluna bilər. O, bu yolla özünü sülh tərəfdarı kimi göstərib hərbi əməliyyatları saxlamaq üçün bir presedent yaratmağa, beləliklə də vaxt qazanmağa çalışır. Ancaq Putinin bu hiyləsi bir işə yaramadı və Zelenski, eləcə də Qərb liderləri onun bu qərarının heç bir əhəmiyyəti olmadığını, sülh üçün Rusiyanın Ukraynadan çəkilib getməli olduğu bildirdilər.
İndiyə qədər mülki infrastrukturu və əhalini raket hücumları ilə hədəf alan Putin məqsədinə nail ola bilmədiyinə görə, indi də sülhpərvər maskası taxıb müharibəni dayandırmaq tərəfdarı olduğunu göstərir. Ümid edirdi ki, bu yolla Qərbin Ukraynaya yardımlarının azalmasına nail ola biləcək. Ancaq Qərbdən gələn reaksiyalar göstərdi ki, onun bu hiyləsi bir işə yaramadı.
Bu günlərdə həm də Rusiyanın ayrı – ayrı şəhərlərində lokal səfərbərliklər həyata keçirildiyini görürük. Rəsmi ölkə miqyasında səfərbərlik etmədən, yenə də müxtəlif şəhərlər üzrə orduya çağırış vərəqələri göndərilir. Prosesi bu cür lokal şəkildə aparılır ki, rus cəmiyyətin narazılığını daha da artmasın.
Həm də görünür üç ay öncəki səfərbərliklə toplanmış ordunun əhəmiyyətli bir hissəsi artıq müharibədə məhv olub ki, Putin yeni lokal səfərbərliklərlə itkilərin yerini doldurmağa çalışır.
Fuad Gahramanlı