Geriyə yol məğlubiyyət, irəliyə həmlə isə fəlakətdir.
Ukrayna krizi getdikcə daha da düyünə düşür. Nə Ərdoğanın Kiyevə , nə də ki, Makronun Moskvya səfəri problemin diplomatik yolla çözümünə yol açmayıb. Çünki problemin əsas səbəbi ABŞ və Rusiya arasındakı geostrateji ziddiyyətdən qaynaqlanır. Ukrayna NATO üzvlüyünə qəbul olunmaqla bağlı rəsmi müraciət etmədiyi halda, Rusiyanın bu məsələni gündəmə gətirərək qarşıdurma yaratması onu göstərir ki, problemin miqyası daha böyükdür və çözüm təkcə Ukraynada deyil. Bunu NATO Baş Katibi Stoltenberqin Rusiya təkcə Ukraynadan deyil, Moldova və Gürcüstandan da qoşunlarını çəkməlidir bəyanatı da təsdiq edir. Eyni zamanda buna qarşılıq Rusiyanın təkcə Ukrayna ilə bağlı deyil, postsovet ölkələrinin də NATO-ya üzv alınmamasını istəməsi və Şərqi Avropadakı NATO raketlərinin qaldırılmasını tələbi etməsi problemin daha böyük miqyasda olduğunu göstərir.
Artıq elə bir vəziyyət yaranıb ki, nə ABŞ başda olmaqla Qərb, nə də ki, Rusiya öz tələblərindən geri çəkilə bilmir. Tərəflərdən hər hansı birinin geri çəkilməsi strateji məğlubiyyətə yol açaraq zəncirvari reaksiya doğura bilər . Elə bu səbəbdən də gərginlik artan xətlə getməkdədir. Bu günlərdə ABŞ-prezidenti Baydenlə Almaniya kansleri Olaf Şolz arasında keçirilən görüşdə kansler bildirdi ki, Rusiya müharibəyə başlasa, onun hökuməti NATO qərarılarını dəstəkləyəcək. Bu görüşdən sonra Bayden əminliklə bildirdi ki, əgər, “Rusiya hərbi müdaxilə edərsə, bu Şimal axını 2 layihəsinin dayandırılması demək olacaq”. Aydın görünür ki, Bayden Almaniyanın daha qətiyyətli mövqe ifadə etməsinə çalışmaqla Avropanın Rusiya aqressiyasına qarşı daha kəskin davranmasına nail olmağa çalışır.
Rusiya da öz növbəsində Ukrayna ilə sərhəddə hərbi gücünü artıraraq və manevrlərlə Avropanı təhdid altında saxlayır. Bu yolla gərginliyi uzadan Moskva “nə müharibə, nə sülh” variantı ilə qarşı tərəfi güzəştə vadar etməyə çalışır. İki gün öncə Rusiya hərbi aviasiyasına aid 4 bombardmançı təyyarə Baltik dənizi üzərindən keçərək Norveç və İngiltərə hava sərhədləri yaxınlığında uçuş keçiriblər. Rusiya bu yolla Avropa ölkələrinə xəbərdarlıq mesajı göndərir, geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir.
Ancaq gərginliyi qeyri müəyyən şəkildə uzatmaq hazırkı şəraitdə Rusiyanın daha çox əleyhinə təsir göstərir. Çünki bu şəraitdə Ukrayna Qərbdən daha çox maliyyə və hərbi yardım alır, öz müdafiə qabiliyyətini gücləndirir. Beynəlxalq səviyyədə dünya ictimai rəyi Rusiya əleyhinə yönəlir, ölkə təcrid olunur, maliyyə itkiləri artır. Eyni zamanda ABŞ-n Avropa üzərində təhlükəsizlik qarantoru kimi təsiri də gərginlik davam etdikcə artmaqdadır.
Ona görə də Putinin Ukraynaya ilə bağlı qərar verməsi hər gün daha da aktuallaşır. Putin indi yaxşı bilir ki, diplomatik müzakirələr, hansısa vasitəçilik missiyalarının nəticəsində, o, öz tələbindən geri çəkilərsə, bu, zaman heç nə Rusiyanın geosiyasi məğlubiyyətini pərdələyə bilməyəcək. Ukraynaya hərbi müdaxilə isə çox riskl və təhlükəlidir. Putin düşünə bilər ki, açıq aşkar məğğlubiyyətdənsə riski etməyinə dəyər. Bəs bu halda Rusiya nəyə ümid edə bilər?
Moskva sürətli işğal və geri çəkilmə əməliyyatı ilə ilə problemi sıfır nöqtəsinə qaytaracağını güman edə bilər. Bu o deməkdir ki, Rusiya Ukraynaya hərbi müdaxilə edib, sonra iç qarışıqlığı olan, separatizmin və daxili ixtilafların baş qaldırdığı ölkədən diplomatik bazarlıq yolu ilə geri çəkilə bilər. Bu zaman Qərb də Rusiyanın Ukraynayanı tərk etməsi müqabilində qoyduğu sanksiyaları qaldırmağa razılaşar. Beləliklə də Putin öz işğal siyasətinin bir daha təkrarlanmaması müqabilində , süqut etmiş Ukraynanın NATO üzvlüyünə qəbulunu uzun müddətə ertələmiş olacağını planlaşdıra bilər.
Ancaq bu ssenari əks istiqamətdə də inkişaf edə bilər. Putin Ukraynanı işğal edərsə və Ukrayna xalqının müqaviməti də daha güclü olarsa, o zaman Rusiyaya gələcək tabutların çoxu hərbi uğuru əhəmiyyətsizləşdirə bilər. Qərb də daha səbrli davranıb Rusiyaya qarşı qoyulmuş sanksiyaları qaldırmazssa və diplomatik bazarlığa getməzssə o zaman nə olacaq? Bir tərəfdən dağıdıcı sanksiyalar, o biri tərəfdən müharibə xərcləri və itkilərə görə ölkə daxilində artan narazılıq bu halda Putini Ukraynada çıxa bilməyəcəyi bataqlığa qərq edə bilər.
Fuad Gahramanlı