KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: Pezeşkian – öz xarakterinə qarşı gedən prezident

Fuad Gahramanlı: Pezeşkian – öz xarakterinə qarşı gedən prezident

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
15 0

O, nədən Elçibəyə bu qədər bənzəyir?

İran rəhbərliyindən Güney Azərbaycan prezidentliyinə gedən yol .

Bu gün Orta Şərqdə və İran ətrafında hərbi siyasi gərginliyin getdikcə dərinləşdiyi bir vaxtda bu proseslərin mərkəzində olan, lakin xarakter etibarilə bu situasiyanın tələblərinə uyğun gəlməyən yeganə şəxs yəqin ki, prezident Pezeşkiandır. İsrail və İran arasında hər an müharibə alovunun genişmiqyaslı Orta Şərq savaşına çevrilə biləcəyi indiki anlarda, o, öz mülayim xarakteri, sülhdən yana olan düşncələri fonunda sərt görünən indiki ritorikası ilə əslində özünü inkar etməyə, öz xarakterinin əksinə getməyə məcbur qalib.

BMT tribunasından çıxışı zamanı mühafizəkar və radikal İran hərbi siyasi elitasının ənənəvi ritorikasından kənara çıxan çıxışı və qarşıdurmadan yayınmağa, konfliktləri konsensusla çözməyə çağıran mesajları ilə hazırkı İran dini və hərbi rəhbərliyini elə qıcıqlandırıdı ki, Ali dini rəhbər Xomneyinin tələbi ilə keçirilməsi nəzərdə tutulan mətbuat konfransını təxirə salmalı oldu, Xarici işlər naziri Əraqçının verdiyi bəyanatla onun verdiyi obyektiv və pozitiv açıqlamalara düzəlişlər edildi.

Bu adam nüvə danışıqlarının yenidən bərpası, Qərblə anlaşma əldə etmək, teokratik rejimin qadağalarını yumşaltmaq və islahatlar keçirmək vədləri ilə hakimiyyətə gəlib və ya İranın düşdüyü ağır sosial iqtisadi vəziyyətdən doğan zərurətə görə prezident postuna seçilməsinə icazə verilib. Bu vədlər siyasi bir vizyon olmaqla bərabər həm də onun mülayim və pozitiv xarakterinə uyğun olaraq şəxsiyyəti ilə bir uyum yaradırdı.
İndi isə ortalıq elə qarışıb ki, Tehranda radikal və ifrat mühafizəkar dini çevrələrin ritorikası gündəmə elə oturub ki, Pezeşkian da dövlət rəhbəri kimi İsraillə bağlı kəskin bəyanatlar verməyə, Putinlə görüşüb Qərbə qarşı ənənəvi İran tərzi fikirlər səsləndirməyə, qırğı olmadığı halda müharibə tərəfdarı olan qırğıların xoruna qoşulmağa məcbur qalıb. Bu cür çıxışlar edərkən onun xeyirxahlıq yağan üz ifadəsinə diqqət edin, aydın görünür ki, bu dedikləri, səsləndirdiyi bəyanatlar onun içindən gəlmir, ona xas olmayan bir uslubdur. Bu baxımdan onu bəxti gətirməyən prezident də saymaq olar.

Nədənsə bu adama baxanda rəhmətlik Elçibəyi daha çox xatırlayıram. Elçibəy yeni dövrün dövlət institutlarının formalaşmadığı, Rusiya və İranın təhriki ilə ölkə daxilində mərkəzdənqaçma və pozuculuq işlərinin dəstəkləndiyi, köhnə partnomenklaturanın xaricdən himayə edilən qiyamçı ünsürlərlə iş birliyinə gedib hakimiyyəti zorla ələ keçirməyə çalışdığı, demokratik siyasi mədəniyyətin formalaşmadığı, demokratiya qarşı olan dağıdıcı qüvvələrin azadlıqlardan sui istifadə edərək yeni qurulan dövlətin təməllərini sarsıtdığı bir dönəmdə, öz mülayim xarakteri, zorakılıqdan uzaq humanist davranışları və ifrat dözümlü yanaşmaları ilə milli demokratik hakimiyyətin devrilməsinin qarşısını ala bilmədi. Halbuki o dönəm daha qətiyyətli addımlar və çevik reaksiyalar tələb edirdi.

Pezeşkian isə hər nə qədər xarakter etibarilə ilə Elçibəyə bənzəsə də, o, zahirən Xomoneyi başda olmaqla teokratik rejimin başında duran hakim mühafizəkar dini siyasi elitanın bu gün müəyyən etdiyi İranın rəsmi dövlət siyasətinin sərt çərçivəsinə və tələblərinə, ritorikasına uyğunlaşmağa məcburdur. Ona görə də bu gün bizim qarşımızda gördüyümüz Pezeşkian hazırkı müharibə və qan qoxulu situasiyanın diktəsi ilə İran prezidenti rolunu icara edən bir aktyora daha çox bənzəyir.
Ancaq içimdən bir səs pıçıldayır ki, əgər İsrailin gözlənilən zərbələri hazırkı İranın teokratik rejiminin hərbi və inzibati gücünü sıradan çıxara bilsə və İranda yaşayan xalqlar bundan bir fürsət kimi bəhrələnib qəsb edilmiş milil və demokratik azadlıqlarını əldə etmək üçün kütləvi mübarizəyə qalxsalar, biz bir mərhələdən sonra öz milli kimliyinə bağlılığını gizlətməyən Pezeşkianı günün birində Güney Azərbaycan dövlətinin prezidenti kimi də görə bilərik. Bu isə milli strateji hədəfimiz olan Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda əsas bünövrənin qoyulması demək olar.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir