İranda görünməmiş hadisə: Pezeşkian Dini lider Xameneiyə qarşı üsyan etdi.
İranda nə baş verir?
İranda dini siyasi rejimin tarixində görünməmiş hadisə baş verib. İran prezidenti Pezeşkian çıxış edərək açıq şəkildə ilk dəfə olaraq ölkənin Ali dini lderi Xameneiyə qarşı çıxıb. O deyib ki, “Mən ABŞ ilə dialoqa girməyimizin lazım olduğuna inandığım halda, Dini rəhbər buna qarşı çıxır, Amerika ilə danışmaq olmaz deyir”.
Onun dini rəhbəri bu qədər açıq və sərt formada ittiham etməsi İran siyasi hakimiyyətində dərin parçalanma baş verdiyini göstərir. Xatırladaq ki, dünən İranın strateji məsələlər üzrə vitse-prezidenti Cavad Zərif istefa verib. İRNA agentliyi onun istefasının iqtisadiyyat naziri Abdolnasser Hemmatinin parlamentdə impicmentinə etiraz zəminində təqdim etsə də Zərif bununla bağlı öz “X” hesabında yazıb ki, ona və ailəsinə olan təzyiqlərə etiraz olaraq vəzifədən istefa verir . Keçmiş xarici işlər naziri Zərifi İranda islahatçı qanadın əsas liderlərindən hesab olunur.
Onun gedişi, islahat tərəfdarı olan, lakin Ali Dini rəhbər başda olmaqla radikal mühafizəkarların müqaviməti qarşısında həl ki, idarəçilikdə heç bir dəyişikliyə nail ola bilməyən Pezeşkianin onsuz da zəif mövqeyini daha da zəiflətmiş olacaq.
Pezeşkiana gəldikdə isə onun Xameneiyə qarşı bu son nümayişkəranə bəyanatı, hakimiyyət daxili ziddiyyətlərin daha dərinləşdiyini göstərir. Pezeşkian, əslində ABŞ-la dialoqu bərpa etmək yolu ilə, İsrailin gözlənilən zərbələrinin qarşısını almağa və ölkəyə qoyulmuş sanksiyaları aradan qaldırmağa çalışır. Ancaq görünən odur ki, ona bu istəyini həyata kecirməyə icazə və ya imkan verilmədiyi üçün, indi belə açıq üsyan edir.
Bu yaxınlarda Trampın çıxışına cavab olaraq Xamenei bəyan etmişdi ki, nüvə mövzusunda Amerika ilə hər hansı danışığa getmək İranın şərəfini alcaldar. Pezeşkian isə onun bu mövqeyinə qarşı çıxaraq öz çıxışı ilə xalqa göstərmək istəyir ki, o , ölkəni gözləyən İsrail təhlükəsinin qarşısını almaq üçün Qərblə dialoq qurmaq istəyir, ancaq hakimiyyətdəki mühafizəkarlar buna imkan vermirlər.
Onu da xatırladaq ki, Pezeşkian vəzifəsinin icrasına başladığı ilk vaxtlarda bildirmişdi ki, əgər nəzərdə tutduğu işləri görə bilməsə, o, iştefa verəcək.
Ola bilər ki, Pezeşkian bu nümayişkəranə çıxışı ilə, həm də İrana qarşı gözlənilən hərbi zərbələrin məsuliyyətini daşımamaq üçün öz istefasına zəmin yaradır.
Fuad Gahramanlı