Bəs Azərbaycan danışmalı olduğu yerdə niyə susur
Paşinyanın son açıqlamaları Qarabağ məsələsi ilə bağlı yeni bir situasiya yaratmaqdadır. Ermənistan dövlət başçısı son müsahibəsində Qarabağın statusunun Azərbaycan konstitusiyası əsasında həll oluna biləcəyini etiraf edib. Bu o deməkdir ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və sülh sazişinə hazır olduğu mesajını verir. Onun belə bir mövqe sərgiləməsi ilk növbədə Rusiyanın maraqlarına ziddir və Ermənistanın Moskvanın qurduğu tarixi bir oyunu tədricən tərk etmək istəyini göstərir .
Təsadüfi deyil ki, Paşinyanın bu fikirlərindən dərhal sonra Rusiyanın kuklası olan Qarabağ separatçılarının rəhbəri Araik dərhal bəyanat verərək, Qarabağ ermənilərinin heç vaxt Azərbaycan tərkibində olmayacağını və müstəqil dövlət qurmaq əzmində olduqlarını bildirib. Belə görünür ki, indi Qarabağdakı separatçı erməni hakimiyyəti ilə, Ermənistan rəhbərliyi arasında status məsələsi ilə bağlı kəskin fikir ayrılığı yaranıb. Paşiniyanın son müsahibələrindən görünür ki, o ölkəsini bu münaqişədən qoparıb Avrointeqrasiya istiqamətində əlaqələri dərinləşdirməyə və qonşuları ilə münasibətləri bərpa etməyə çalışır. Bu yolda Rusiyanı əsas maneə kimi görən Paşinyan, hər vəchlə Putinin Azərbaycan və Ermənistan üzərindəki təsirini bloklamağa çalışır. Son Soçi görüşündə onun bu mövqeyi daha aydın göründü. Görüş vaxtı Paşiniyan Putinin qabağına ATƏT Minsk Qrupu daşını itələyərək, Rusiyanın vasitəçiliyi ilə hər hansı razılaşma olmasının qarşısını aldı. Ancaq bir neçə gün sonra Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə olan görüşdə isə Zəngəzur kommunikasiya xəttinin açılmağına razılıq verdi. Bununla da Avropanın vasitəçilik missiyasının Moskvanın rolundan daha səmərəli olacağı mesajını verdi. Bu razılaşma əslində Putinə vurulmuş diplomatik sillə idi.
Ancaq təəsüf ki, Azərbaycan tərəfi Paşinyanın otürdüyü “pasları” qəbul etmək istəmir. Belə görünür ki, İlham Əliyev Rusiyanın razılığından kənar Ermənistanla hər hansı təmasa ehyyatla yanaşır. Əgər, Paşinyan “Qarabağın statusu Azərbaycanın konstitusiyası çərçivəsində həll olunmalıdır” deyirsə, onun bu sözləri cavabsız buraxılmamalı və Azərbaycan tərəfi də Paşinyanın bu sözləri çərçivəsində ikitərəfli sülh danışıqlarına hazır olduğunu bəyan etməli idi. Ancaq Azərbaycan rəhbərliyinin susub heç bir reaksiya verməməsi onu göstərir ki, İlham Əliyev Ermənistanla ikitərəfli danışıqlardan daha çox, Rusiyanın vasitəçiliyi ilə olan üç tərəfli dialoqa üstünlük verir.
Bu gün isə MDB dövlət başçılarının Rusiyada keçirilən sammitində İlham Əliyev və Paşiniyan arasında yeni bir görüş nəzərdə tutulur. Brüssel görüşü fonunda Soçi görüşünün fiaskoya uğramasından pərt olan Putin çox güman ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası ilə bağlı nəsə bir baza prinsipi razılaşdırmağa çalışacaq. Əks təqdirdə, Putinin təşəbbüsü iləe keçirilən görüşlərin nəticəsiz başa çatması Moskvanın Qarabağ münaqişəsi üzərindəki təsirinin zəifləməsi görüntüsünü yaradacaq. Putin gözəl başa düşür ki, kənarda daha konstruktiv olan Paşinyanın Moskvada daha inadkar olub hər hansı razılaşmaya getməməsi əslində Moskvanın təşəbbüslərini sabotaj etmək məqsədi güdür. Təəssüf ki, Azərbaycan tərəfi bu imkandan istifadə etmək istəmir.
Fuad Gahramanli