Strateji baxış:
Münhendə transatlantik təhlükəsizlik sistemi ilə bağlı meydana çıxan suallar.
Qlobal güc tarazlığı necə və hansı istiqamətdə dəyişir və bu, Azərbaycana necə təsir edəcək?
Dünən “Azərbaycan Saatı” proqramında Qənimət bəylə hazırda dünyada baş verən geosiyasi proseslər barədə ətraflı danışsaq da, bu elə geniş və anban yenilənən bir mövzudur ki, bir proqrama bütün fikirləri sığışdırmaq olmur. Ona görə də, bu mövzuda yenə də bəzi mülahizələrimizi sizinlə paylaşmağı zəruri hesab edirik.
Bu gün beynəlxalq münasibətlərdə oyun qaydalarının, ənənəvi güc tarazlığının dəyişməsi, dünyamızı fərqli bir yerə doğru götürməkdədir. Ukrayna məsələsi artıq Avropanın təhlükəsizliyi problemi olmaqdan çıxaraq, beynəlxalq təhlükəsizlik arxitekturasını dəyişən bir prosesə çevrilməkdədir. Bu mərhələdə transatlantik təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı ortaya çıxan suallar fonunda, Avropa da məcburən yeni təhlükəsizlik paradiqmaları aramaqdadır.
Ortada bir gerçəklik var, artıq heç nə əvvəlki kimi deyil və Münhen Təhlükəsizlik Konfransı bu dəyişikliyin anonsunu edən tədbir kimi yeni dönəmin qapısını aralamış oldu. Məhz, bu tədbirdən dərhal sonra Makronun təşəbbüsü ilə Avropanın aparcı liderləri dünən “Yelisey” sarayına yığışıb, bu yeni dönəmdə inşa olunacaq təhlükəsizlik arxitekturası ilə bağlı ortaya çıxan suallara cavab axtardılar.
Ancaq, əslində, ortada heç cavabsız sual da qalmayıb. Münhen Təhlükəsizlik Konfransında Trampın sağ qolu Vensin çıxışnda Avropanın etiraf etməyə narahat olduğu sualların demək olar ki, hamısı ən yüksək səslə və alışılmadıq bir sərt üslubla dilə gətirildi. Bu çıxışın doğurduğu suallara cavabı isə Zelenski öz parlaq və əsaslandırılmış nitqi ilə vermiş oldu. Bundan sonra isə yerdə Zelenskinin verdiyi cavabları yerinə gərirəcək iradə və qərarlılığı ortaya qoymaq qalır. Müzakirələr ancaq bu istiqamətdə gedərsə, yeni dövrün təhlükəsizlik paradiqmalarına uyum saxlamaq olar.
İndi həm də gündəmin əsas məsələsi Putinə revanş imkanı verməməkdir. Bu gün Ukrayna və Avropanın bu məsələdə həmrəy olması, Rusiyanın işğal siyasətinin beynəlxalq hüququn dünyanı xaosdan saxlayan əsas prinsiplərini əzib keçməsinin qarşısını kəsməkdədir. Rusiya indi transatlantik təhlükəsizlik sistemində yaranmış çatdan istifadə edərək, təkcə Ukrayna ərazisini deyil, həm də beynəlxalq hüquq və dəyərlər sistemini, BMT -nin quruluş fəlsəfəsini zəbt və məhv etmək istəyir. Bu baxımdan Ukrayna və Avropanın Səudiyyə Ərəbistanında keçirilən danışıqlarının nəticələrini tanımayacağını bildirməsi, beynəlxalq düzənin ayarlarını dəyişmək, işğalı legitimləşdirmək cəhdlərinə qarşı cəsarətli bir müqavimət xətti yaradır. Bu mövqe Tramp və Putinin arasında qarşılıqlı vəsflə keçən Ukrayna mövzusundakı danışıqları anlamsızlaşdırdığı üçün, tərəflər arasında bu gün Səudiyyə Ərəbistanında keçirilən görüş çox qısa və nəticəsiz başa çatıb.
Transatlantik təhlükəsizlik sistemində bu günkü geosiyasi dalğalanmalar fonunda, təkqütblü dünya düzəni anlayışının əsasında duran anqlosaks birliyinin də çat verdiyini görməkdəyik. İngiltərənin Baş naziri Starmerin Yelisey sarayında AB üzvləri ilə birlikdə toplantıya qatılaraq, ortaq təhlükəsizlik qayğılarını bölüşməsi, artıq Avropa mərkəzli təhlükəsizli çətirinin yarana biləcəyinə ümidləri xeyli artırır. Bu baxımdan “Qlobal Britaniya” layihəsinin getdikcə daha çox önəm daşıyacağını, anqlosaks həmrəyliyindən daha çox Avrosentrik mahiyyətə doğru keçəcəyini və beynəlxalq münasibətlər sistemində qlobal təhlükəsizliyin əsas elementlərindən birinə çevriləcəyini gözləmək olar.
Bütün bu baş verənlər fonunda Zelenskinin dünən Türkiyəyə etdiyi səfər diqqət cəlb edir. Zelenski indi Türkiyə və Rusiya arasında ənənəvi uzlaşma siyasətinin Suriyada pozulmasından istifadə edərək, Ankaranı da Avropa mərkəzli təhlükəsizlik arayışları çərçivəsinə daxil olmasına çalışır. Britaniyanın bu prosesin mərkəzində yer alması, Ankaraya da Avropa təhlükəsizlik çətiri altında yer ayrılacağını deməyə əsas verir. Türkiyənin hərbi gücünü və geosiyasi əhəmiyyətini nəzərə aldıqda, Ankaranın Avropanın gələcək təhlükəsizlik maraqları baxımından vaxtı ilə NATO-da olduğu qədər əhəmiyyətli olacağını demək olar.
Eyni zamanda Türkiyənin də gücün əsas meyara çevrildiyi yeni dünya düzənində Avropaya böyük ehtiyacı var. Xüsusi ilə Ankaranın iqtisadi inkişaf və texnoloji yeniliklər məsələsində yaşadığı problemləri Avropasız həll etməyi daha çox zaman ala biləcəyindən, Türkiyə qlobal inkişaf rəqabətinin gerisinə düşməmək üçün belə bir iş birliyinə möhtacdır. Digər tərəfdən isə Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiya kimi geostrateji əhəmiyyətli regionlarda Rusiya və Çinlə getdikcə dərinləşən rəqabətdə Avropanın və xüsusi ilə də Britaniyanın dəstəyinə çox ehtiyac duyacaq. Ona görə də, bu günkü şərtlər Türkiyə və Avropanı bir – birinə möhtac buraxmaqdadır.
Bu yazıda bir çox məqamların üstündən keçməyimizə baxmayaraq, yuxarıda qeyd etdiyimiz nüanslar, bizim də dünyaya baxış məsələsində baş verən yeniliklərin fərqində olmağımız üçün kifayətdir. Əvvəla fərqində olmalıyıq ki, ABŞ- n qlobal siyasətdəki rolunun və mövqeyinin dəyişməsi, heç də Cənubi Qafqazda güc boşluğu yaratmayacaq. Necə?
Bundan sonrakı dönəmdə Cənubi Qafqazda Britaniya və AB ittifaqı Türkiyəni də yanına alaraq, birlikdə Rusiyaya qarşı geosiyasi rəqabət aparmalı olacaqlar. Bu prosesdə AB -nin güclənməsi həm də onun öz sərhədləri ni genişləndirə bilməsinə bağlıdır. Bu genişlənmə isə demokratik dəyərlər zəminində olduğu üçün, Cənubi Qafqazın bu qruma inteqrasiyası da demokratikləşmə prosesindən keçir. Bu baxımdan AB-nin Azərbaycanı özünə inteqrasiya etmə tələbləri, təkcə onun Rusiyadan uzaqlaşması ilə bağlı olmayacaq, bu, həm də demokratik dəyərləri özündə ehtiva edəcək. Əks təqdirdə, inteqrasiya prosesi və AB siyasi sərhədlərini Xəzərə doğru genişləndirmək planı da reallaşa bilməz. Ona görə də, qarşıdakı dönəmdə biz demokratik dəyərlərin, həm də geosiyasi seçim meyarı kimi də gündəmə gəlməsini görə bilərik.
Fuad Gahramanlı