Sual doğuran məsələlər hansılardır?
Dünən İranın İsrailə qarşı həyata keçirdiyi hava hücumu əvvəlcədən təxmin etdiyimiz kimi uğursuzluqla nəticələndi. Bu hücum əsasən “”Şahed 136” dronları və bir neçə uzaqmənzilli raket vasitəsilə ilə həyata keçrildi. Paralel olaraq eyni vaxtda Livanın cənubundan Hizbullah da yüzlərlə raketlə İran hücumuna dəstək verdi. Ancaq İran dronlarının böyük əksəriyyəti İsrailə çatmamış İordaniya səmasında zərərsizləşdirildi. Hizbullahın atdığı raketlərin də demək olar ki, hamısı “Dəmir Qalxan” tərəfindən məhv edildi. Yalnız bir ballistik “Xeybər” raketinin İsrail ərazisinə düşdüyü bildirilir, ancaq hər hansı bir tələfat və dağıntı barədə hələ ki, dəqiq məlumat yoxdur.
İran dronları hələ İsrailə çatmamış bu ölkənin BMT- dəki nümayəndəsi bəyanat verərək İranın əməliyyatı dərhal dayandırdığını bəyan etdi. Buradan da göründü ki, İran üçün bu əməliyyat İsrailə zərər vurmaq, gerçək qisas almaq üçün deyil, daha çox ondan gözlənilən cavabı verdiyini göstərib özünün dövlət prestijlini qurtarmaq üçün lazım idi. Yoxsa, etdiyin hücumun nəticəsini bilmədən necə hərbi əməliyyatı bitmiş saymaq olar ? Bu İran təcrübəsində ilk dəfə deyil. Xatırladaq ki, Trampda bir müsahibəsində demişdi ki, İran ondan xahiş etmişdi ki, ABŞ o zaman İraqdakı bir bazasını boşaltsın və Tehran onun həndəvərinə bir iki raket atib Qasım Süleymaninin qisasını aldığı ilə bağlı bir görüntü yaratsın. Dünən İsrailn reaksiyasından da göründü ki, bu dəfə də bənzər ssenari olması ehtimalı çox yüksək idi. Onsuz da məlumatlar var idi ki, ABŞ öncədən hər iki tərəfə kontrollu davranmaq, müharibəyə yol açacaq irimiqyaslı əməliyyatlara əl atmamaq barədə sərt xəbərdarlıq edib .
Diqqət edin, Iranın hücum başladığını duyurmasından sonra İsrail savaş kabinəsi dərhal toplandı və bundan sonra kabinet üzləri oturub saatlar içində yol gələn İran dronlarını gözləməklə məşğul idilər. Halbuki İsrailin savaş strategiyası düşmənə qabaqlayıcı, önləyici zərbə doktrininə əsaslanır. Təsəvvür edin Netenyahu kimi qırğı, heç bir qayda tanımayan və İranı hədəfə gətirmək üçün bəhanə gəzən bir adam nəinki qabaqlayıcı hücum təşəbbüsü ilə çıxış etmir, Tehrana preventiv zərbələr endirmir , oturub gözləyir ki, dronlar nə zaman gəlib İsrailə yetişəcək. Hücum edən düsmən qarşısında belə müharibə davranışı olurmu ? Bu açıq aşkar öncədən razılaşdırılmış bir əməliyyatın yola verilməsinə bənzəyən davranış kimi görünürdü.
İsrail “müharibə kabineti” cavab zərbəsi ilə bağlı Netenyahuhuya qərar qəbul etmək səlahiyyəti verərək, BMT Təhlükəsizlik Şurasının İranı qınamaq üçün toplantısını cagırmaq təşəbbüsü ilə çıxış edib. Bu isə prosesin bundan sonra daha çox diplomatik çərçivədə davam edəcəyini göstərir. Əgər İsrail daxilndə ictimai rəy basqısı olarsa İsrailin də məhdud sayda raketlə İran ərazisinə zərbə endirməsi ehtimalı istisna edilmir . Ancaq zaman keçdikcə bu ehtimal da azalır.
Digər bir nüans da budur ki, İranin niyyəti əgər İsrailə zərbə vurmaq, qisas almaq idisə, o zaman dronlar İsrailə çatmamış niyə Tehranda tələm -tələsik əməliyyatı bitdiyu barədə bəyanat verildi ? Buraxılan raket və dronların zərər vurduğunu bilmədən əməliyyatı bitirmək, ortada hər hansı qisas məqsədinin olmadığını, daha çox təbliğat üçün görüntü yaratmaq olduğu təəssüratı yaratmırmı?
Ehtimal ki, bu dəfə də regionda yeni bir müharibə çıxmasında maraqlı olmayan ABŞ son günlər İsrailə sərtləşən münasibətini yumşaltmaq qarşılığında Netenyahunu İranın heç bir zərər vurmayacaq hücumunu sakit qarşılamağa razı sala bilib. İsrailin bu məsələdə itirəcəyi bir şey yoxdur, əksinə, Fələstində törətdiklərindən sonra İran hücum təhlükəsi görüntüsü fonunda bu münasibətin dəyişməsi gerçəkdən də Təl-Əviv üçün bu oyundan uduşla cıxmaq deməkdir. Bu təkcə ABŞ -la bağlı deyil, çox güman ki, İsrail İran hücumu qarşısında bu cür reaksiyasız görünməklə, bütövlükdə Qərb ictimai rəyində öz əleyhinə olan münasibəti də xeyli dərəcədə öz xeyrinə dəyişə biləcəyinə ümid edir. İran isə öz maraqlarına görə İsrailə bu uduşu qazandırmaqla ona Fələstin məsələsində yeni bir kartblanş vermiş oldu. Məzlumların qanı üzərindən öz dövlət prestijlini qorumağa çalışan və razılaşdırılmıs döyüş səhnələşdirən İran bundan sonra durub hələ bir islam təəssübkeşliyindən danısacaq , avvam kütlələri manipulyasiya edəcək.
Fuad Gahramanlı