Zəngəzur məsələsi nədən yenidən gündəmə gəldi?
İlk dəfədir ki, Cənubi Qafqazla bağlı İran və Rusiyanın maraqları arasındakı ziddiyyətlər açıq formada ifadə olunur. İranın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu Rusiyanın bu ölkədəki səfiri ilə görüşüb. Görüşdə İranlı diplomat bildirib ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Tehranın Ermənistana birbaşa çıxışını kəsə bilər, ona görə də ölkəsi “Qafqazda istənilən geosiyasi dəyişikliyə qarşıdır və Rusiya da milli suverenliyə, ərazi bütövlüyünə, eləcə də region ölkələrinin qarşılıqlı maraqlarına hörmətlə yanaşmalıdır.” İran rəsmisi Rusiyanın Tehranın narahatlıqlarını nəzərə almasınin vacibliyini vurğulayıb.
Əsas sual budur ki, xüsusən Ukrayna savaşı dönəmində çox yaxınlaşmış və hərbi müttəfiq kimi əməkdaşlıq edən Rusiya və İran arasında bu tipli məsələlər adətən qapalı görüşlərdə müzakirə olunduğu halda, indi nədən Tehran bu qaydanı pozaraq öz narazılığını belə nümayişkaranə şəkildə ictimailəşdirməyə ehtiyac duyub?
Öncə onu qeyd edək ki, Rusiya və İran arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqları elə bu məsələ ilk gündəmə gəldiyi vaxtlardan mövcuddur. Lakin heç vaxt bu iki ölkə arasında açıq ifadə olunan ziddiyyət kimi təzahür etməmişdi və tərəflər bu məsələnin reallaşma imkanını çox da yüksək qiymətləndirmədikləri üçün onu görməzdən gəlməyə çalışırdılar. İndi də dəyişən bir şey yoxdursa, o zaman İranın bu narahatlığı nə ilə bağlıdır?
Burada iki versiya xüsusi diqqət cəkir. Biri budur ki, görünür Putinin Bakı səfərindən sonra hətta Azərbaycan və Ermənistan arasındakı danışıqlarda sülh sazişi layihəsindən çıxarılan və unudulmuş, aktuallığını itirmiş kimi görünən Zəngəzur məsələsi ilə bağlı yeni gəlişmələr var . Ola bilsin ki, Putinin Azərbaycanı Zəngəzurla bağlı hərbi yola əl atmağa təhrik etməsi ilə bağlı Tehran hansısa məxfi məlumatları malikdir. Putin Bakıda olarkən Lavrovun “Paşinyan Zəngəzurla bağlı öz imzaladığı sənədi sobataj edir” deməsi, rusların Azərbaycan rəhbərliyi ilə bu məsələni ciddi şəkildə müzakirə etdiyini və Moskvanın öz iddasını həyata keçirməkdə israrlı olduğunu göstərir.
Digər versiya isə budur ki, İran hakimiyyəti bir tərəfdən Qərbə müsbət mesajlar verərək nüvə danışıqlarına geri dönmək istədiyini göstərir, digər tərəfdən də Zəngəzur məsələsini xüsusi qabardaraq Qərbə mesaj verir ki, onunla Rusiya arasında ciddi fikir ayrılıqları var. Nəzərə alsaq ki, Qərb Zəngəzur məsələsinə xüsusi həssaslıqla yanaşır və bunu Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək və sabitliyi pozmaq, Paşinyan hakimiyyətinə təzyiq göstərrmək planı kimi qəbul edir , o zaman İranın da bu məsələdə eyni mövqedən çıxış etdiyini göstərməklə Avropaya ilə münasibətləri daha da istiləşdirmək niyyətinin güdüldüyunü güman etmək olar.
Digər tərəfdən isə Rusiya ilə indiki hərbi əməkdaşlığın davam etməsi yeni Pezeşkian hakimiyyətinin Qərblə istədiyi dialoqu qurmasına maneə olur. Pezeşkian hələ seçki vaxtı Rusiya ilə münasibətlərə yenidən baxacağını bildirmişdi. Görünür indi, o, Moskva ilə ziddiyyətləri qabartmaqla daha məsafəli münasibətlərə keçməyi və Ukrayna məsələsində tədricən Rusiyanın yanından çəkilməyi planlaşdırır.
Hər halda qarşıdakı günlərdə bu məsələlərdə hansı versiyanın doğu olduğu aydın görünəcək.
Fuad Gahramanlı