Pezeşkianın üzərindən verilən mesajlar niyə dəyişdi ?
Dünən Rusiyaya səfər edən İran prezidenti Məsud Pezeşkianla Putin arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. 47 maddədən ibarət olan bu azişinin mətni hələ tam açıqlanmasa da, iki tərəf rəsmilərinin dediklərindən bu sənədin əsasən müdafiə və təhlükəsizlik, kommunikasiya sahələrində əməkdaşlığı ehtiva etdiyi aydın olur.
Rusiya Prezidenti Putin ötən ilin 19 iyunda Şimali Koreyaya ilə müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı yardım və işbirliyini nəzərdə tutan hərbi strateji əməkdaşlıq müqaviləsi imzaladıqdan sonra İranla da buna bənzər sənəd imzalamaq istəyini gizlətmirdi. Lakin o zaman Suriyada Bəşər Əsəd hakimiyyət üzərində nəzarətlə bağlı iki ölkə arasında yaranan ziddiyyətlər və İran dərin dövlətinin islahatçı şüarlarla prezident seçilən Məsud Pezeşkian üzərindən Qərblə dialoqa yönəlik mesajlar verməsi, Rusiyanın bu istəyinin ertələnməsinə səbəb olmuşdu. İran rəhbərliyi hesab edirdi ki, Ukrayna savaşına görə Qərblə qarşıdurma halında olan Rusiya ilə aralarındakı məsafəni artırsa, bu, Qərb tərəfindən müsbət dəyərləndirilərək 2018-ci ildə iflas etmiş nüvə anlaşmasına geri dönmək üçün müsbət zəmin yaradacaq.
Lakin İrana münasibətdə sərt xətt tərəfdarı olan Trampın yenidən prezident seçilməsi İranın bu gözləntilərini boşa çıxardı. Trampın qərarı ilə ABŞ 2016-cı ildə əldə olunmuş 6 tərəfli nüvə razılaşmasının sanksiyalar nəticəsində dağılmaqda olan İran iqtisadiyyatına nəfəs verdiyini və Tehrana dirçəlməsi üçün zaman qazandırdığını əsas gətirərək, 2018-ci ildə bu paktı tərk etmişdi. İndi də Trampın gəlişi İrana qarşı sanksiyaların daha da sərtləşdiriləcəyi qənaətini yaratdığı üçün Tehran da öz siyasi kursunu dəyişməyə qərar verdi. İndi Tehran dialoq əvəzinə qarşıdakı mərhələdə onu gözlənilən qarşıdurmaya hazırlaşmağa çalışır.
Rusiya ilə bağlanmış strateji tərəfdaşlıq sənədinə də bu yöndən baxmaq gərəkdir.
Pezeşkianın Putinlə imzaladığı müqaviləni İran baxımından gərəkli edən səbəblərdən biri də Fələstin və İsrail müharibəsi nəticəsində Qəzza, Livan və Suriya xətti boyu İranın dəstəklədiyi “HƏMAS” və “Hizbullah” təşkilatlarnın ciddi şəkildə zəifləyərək əməliyyat qabiliyyətlərini itirməsi, beləliklə də “müqavimət cəbhəsinin” çökməsi və Tehranın Suriyada üzləşdiyi strateji məğlubiyyət üzündən proksiləri ilə əlaqəsinin kəsilməsidir.
Bu gün İran üçün son əsas qala hesab olunan İraqda şiə lider Müqtəda Əl -Sədrin, istərsə də mərceyi-təqlid Sistaninin təsiri ilə Tehranın 200 minlik “Həşbi- Şadi” və buradakı şiə icması üzərindəki etkisi azalmaqdadır. Bu silahlı qrup Suriyada baş verənlərdən sonra Iranın düşmənləri ilə döyüşmək motivini və qabiliyyətini artıq xeyli dərəcədə itirmiş hesab olunur. Yəməndəki “Husilər” hərəkatı isə ABŞ-n anti-İŞİD koalisiyası tərəfindən davamlı bombardman edilərək əvvəlki hərbi gücünü itirib və indi İsraillə sülh razılaşmasna gedə biləcəyi ilə bağlı siqnallar verir.
Bu vəziyyətdə İranın proksi qüvvələrə dayalı ənənəvi təhlükəsizlik sistemi çökdüyü üçün Tehran indi İsraildən gələ biləcək hər hansı hərbi təhlükəni öz sərhədləri daxilində qarşılamalı olacağından çox narahatdır. Ona görə də İran öz təhlükəsizlik sistemində proksi qüvvələrin boşaldığı yeri indi Rusiya ilə müdafiə ittifaq qurmaqla doldurmağa çalışır.
Ancaq sanksiyalar İran iqtisadiyyatını elə bir vəziyyətə salıb ki, Tehran özü də çətin durumda olan Rusiya ilə müttəfiqliyin daha çox zahiri görüntü yaratdığını, ona real fayda gətirməyəcəyini yaxşı anlayır. Bəs o zaman İranın bu məsələdə marağı nədir?
Bu gün naçar vəziyyətdə qalan İran Rusiya ilə strateji müttəfiqilik razılaşmasına gedərək, əslində, Qərbə mesaj verir ki, sanksiyaların götürülməsi ilə bağlı dialoq mümkün olarsa, Tehran Pezeşkianın dili ilə ilk vaxtlar verilən vədə uyğun olaraq Rusiyadan uzaqlaşmağa hazırdır. Tehran gözəl anlayır ki, düşdüyü indiki ağır iqtisadi böhran şəraitində ona hec bir fayda verə bilməyəcək Rusiyanı Qərbə sata bilmək üçün, gərək ilk növbədə onunla “dost” olasan.
Bu gün İranda teokratik rejimin səmərəsiz idarəçiliyi, çox geniş yayılmış korrupsiya, azadlıqların boğulmasından yaranan kütləvi narazılıq, getdikcə kəskinləşən sosial problemlər və ağır sanksiyalar mövcud rejimin öz içindən çürüməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, hazırda İran cox ağır enerji böhranı keçirir. Dünyanın ikinci ən böyük qaz rezervinə sahib olan ölkə bu gün qonşusu Türkmənistandan qaz almağa başlayıb. Hazırda ölkə istifadə etdiyi elektrik enerjisinin 70%-ni qazdan istehsal edir. Qaz istehsalına yeni investisiyaların qoyulmaması və əksər avadanlıqların köhnəlib sıradan çıxması nəticəsində mövcud hasilat getdikcə artan tələbatı ödəyə bilmir. Nəticədə qaz daha çox istilik üçün istifadə edildiyindən, elektrik istehsal edən müəssisələr yanacaq çatışmazlığı üzündən ya tam gücü ilə işləyə bilmir, ya da ki, fəaliyyətini dayandırmalı olur. Hazırda İranda bir çox məktəblər istilik probleminə görə bağlanıb, dövlət orqanları isə saat 2-yə qədər işləyirlər.Ölkə ərazisinin 3/2-də elektrik enerjisi fasilələrlə verilir və 15 iri elektrik istehsal edən müəssisə qaz çatışmazlığı üzündən fəaliyyətini dayandırmalı olub. Bu vəziyyət hər gün iqtisadiyyata milyardlarla zərər vurur.
Belə bir vəziyyətin səbəblərindən birdə budur ki, ölkə iqtisadiyyatının qeyri enerji sektorunun ümumən 30%-i, əsas gəlir qaynağı sayılan neft və qaz sektorunun isə 40 %-i birbaşa SEPAH-n nəzarətindədir və olkənin milli gəlirləri rejimin güc strukturları tərəfindən mənimsənilir.
İran rəhbərliyi Suriyadakı məğlubiyyətdən və “müqavimət cəbhəsinin” çöküşündən sonra regional güc kimi zəiflədiyini yaxşı baş düşür. Bu geosiyasi məğlubiyyətdən sonra Qərblə əlverişli şərtlərlə dialoq imkanları aradan qalxmış kimi görünür. Tehran fərqindədir ki, Qərb investisiya və texnologiyaları olmadan indiki ağır böhran şəraitindən çıxa bilməyəcək . Ona görə də müxtəlif geosiyasi konfiqurasiyalarla Qərbi özü ilə yeni bir dialoqa maraqlandırmağa çalışır. Bütün bunlar nəzərə alaraq Rusiya ilə bağlanan strateji tərəfdaşlıq müqaviləsinə də bu kontekstdən baxmaq daha doğru olar .
Bütün bunlar İran rejiminin hazırda sistem tıxanıqlığı deyilən bir böhran içində olduğunu göstərir. Rusiya ilə ittifaq bu baxımdan həm İsraildən gözlənilən hərbi müdaxiləni ləngitmək , həm də lazım gələrsə Moskvadan vaz keçmək hesabına Qərblə dialoqa başlamaq üçün Tehrana gərəkdir.
Aşağı yuxarı eyni motivləri Rusiya ilə də bağlı demək olar. Suriyada bu iki ölkənin münasibətləri onların nə qədər dost ola bildiklərini göstərdi.
Fuad Gahramanlı