Fuad Gahramanlı: İran niyə Trampın şərtlərini qəbul etmədi ?
ABŞ-n İsrailə verdiyi yeni bombalar kim üçündür?
Dünyanın diqqəti Ukrayna savaşı ətrafında yaranan siyasi polemikalara yönəldiyi bir zamanda Orta Şərqdə yeni bir münaqişə ehtimalı hər gün daha da artmaqdadır. İsrail və İran arasında ötən il baş vermiş gərginlik nəinki sonlanmış deyil, əksinə Trampın hakimiyyətə gəlişi ilə tərəflər arasında həlledici döyüşün olacağı ehtimalı gündən günə artmaqdadır.
Bu ehtimalın çox real olması ilə bağlı ilk anonsu əslində Tramp özü bəyan etdi. Netenyahunun Vaşinqton səfərindən sonra , o, mətbuat nümayəndələrinə bildirdi ki, İran nüvə silahı yaratmaq planlarına son qoyacaq sazişə razı olacağı təqdirdə, heç bir bombalamaya da gərək qalmaz, məsələ sülh yolu ilə həll olunar. Trampın təklif etdiyi yeni nüvə anlaşması isə İranın uranın zənginləşdirilməsi ilə bağlı bütün fəaliyyətlərinə son verməsini, orta və uzaq mənzilli raket arsenalının beynəlxalq müşahidəçilərin nəzarəti altında məhv etməsini, bu raketlər üçün istifadə edilən qatı yanacaq istehsalını dayandırımağı nəzərdə tutur. Yalnız bu halda Irandan İsrailə gələ biləcək hər hansı təhdidin aradan qaldırılması mümkün sayılır.
Xatırladaq ki, Tramp prezident səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra, ilk işlərindən biri İsrailə 7,4 miyard dollar dəyərində silah verilməsini təsdiq etməsi oldu. Verilən bu silah-sursat içərisində 1800 ədəd 4 metr beton örtüyü dələ bilən NEB-84 bombaları da vardı. Bunlarla birgə ABŞ İsrailə 14 tonluq MOP (Massive Ordinance Penetrator) adlanan 60 metr beton, 40 metr qaya təbəqəsini dələ bilən, böyük dağıdıcı gücə malik bombalar da göndərib. Bu ağır bombaları cəkisinə görə yalnız hərbi yük təyyarələrindən atmaq mümkündür. Bu bombalar əvvəlcədən elə Şimali Koreya və İranın yeraltı nüvə obyektlərini məhv etmək üçün hazırlanıb. Onların ilk dəfə olaraq İsrailə verilməsi, artıq İsrailin İrana qarşı aviazərbələrlə hazırlaşdığını göstərir. Çünki İsrailin Qəzza əməliyyatı demək olar ki, başa çatıb və orada bomba atılası bir salamat bina belə qalmayıb.
İsrail İranın Orta Şərqdəki proksi qüvvələrini sıradan çıxardıqdan və Suriya üzərindən onlarla quru əlaqəsini kəsdikdən sonra, öz hücum əməliyyatlarını indi daha təhlükəsiz həyata keçirə bilər. Bu şəraitdə İranın yeraltı nüvə mərkəzlərinə yönələcək hər hansı hücuma qarşısında İsraili və Amerikanın regiondakı hərbi birləşmələrini təhdid edəcək, geniş miqyaslı əks zərbələr vurmaq imkanları qalmayıb. Digər tərəfdən isə İsrailin ötən ilin aprelində İranın raket hücumlarına cavab olaraq 130 -a qədər F- 35 təyyarəsi ilə həyata keçirdiyi əməliyyat zamanı İranın 4 ədəd S-300 batereyasının və digər HHM sistemlərinin sıradan çıxarıldığı bildirilir. İsraildə hesab edirlər ki, ABŞ-da Netenyahunun şərt xəttini dəstəkləyən Trampın hakimiyyətdə olması, İranın Şərqdəki proksi qüvvələrinin sıradan çıxarılması və HHM sistemlərinin məhv edilməsi Tehranla həlledici strateji hesablaşma üçün ideal şərtlər yaradıb. Bu baxımdan gözləmək olar ki, Fordo və Natanzas nüvə mərkəzləri də daxil olmaqla, İranın əsas hərbi strateji obyektlərinə qarşı geniş miqyaslı hərbi əməliyyatların başlanması bir an məsələsidir. Münhen Təhlükəsizlik Konfransında da İranın uranı 60 faiz zənginləşdirdiyi barədə səslənən məlumatlar, artıq kritik zaman həddinin keçildiyini və nüvə silahı əldə etmək üçün gərəkli miqdarda materialın əldə edilməsinin yaxın olduğunu göstərməkdədir.
İranın bu məsələlərə reaksiyasına gəldikdə isə, ölkənin Ali dini rəhbəri Xamenei bildirib ki, Trampın təklif etdiyi şərtləri qəbul etmək mümkün deyil və bu onun ölkəsi üçün bir şərəf məsələsidir. Onun bu sərt etirazından sonra SEPAH Xameneiyə məktub yazaraq nüvə silahı yaratmağı qadağan edən fətvasını qaldırmağı istəyib. Bu reaksiyalardan görünür ki, İran Trampın təklifini qəbul edilməsini mümkün saymır və nüvə silahı yaratmaq istəyindən vaz keçmək niyyətində deyil. Hətta islahat və Qərblə dialoq tərəfdari olan Pezeşkian bu günlərdə ABŞ- n mövqeyinə münasibət bildirərkən Azərbaycan türkcəsində iki xalq məsəlini xatırladaraq deyib ki, “Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni”, “Yatma çaqqal kölgəsində, qoy yesin aslanlarlar səni””. Bununla da o əslində tərəflər arasında dialoq imkanlarının tukəndiyini, işlərin ağır nəticələrə doğru getdiyini nəzərə çatdırıb.
Bu gün İrandakı muhafizəkar radikal qüvvələr hesab edirlər ki, ABŞ- n şərtlərini qəbul etmək İran hakimiyyətinin onsuz ciddi səkildə zəifləmiş olan-qalan harizmasını da məhv edərək, onun istinad etdiyi dəyərləri və təbliğat tezislərini tamamilə dəyərdən sala, anlamsızlaşdıra bilər. İranın İsrailin Qəzzaya hücumları və və öz proksi qüvvələrinin məhvi qarşılıgında heç bir ciddi çəkindirici addım ata bilməməsi və Suriyadakı strateji məğlubiyyəti, bu mühafizəkar qüvvələrdə çox dərin pərtlik yaradıb və artıq onlar geriyə heç bir yollarının qalmadığını düşünürlər. Onlar hesab edirlər ki, əgər bundan sonra da Trampın irəli sürdüyü ağır şərtləri qəbul edərlərsə, bu zaman öz dəyərlərini qoruya bilmədiyi üçün mənən sarsılmış, gücsüzləşmiş rejim kəskin və dərin sosial ziddiyyətlərin,. mərkəzdən qaçma istiqamətində olan etnik narazılıqların qarşısında öz varlığını çətin ki, qoruyub saxlaya bilsin. Ona görə də, İran hakimiyyəti də iki pisdən biri kimi xarici qarşıdurma xəttini seçməklə , həm də öz ətrafında cəmiyyətin həmrəyliyini yaratmağa çalışır.
Fuad Gahramanlı
Share this content:



Yorum gönder