KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanlı: İran İsraili vura bilərmi ?

Fuad Gahramanlı: İran İsraili vura bilərmi ?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
29 0

İran bir yol tapıb vəziyyətdən çıxmaq istəyir.

Dünən axşam saatlarında Hizbullahın İsrailə 50 – ə yaxın raket atması bir anda dünya gündəminin əsas məsələsinə çevrildi. Adi vaxtlarda bu hadisəyə belə böyük diqqət olmaz, sıradan bir məsələ kimi yanaşılardı. Ancaq İran rəhbərliyinin və mediasının günlərdir ki, İsrailin cəzalandırılacağı ilə bağlı hədə- qorxu rüzgarları əsdirdiyi bir vaxtda ilk ağla gələn bu oldu ki, Hizbullahın raket atması gözlənilən hücumun başlanğıcıdırmı?

Hizbullahdan verilən açıqlamada hücumun Livanın cənubuna İsrail tərəfindən endirilən zərbələrə cavab olduğu bildirildi. Ona görə də raket atışı ilə İsrailin Colan təpəliklərinə yaxın ərazilərdəki artilleriya birlikləri hədəf alınmışdı. Lakin gözlənildiyi kimi İsrailin “Dəmir Qalxan” hava hücumundan müdafiə sistemləri bu dəfə də atılan raketlərin əksəriyyətini zərərsizləsdirmiş oldu.

Əvvəlcə onu qeyd edək ki, İsrailə hücum ediləcəyi təqdirdə bunun qarşılığında verilə biləcək cavabı nəzərə alan İran rəhbərliyi günlərdir bu addımı atmaqdan yayınır. Və bu üzdən də günlər keçdikcə İran rəhbərliyinin sərt açıqlamaları öz ciddiyətini itirməkdədir . Hətta Iranın Ali Dini lideri Xameneinin etdiyi ənənəvi çıxış zamanı əlində tüfəng tutması bir təhdid mesajı olmaqdan daha çox ironik reaksiya ilə qarşılandı. Xameneinin müsaviri Yəhya Rəhim Səfəvi isə İranın mövqeyini gülüs doğuracaq qeyri-ciddi şəkildə salaraq bildirib ki, biz bu neçə gün ərzində “İsraili hücum edəcəyimizlə bağlı bərk qorxutduq və bu özü elə bir cavabdır.”

Digər tərəfdən isə İranın raket texnologiyaları haqqında hay küylü təbliğat kompaniyasına baxmayaraq Tehranın öz ərazisindən İsrailə birbaşa hücum etmək imkanları real deyil. Bu gün İran ordusunun istifadəsində üç uzaq mənzilli raket modifikasiyası mövcuddur. Bunlar 2000 km uçuş məsafəsi olan “Şahab 3” , 2000 km məsafəni vura bilən “Sicil” və 2500 km məsafəyə qədər zərbə vura bilən ballistik “Sümmar” raketləridir. Bu raketlərin uçuş məsafəsi böyük olsa da onlar ağıllı döyüş başlığı ilə təhciz olunmayıblar və ona görə də hədəfi 2 və ya 2,5 km radius ətrafında yayınma ilə vura bilirlər. Ancaq bu günkü müasir raketlərin hədəfdən mümkün kənarlaşma məsafəsində xəta payı 15-20 metr götrülür. Bu baxımdan İran raketləri effektiv dəqiq hücum silahları hesab olunmur .

Digər tərəfdən isə İsrail’in hava müdafiə sistemi 3 qatlı müdafiəyə əsaslanır. Birinci qat “Dəmir Qalxan” əsasən çox qısa mənzilli raketləri, dronları zərərsizləşdirmək üçün nəzərdə tutulub və 95 % -dən yuxarı səmərə göstərir . İkinci qat isə “Arrov 2 ” və “David Slinq” əsasən yaxın və orta mənzilli raket və dronları zərərsizləşdirmək üçün nəzərdə tutulub . Bu sistemlər Suriyanın inventarında olan “Xeybar-1” 302 mm-lik raketlərdən və Hizbullahın istifadə etdiyi İran istehsalı olan Fatih-110 və Scud-B raketlərindən qorunmağı təmin edir.
Ən üst səviyyədə isə “Arrov 3” müdafiə sistemləri yer alır ki, onların yaradılmasına ABŞ- la birgə 3,5 milyard dollar investisiya qoyulub . “Arrov-3” HHM -sisteminin əks zərbə raketi 2400 km uçuş məsafəsində sahibdir və əsasən ballistik raketləri vurmaq üçün nəzərdə tutulub. Bu raketlər düşmənin ballistik raketini atmosfer qatının ustündə və ya ölkə sərhədlərindən çox uzaqda zərərsizləşdirmək imkanlarına sahibdir.

Bundan əlavə ABŞ-nın ətraf ərazilərdə qurduğu THAAD HHM sistemi də İsraili havadan qoruyur. Bir müddət öncə Yəmən Husilərinin İsrailə atdıqları raketlər də bu sistemlər tərəfindən vurulmuşdu . Regionda 6 ərəb ölkəsində ABŞ-n “Patriot” sistemləri mövcuddur. Eyni zamanda Türkiyənin Malatya bölgəsində Kürəcik deyilən ərazidə bütün İran ərazisini nəzarətdə saxlayan radar sistemi var . Bu radar sistemi İran ərazisindən havaya qalxan istənilən drondan tutmuş ballistik raketə qədər öncədən xəbər tutmağa imkan verir. Bu mərkəz isə birbaşa Pentaqona tabedir.
Bütün bunlar onu göstərir ki, İran öz ərazisindən istəsə belə İsrailə raketlərlə zərbə vurmaq imkanlarına sahib deyil. Ancaq məsələ burasındadır ki, İran rəhbərliyi də anlayır ki, öz prestijni qurtarmaq, aşağılanmış dövlət avtoritetini qorumaq üçün belə bir niyyətə düsüb öz ərazisindən hansısa hücum cəhdi etsə, bu çox ağır nəticələrlə səbəb ola bilər.Bu nəticələrin təhlili isə ayrıca bir yazı mövzusudur.
Ona görə də ola bilsin ki, İran İsrailin xarici ölkələrdəki diplomatik korpuslarından birinə terror təşkil edərək və bunu ölkə daxili ictima rəyə qisas əməliyyatı kimi təqdim göstərərək vəziyyətdən çıxmağa çalışacaq.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir