Səfirliyə terrordan sonra növbəti təxribat.
,Martin 11-də İrana məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədini pozaraq Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb.
Azərbaycan XN bununla bağlı İrana nota verib.
Azərbaycan səfirliyinə qarşı İran xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş silahlı hücumdan sonra, bu hadisə ölkəmizin suverenliyininə qarşı növbəti hədə cəhdidir.
Hərbi təyyarənin dövlət sərhədinimiz boyu uçması açıq aşkar güc tətbiq etmək yolu ilə Azərbaycan dövlətini hədələmək məqsədi güdür.
ABŞ və İsrail arasında hərbi məsləhətləşmələrin artması və İrana qarşı hərbi əməliyyat planının hazırlanması barədə yayılan məlumatlar, Tehrannın narahatlığını getdikcə artırmaqdadır. İran Azərbaycanı regionda İsrailin əsas tərəfdaşı qismində görməkdədir və Tehran dəfələrlə Azərbaycan – İsrail əməkdaşlığını özü üçün təhlükə saydığını bildirib.
Ötən il SEPAH – n Araz çayı boyunca keçirdiyi hərbi təlimlərlə İran Azərbaycana açıq şəkildə mesaj verdi ki, əgər, beynəlxalq koalisiya ona qarşı hərbi əməliyyatlara başlayarsa, Tehran Azərbaycanı özü üçün hərbi hədəfə çevirəcək. İndi də İran bu günkü hadisə ilə növbəti dəfə Azərbaycan üzərindən İsrail və ABŞ – a mesaj verir ki, ona hava zərbələri endiriləcəyi təqdirdə, Tehranın özünü müdafiə strategiyasına həm də regional müharibələr başlamaq planı daxildir. Bu baxımdan Azərbaycanın hədəf seçilməsi İsrailin regiondakı müttəfiqini cəzalandırmaq və Qərbin enerji maraqlarına zərbə vurmaq məqsədi güdür. Güman ki, Türkiyədə baş verən zəlzələ də İranı Azərbaycana qarşı belə avantürist hədəyə əl atmağa həvəsləndirib.
Fuad Gahramanlı