Almaniya kanslerliyinə namizəd Putinə 24 saat vaxt verəcəyini bildirib.
İngiltərə və Fransa Putini məğlub etmək üçün Trampla danışacaqlar.
Almaniyada hökumət böhranı yeni seçkiləri qaçılmaz edib. Kansler Şoltsun Ukraynaya yardım və hökumətin maliyyə öhdəliklərini yerinə yetirmək üçün daxili borclanmaya getmək siyasətinə etiraz edən maliyyə naziri Kristian Linderi istefaya göndərməsindən sonra yeni seçkilərin keçirilməsi aktuallaşıb. Linder həmçinin növbədənkənar seçkilərin keçirilməsini təklif edib, ancaq kansler Şolts bu təklifi qəbul etməyərək onu istefaya göndərib. Azad Demokratlar partiyası lideri Linderlə bərabər Ədliyyə naziri Marko Buşman və təhsil-tədqiqatlar üzrə nazir Bettina Stark- Vazginer də istefa veriblər. Hazırda Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Azad Demokrat Partiyasından (FDP) ibarət üçlü koalisiya bölünmüş durumdadır və bu şəraitdə hökumət böhranı yeni seçkiləri qaçılmaz edib.
Dekabrın 25-də kansler Şoltsun təşəbbüsü ilə Bundestaqda hazırkı hökumətə etimad səs verməsi keçiriləcək. Olaf Şoltsun rəhbərlik etdiyi hökumətin bu istefalar fonunda parlamentdə etimad səsi alması çox az ehtimal olunur. Prezident Ştanmayer isə bildirib ki, o, yeni seçkilər keçirmək barədə qərar verməyə hazırlaşır. Güman ki, martın 20-dən gec olmayaraq Almaniyada yeni seçkilər keçiriləcək.
Ən yeni seçkilər baş tutarsa o zaman Xristian Demokratik Birlik partiyasının lideri Fridrix Merzin Xristian Demokratik platformasında birləşmiş partiyalar tərəfindən kanslerliyə vahid namizəd olacaq. Ən maraqlısı odur ki, Merz dünən parlamentdə çıxışında bildirib ki, o kansler olarsa Putinə Ukraynadan çixmaq üçün 24 saat vaxt verəcək. Əgər, o, bunu etməzssə o zaman Almaniyanın 500 km vuran “Taurus” raketlərini Kiyevə verəcək və onlarla Rusiyanın istənilən ərazisinə zərbə endirməyə razılıq verəcək. Merzin bu çıxışı onu göstərir ki, Trampın gəlişindən sonra Avropada nəinki Ukraynanın müdafiəsi ilə bağlı hər hansı tərəddüd yaranmayıb, əksinə, müxalifət seçkiləri qazanacağı təqdirdə indiki hökumətin siyasətindən daha qətiyyətli bir mövqe ortaya çıxa bilər.
Almaniyanın hazırkı müdafiə naziri Boris Pistorius isə bildirib ki, Bayden hakimiyyəti dönəmində Ukrayna NATO-ya daxil olmazsa və öz ərazilərini tam azad etməzsə bu Avropanın təhlükəsizliyini pozar və daimi konflikt riski yaradar. Onun bu çıxışı fonunda başqa maraqlı bir gəlişmə isə budur ki, Fransa prezidenti Makron və İngiltərə bas naziri Key Starmer birlikdə Trampın Ukrayna məsələsində onlarla vahid mövqedən çıxış etməyə inandırmaq üçün təşəbbüs edəcəklər. Bu barədə məlumatı İngiltərənin “Teleqraf” nəşri yayıb.
Ötən yazılarda Trampın Ukrayna məsələsində mövqeyinin əslində gözlənilənlərin əksinə olaraq daha qətiyyətli olacağı ilə bağlı fikirlərimizi paylaşmışdıq. İndi isə aydın görünür ki, onun hakimiyyətə gəlişindən sonra Avropa da nəinki hər hansı tərəddüd yaranmayıb, əksinə daha cəsarətli və qəti mövqelər ifadə olunmaqdadır. Bu baxımdan xatırlatmaq yerinə düşər ki, iki gün öncə Kiyevə səfər edən AB xarici siyasət komissarı Jozef Borel təmsil etdiyi qurumun adindan Ukraynaya yardımların davam etdiriləcəyini bildirib. Belə görünür ki, qarşıdakı dövrdə Avropa Trampın xüsusiyyətlərini nəzərə alaraq daha qəti mövqe seçməklə Rusiya və Ukrayna məsələsində onunla ayaqlaşmağa çalışacaq.
Fuad Gahramanlı