Zelenski nədən dərhal Londona çağrıldı?
Strateji dönüs: İngiltərə Türkiyəni Avropa təhlükəsizlik sisteminə daxil edir.
Zelenskinin ABŞ-dakı məlum olaydan sonra İngiltərəyə gəlişi, aydındır ki, onun öz təşəbbüsü ilə baş tutan səfər sayıla bilməz. Həmin gərgin məqamda özü də ABŞ-dan yenicə dönmüş Starmerin Zelenskini dərhal Londona dəvət etməsi, Ağ Evdə baş verənlərdən sonra Ukraynanın dəstəksiz, ortada qalmadığını göstərmək məqsədi ilə verilmiş bir qərar sayıla bilər.
İngiltərə baş naziri Starmer qarşılanma mərasimi zamanı protokoldan kənara çıxaraq, Zelenskinin qarşısına yeriyib onu qucaqlamaqla, Oval ofisdə baş verən xoşagəlməz mənzərənin əksi olan çox hərarətli bir münasibət nümayiş etdirdi. Bu cür qarşılama, təkcə Zelenskiyə münasibəti deyil, həm də Trampın davranışlarına Britaniyanın reaksiyasını da göstərmək məqsədi daşıyırdı. Belə bir isti qarşılama jesti, həm də köklü diplomatiya ənənələri olan İngiltərənin bundan sonra Ukrayna məsələsinə sahiblənəcəyi, əsas ağırlığı öz üzərinə götürəcəyi mesajı kimi də qəbul edilə bilər.
Xatırladaq ki, otən ilin yanvarın 16-da Britaniya ilə Ukrayna arasında müdafiə və təhlükəsizlik basda olmaqla,bir çox sahələrdə strateji əməkdaşlığı nəzərdə tutan 100 illik saziş imzalanin. Bu sazişə əsasən Ukrayna NATO-ya daxil olana qədər İngiltərə onun müdafiə imkanlarının artırılmasına dəstək verəcək.
Starmerin qəbulda Zelenskiyə xitabən “İngiltərə savaşın sonuna qədər sizi dəstəkləyəcək” deməsi, onu göstərir ki, indiyə qədər ABŞ-n Ukrayna məsələsində oynadığı rolu bundan sonra İngiltərə öz üzərinə götürür. Görüşdə Ag Evdə baş verənlərin ayrıca müzakirə edilməsi, İngiltərənin bu hadisədən rahatsız olduğunu və Zelenskinin simasında azadlıq mübarizəsi aparan xalqa qarşı həqarətli münasibəti qəbul etmədiyini, buna qarşı olduğunu açıq şəkildə göstərdi. Starmerlə görüşdə Ukraynaya 3,3 miyard dollar dəyərində hərbi yardım müqaviləsinin imzalanması, başverənlərdən sonra Ukrayna üçün mühüm dəstək oldu.
Zelenskinin həm də İngiltərə kralı III Çarlza görüşə dəvət edilməsi, Londonun Ukrayna liderinə ayrıcalıq tanıyan xüsusi ehtiramını, necə yüksək dəyər verdiyini göstərir. Britaniya Ag Evdə olanlardan sonra, bu jestlə Zelenskinin ən yüksək ehtirama layiq olduğu mesajını verir.
Aydındır ki, İngiltərənin hərbi və iqtisadi imkanları ABŞ-la eyni səviyyədə deyil . Ancaq Londonun liderlik təşəbbüsü, Ukrayna məsələsində əksər Avropa dövlətlərinin də bu prosesə fəal şəkildə cəlb edilməsi üçün bir imkan yaradır. Bu baxımdan çox operativ şəkildə bu gün 10-dan artıq Avropa dövlətinin Londonda Ukrayna məsələsi ilə bağlı sammitinin keçirilməsi, İngiltərənin liderliyi ilə Avropanın kollektiv iradəsini və əzmini ortaya qoyir. Bu Zelenskinin və Ukrayna xalqının Rusiya qarşısında tək olmadığını göstərən mühüm strateji addim hesab olunur.
Bu gün Londonda keçirilən tədbir, artıq ABŞ-n iştirakı olmadan Avropanın müstəqil şəkildə yeni bir təhlükəsizlik arxitekturası inşa etməyə hazırlaşdığını da göstərir. Ukraynanın rus işğalına qarşı müdafiə olunması isə Avropanın təhlükəsizlik arxitekturasının təməlini təşkil etdiyi üçün, bu toplantıda ABŞ-sız Kiyevin hərbi və iqtisadi baxımdan dəstəklənməsi, müdafiə imkanlarının artırılması əsas müzakirə mövzusu olacaq. Martın 6-da isə Brüsseldə AB- nin ayrıca toplantısını keçirilməsi nəzərdə tutulur.
Ən maraqlı cəhətlərdən biri də budur ki, Parisdəki toplantılardan fərqli olaraq, məhz İngiltərənin təşəbbüsü ilə ilk dəfə Türkiyə də Avropanın təhlükəsizliyi ilə bağlı keçirilən mühüm müzakirəyə dəvət olunur. Bu artıq Türkiyənin Avropa təhlükəsizlik sisteminə, ardınca da AB-yə inteqrasiya yolunun açılması deməkdir. Avropanın indi güclü Türkiyə ordusuna böyük ehtiyacı var. Öz növbəsində Türkiyə də öz iqtisadi inkişaf imkanlarını artırmaq üçün AB-yə inteqarasiyada çox maraqlıdır.
Transatlantik təhlükəsizlik sistemində çat yaranmasından sonra, İngiltərənin Avropanın təhlükəsizlik çətirinin yaradılmasında dayanıqlı liderliyi və qlobal güc rəqabətində Asiyadakı geostrateji məqsədlərini reallaşdıra bilməsi üçün, Türkiyəyə ilə müttəfiqliyə böyük ehtiyacı var. Artıq qlobal Britaniya layihəsində Türkiyə vazkeçilməz strateji tərəfdaşa çevrilir. Bu baxımdan biz bundan sonrakı proseslərdə İngiltərə və Ankara yaxınlaşmasını daha çox görəcəyik. Böyük ehtimalla qarşıdaki dönəmdə Ukrayna da daxili olmaqla Rusiyanın hakim olmaq istədiyi regionlarda İngiltərə Türkiyə ittifaqının Moskvaya qarşı geosiyasi rəqabətini daha da artdığını müşahidə edəcəyik.
Fuad Gahramanlı