Azərbaycan geosiyasi seçim tələbi qarşısında.
Ukrayna Rusiya gərginliyindən kənar durmağa çalışan Azərbaycan rəhbərliyi Rusiyanın yanında olsa da, Qərbin qarşısında görünməməyə çalışır. Belə bir mövqe bu gün üçün açıq tərəf kimi görünməkdən yayınmağa imkan verir. Ancaq gərginlik artarsa və qarşı duran tərəflərdən hər hansı biri açıq mövqe tələb edərsə, bu halda yayınmaq cəhdi mümkün olmayacaq.
Bu gün Qərbin ən çox ehtiyyat etdiyi məsələ Rusiyanın Avropanın qazla təhdid etməsidir. Öz qaz ehtiyacıının 40 faizini Rusiyadan təmin edən Almaniyanın Ukrayna məsələsində birmənalı mövqe ortaya qoya bilməməsi, məhz rus qazından asılılıqla bağlıdır. Buna görə də, ABŞ təcili olaraq Qətərlə sıxılmış qazın Avropaya daşınması barədə danışıqlara başlayıb. Eyni zamanda AB nümayəndə heyətinin bu günlərdə Azərbaycana səfər edəcəyi və Avropaya qaz ixracı məsələsinin danışaılacağı bildirilir.
AB – nin Azərbaycanla aparacağı danışıqların məqsədi müharibə başlayarsa Rusiyanın Avropaya qaz nəqlini dayandracağı təqdirdə, Azərbaycanın qaz ixracını kəsməyəcəyinə dair təminat almaqdır. Avropalılara belə bir təminat vermək, artıq Rusiya əleyhinə geosiyasi seçim deməkdir. Azərbaycan rəhbərliyi müharibə olmayacağını və bu üzdən də Rusiya qazının kəsilməyəcəyini güman edərək , AB – yə bununla bağlı təminat verə bilər. O biri tərəfdən də Rusiyaya çatdırılar ki, narahatlığa əsas yoxdur, müharibə olarsa Moskvanın tələbləri də nəzərə alınacaq. Bu yanaşma ancaq müharibə olmayacağı durumda balansı saxlamağa imkan verə bilər.
Bəs müharibə baş verərsə? İlham Əliyevin bu yaxınlarda Ukraynaya səfərindən sonra Zelenskinin “Müharibə ehtimalını Qərb şişirdir” deməsi, bu səfərin Putinin təşəbbüsü ilə olduğunu deməyə əsas verir. Görünür ki, məhz Azərbaycan Ukrayna münasibətlərindəki yaxınıq nəzərə alınaraq, Putin İlham Əliyevin vasitəsi ilə Zelenskiyə müharibə etmək istəmədiyini çatdırıb. Yoxsa Zelenski durub- durukən indiki gərgin məqamda nəyə görə Qərbin Rusiya ilə bağlı mövqeyinə zidd olan bu açıqlamanı versin ki? Onun bu açıqlaması Rusiyanın maraqlarına uyğun olub, ABŞ-ın beynəlxalq səviyyədə böyük zəhmət hesabına təşkil etdiyi Ukrayna ilə həmrəylik kampaniyasına açıq aşkar ziddir. Ona görə də ehtimal etmək olar ki, Putin İlham Əliyev vasitəsi ilə Zelenskiyə çatdırıb ki, Rusiyanın davası Ukrayna ilə deyil, Qərblədir. Sadəcə Rusiya NATO – nun genişlənməsini dayandırmaq üçün Ukraynaya hücum kartından istifadə edir.
Ancaq kim deyə bilər ki, Putin İlham Əliyev vasitəsilə ilə Ukrayna rəhbərliyini aldatmağa çalışmır. Putinin Ukraynaya hərbi müdaxilə qərarı verməyəcəyinə dair nə İlham Əliyevin, nə də ki, Zelenskinin əlində heç bir təminat yoxdur. Əksinə, bu qarşı tərəfi arxayınlaşdırıb hazırlıqsız yaxalamaq üçün aldadıcı bir gediş də ola bilər. NATO-nun məlum cavabından sonra Rusiyanın Ukraynaya ilə sərhhəddə qoşun cəmləməsini davam etdirməsi, müharibə riskinin hələ də real olduğunu deməyə əsas verir.
Bir nüansı da unutmaq olmaz. Ukrayna böhranında Azərbaycan rəhbərliyinin heç bir qərarı, ölkəni geosiyasi seçim etməkdən kənarda qoya bilməz. Müharibə olarsa, Rusiyaya qarşı sərt sanksiyalar və Avropanın enerji təhlükəsizliyi məsələsində aydın möqe tutmaq tələb olunacaq. Azərbaycanın ən yaxın müttəfiqi Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun “NATO qərarı nə olacaqsa, ona da uyum saxlayacağıq” deməsi, onu göstərir ki, bu halda Azərbaycan mütləq bu reallığı nəzərə almalı və geosiyasi seçim qərarı verməli olacaq. Yox, əgər Putin Ukraynaya doğurdan da müdaxilə etməkdən vaz keçəcəksə, o zaman NATO-nun genişlənməsi və postsovet məkanında Rusiyamın öz içərilərinə sıxışdırılması davaam edəcək. Bu halda da Azərbaycanın qarşısında yenə də genişlənən NATO, AB və Rusiya seçimi qoyulacaq. Unutmaq lazım deyil ki, Ukrayna böhranı təkcə Avropanın təhlükəsizliyi məsələsi deyil, bu həm də geosiyasi rəqabət prosesidir.
Fuad Gahramanli