Şimdi yükleniyor

Fuad Gahramanlı: İki generalı öldürülən İran İsrailə cavab verəcəkmi?

Fuad gahramanlı

İranlı deputat Bakını vurmağa çağırış etdi .

Ötən gün İsrailin İranın Dəməşq şəhərindəki konsulluğuna endirdiyi raket zərbəsi nəticəsində Qüds qüvvələrinin Suriya və Livan üzrə komandanı Məhəmməd Rza Zahidi də daxil olmaqla iki general və beş yüksək rütbəli zabit həyatını itirib. Anlıq kəşfiyyat məlumatı ilə konsulluq binasında Zahidinin iştirakı ilə hərbi müşavirə keçirildiyini bilən İsrail F-35 təyyarəsindən nöqtə atışı ilə endirilən raket zərbəsi ilə binanı hədəf alıb. Zahidi İranın Orta Şərqdəki hərbi planlarında ABŞ tərəfindən öldürülən Qasım Süleymanidən sonra ən təsirli general hesab olunurdu. O, yeganə şəxs idi ki, İran generalı ola -ola həm də Livan “Hizbullah”-nın mərkəzi idarə heyyətinin rəsmi olaraq üzvü idi.
Bu hadisə ilə ilk dəfədir ki, beynəlxalq hüquqla toxunulmaz hesab olunan bir ölkənin diplomatik korpus binası başqa bir dövlət tərəfindən zərbə hədəfinə çevrilib. Artıq demək olar ki, İran və Təl-Əviv arasında gərginlik qaydasız döyüş müstəvisinə keçib və bu digər ölkələr ərazisində növbəti bənzər toqquşmaların olacağını istisna etmir.

Bu baş verən hadisə həm də İranın Orta Şərqdəki nüfuzuna endirilən ağır zərbə hesab olunur. Çünki səfirlik binası aid olduğu ölkənin ərazisi hesab olunur və İsrailin zərbəsi bu baxımdan İranın sərhədlərinin pozulması anlamına da gəlir. İndi bütün nəzərlər İranın bu saldırıya necə cavab verəcəyinə yönəlib. İran bu hücuma cavab verməzsə , bu, onun Orta Şərqdəki proksi qüvvələri şəbəkəsi üzərindəki avtoritetinə, nüfuzuna mənfi təsir göstərərək Tehranın prestijni sarsıdar. Ona görə də hadisədən dərhal sonra İran xarici işlər naziri Abdullahyan İsrailin bu hücumana yeri və vaxt gəldikdə mütləq cavab veriləcəyi barədə bəyanat səsləndirib . Ancaq biz dəfələrlə görmüşük ki, İranın ABŞ və İsrail tərəfindən məruz qaldığı zərbələrə reaksiyası içi boş hədələyici bəyanatlardan o tərəfə getmir və daha çox daxili ictima rəyi sakitləşdirməyə hesablanır.

Maraqlıdır ki, İran parlamentinin üzvü Cəlal Rəşidi Dəməşqdə baş verən hücuma görə İsrailin Azərbaycandakı səfirliyinə raket zərbəsi endirməyi tələb edib .Bu məsuliyyətsiz və avantürist çağırışa hələ ki, Azərbaycan öz rəsmi münasibətini açıqlamayıb. Biz dəqiq bilmirik ki, Cəlal Rəşidinin bu bəyanatı onun öz şəxsi fikridir, yoxsa Tehranda müzakirə olunan cavab reaksiyasılarının bir variantını təşkil edir. Əgər İran rəhbərliyi belə bir avantürist qərarı mümkün sayarsa , o zaman, bu , təkcə İsrailə deyil, həm də Azərbaycana qarşı yönəlmiş terror saldırısına səbəb olar və iki ölkənin yenicə bərpa olunmuş münasibətlərinə sarsdıcı zərbə vurar.

Ancaq İsraildə Netanyahu hakimiyyətinin Qəzzadakı hərbi əməliyyatları genişləndirərək İranla bağlı çoxdan planlaşdırılan məsələni həll etmək istəyinə rəğmən İranın çalışır ki, İsrail və ABŞ -la hərbi sürtüşmələri proksi qüvvələri üzərindən aparsın və birbaşa savaşa girməsin . Çünki Tehran yaxşı bilir ki, müharibəyə cəlb olunarsa, bu, hərbi məğlubiyyətlə bərabər hakim rejimin sonunu da gətirə bilər. Onu da qeyd edək ki, bu gün regionda yeni bir savaşın alovlanmasının qarşısını kəsən əsas amil məhz ABŞ -n İsrail və Iran arasındakı mümkün müharibəyə qarşı olmasıdır.

Ancaq diqqət edilməsi gərəkən bir məsələ da var ki, bu da İran hərbi siyasi elitasında gərginliklərdən bəslənən radikal addım tərəfdarlarının kifayət qədər təsirli olmasıdır. Qasım Süleymaninin ölümünün ildönümündə törədilən terrora görə Pakistana dron saldırısı gerçəkləşdirən Tehran, bu cür avantürist qərarı Azərbaycanla da bağlı verə bilər . Bu baxımdan Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını xatırlamaq yerinə düşər. Ona görə də Azərbaycan hakimiyyəti çalışmalıdır ki, İsrail və Iran arasında artan hərbi gərginliyə görə bizim ölkəmiz hər hansı bədəl ödəməsin.
Ötən ilin əvvələrində İran tərəfindən Azərbaycan təhdid olunanda, o zaman ABŞ dövlət katibi Blinken bununla bağlı bəyanat verərək mümkün hərbi təhlükəyə qarşısında ölkəmizə dəstək nümayiş etdirmişdi. İndi də İrandan ölkəmizə qarşı təhlükəli bəyanatların səsləndirildiyi bir vaxtda nəzərə almaq lazımdır ki, Qərblə münasibətlərin yaxşı olması həm də ölkəmiz üçün ən vacib təhlükəsizlik təminatıdır.
Fuad Gahramanlı

Yorum gönder