Naxçıvan və Qərbi Azərbaycan klanı revanş götürə bilərmi
Hakimiyyət daxilində imtiyaz və gəlir mənbələrinə nəzarət üzündən klanlar arası münasibətlər bir qayda olaraq həmişə gərgin olub. Bu gün isə ənənəvi vəziyyət dəyişib və klanlar arası rəqabət demək olar ki, hiss olunmur. İndi hakimiyyətdə bütün sahələr və qərarların verilməsi ixtiyarı yalnız bir klana – Paşayevlərə aiddir. Bu imkan birdən- birə deyil, uzun illərin gərgin mübarizəsi nəticəsində əldə olunub. Paşayevlər əvvəlcə biznes sektorundan başlayaraq sonra da siyasi hakimiyyətədə Qərbi Azərbaycan və Naxçıvan klanlarının əsas liderlərini sıradan çıxartdıqdan sonra, ayrı – ayrı hakimiyyət strukturlarında kütləvi təmizləmə əməliyyatları həyata keçirməklə nəzarəti tədricən ələ almağa başladılar. Beləcə boşaldılan yerlərə Paşayevlər klanına bağlı şəxslər yerləşdirilərək, bütün hakimiyyət strukturları boyu yuxarıdan aşağıya doğru kök atma prosesi həyata keçrildi.
Vaxtı ilə Heydər Əliyevin dönəmindən başlayaraq özünü hakimiyyətin dayağı və sahibi hiss edən Naxçıvan və Ermənistan klanı bu gün tamamilə dağıdılmış və ənənəvi bağlarını itirmiş vəziyyətdədir. Vaxtı ilə bu klanların qüdrətli, özündən razı nümayəndələri indi hakimiyyətdən qovulmuş durumda, miskin, əzik bir vəziyyətdə yığdıqlarının tutulub əllərindən alınması qorxusu ilə gözə görünməməyə çalışırlar. Onlar bir vaxtlar Paşeyevlərun hakimiyyətdə güclənmək təşəbbüslərinə göstərdikləri müqavimətə görə, hər an qisas alına biləcəyindən belə qorxurlar. Çox yaxşı bilirlər ki, onların daha heç bir müqavimət imkanları yoxdur və sağ qalmaq üçün yeganə ümidləri şansa ya da unudulmağa bağlıdır.
Bu gün hakimiyyətdə olan əslən naxçıvanlı və Qərbi azərbaycanlılar indi özlərini əvvələr olduğu kimi regional klanın nümayəndələri kimi aparmırlar. Çünki bu Paşayevlərə meydan oxumaq, təhlükəni üstünə çəkmək demək olardı. Onlar hər fürsətdə Paşayevlərə biət etdiklərini, keçmişlə bağlarını qırdıqlarını, hakimiyyətin vitrini üçün lazım olan naxçıvanlı və ya Qərbi azərbaycanlı olmağa hazır olduqlarını göstərməyə çalışırlar.
Paşayevlərin isə regional zəmində deyil, siyasi-korporativ maraqlar əsasında təşkilatlanmış ailə hakimiyyətinin maraqlarını həyata keçirən klan olması, onlara regional çərçivəni aşaraq daha rahat şəkildə böyümək imkan verir. Ona görə də indi yalnız “Paşayevlərin naxçıvanlısı, ermənditanlısı” olmağı bacaranlar hakimiyyətdə öz yerlərini qoruyub saxlamağı bacarırlar.
Bəs, vaxtı ilə mövcud olmuş Naxçıvan və Qərbi Azərbaycan klanlarının yenidən revanş götürməsi mümkündürmü ? Belə bir revanş nümunəsi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlməsi vaxtı olmuşdu. Hesab edirəm ki, bu artıq real deyil. Çünki Heydər Əliyev Elçibəy hakimiyyətinin yaratdığı demokratik fəaliyyət imkanlarından və keçmiş təcrübəsindən istifadə edib bu klanı öz ətrafında təşkilatlandlra bilmişdi. İndi isə nə belə bir azad fəaliyyət imkanı, nə də ki, regional lider yoxdur ki, vurulmuşlar onun ətrafında təmərküzləşə bilsinlər. Əvvələr Qərbi Azərbaycan klanının keçmiş rəhbərlərindən olmuç Əli İnsanov bu rola namizəd kimi görünürdü. Ancaq, o, Prezident Administrasiyasında bir görüşdən sonra ona orda çoxlu adamın salam verməsindən və xoş qarşılanmadan danışaraq elə feyziyab elə oldu ki, o vaxtdan da siyasətdən qeybə çəkilib. Digər tərəfdən isə adları çəkilən klanların öndə gələnləri uzun illər ərzində o qədər çirkaba batıblar, cəmiyyətdə elə böyük bir nifrət qazanıblar ki, onların bu gün ictimai rəyə təsir etmək, sosial dəstək qazanmaq imkanları da yoxdur. Digər tərəfdən, bu klanların nümayəndələri hakimiyyətdə olduqları uzun illər ərzində korrupsiya və digər cinayətlərdə iştirakçı olduqları üçün, hakimiyyətin əlində onların hər birinin cinayət dosyeləri var və buna görə də onların bu gün qımıldanmaq imkanları belə yoxdur. Və ən nəhayət bu adamlar mənəvi baxımdan o qədər aşınıblar, cəmiyyət qarşısında hər dona və cilidə o qədər giriblər ki, ictimai rəydə mənfi reputasiya qazanmış, yaltaqlığı və nökər kimi itaətkarlığı həyat tərzinə çevirmi bu adamların iradə və cəsarət tələb edən siyasi mübarizəyə qoşulmaları imkansız görünür. Bundan əlavə hazırkı hakimiyyət cəmiyyətdə öz etimadını və sosial dayaqlarını tam itirdiyi, kəskin narazılıq və ictimai qəzəblə qarşı – qarşıya qaldığı indiki şəraitdə həm naxçıvanlılar, həm də Qərbi azərbaycanlılar regionçuluğa, korrupsioner kimi tanınan keçmiş məmurlara deyil, əksəriyyət kimi bu rejimə qarşı mübarizəyə aparan müxalifətə etimad göstərir və inanırlar. Uzun illərin yerliçilik təcrübəsi göstərdi ki, hakimiyyətdə hansısa regionun çox təmsil olunması, həmin region insanlarının həyatını heç də yaxşılaşdırmır. Bu üzdən də bu gün siyasətdə regional zəminində təşkilatlanmanın və klan maraqları ilə insanları manipulyasiya etməyin perspektivi yoxdur. Ona görə də Paşayevlər indi hakimiyyəti daxilində heç bir müqavimət hiss etmədən və revanş təhlükəsi gözləmədən istədikləri kimi təmizləmə əməliyyatları aparır, total nəzarəti həyata keçirirlər.
Fuad Gahramanlı