Vurulmuş. klanlar nə edir?
Azərbaycanda vurulmuş oliqarxlar rejim üçün təhlükə yarada bilərmi? Bu mövzu zaman – zaman gündəmə gəlir və bəzən belə iddialar səslənir ki, vaxtı ilə mövcud olmuş klanlar revanş imkanlarını hələ də qoruyub saxlayırlar və onlarla hakimiyyətin daxilində qeyri leqal, passiv müxalifətdirlər. Bu idda doğrudurmu?
Əvvəla belə bir idda ona görə real görünmür ki, vurulmuş klanların strukturunu onların mövcud rejimdən asılılığı və rəhbərlərinin psixoloji xüsusiyyətləri nəzərdən qaçırılır. Vaxt ilə hakimiyyətdə mövcud olub bu gün vurulmuş sayılan klanlar heç bir mənəvi və ideoloji zəminə əsaslanmadan, daha çox traybalist və regional zəmində formalaşmış maraq qrupları kimi təşəkkül tapmışdılar. İnzibati dövlət strukturlarında təmsilçilik əsasında formalaşmış bu klanlar korrupsiyanın dövlət siyasətinə çevrildiyi şəraitdə maddi sərvətlər bölgüsündə daha çox pay sahibi olmağa, hakimiyyət səlahiyyətlərini artırmağa və öz nəzarət sahələrini genişləndirməyə çalışırdılar. Ona görə də bu klanların üzvləri üçün hər zaman əsas başlıca meyar iqtisadi qazanc və hakimiyyətdə təmsilçilik hesab olunub.
Paşayevlər klanı hakimiyyət iyerarxiyasında zirvəyə yüksələndən və əksər sahələrə tam nəzarəti ələ keçirəndən sonra hakimiyyətin regional zəminə əsaslanan klan strukturu da tədricən dəyişməyə başladı.
Paşayevlər hakimiyyətdə möhkəmlənməyə başladığı ilk dövrlərdə mövcud köhnə klanların müqavimətini qırmaq və onların özünü müdafiə imkanlarını aradan qaldırmaq üçün daha ağıllı görünən bir strukturlaşma forması seçdilər. Paşayevlər klanın başında dar çərçivədə olan bir ailə dursa da, bu şəbəkə orta və aşağı pillələr səviyyəsində bütün regionların təmsilçilərini öz daxilinə alaraq ənənəvi traybalist və regional çərçivəni aşağı bacardı. Həm də, Paşayevlər ənənəvi klanlardan fərqlənmək və hakimiyyətə nəzarəti ələ keçirməyi islahat kimi təqdim etmək üçün, Heydər Əliyev dönəminin kadrları yerinə, 30 illik hakimiyyət dövründə ərsəyə gəlmiş daha gənc və xarici təhsili olan, müasir imicli kadrlara üstünlük verirdi. Düzdür, bu kadrlar idarəçilikdə dəyərlər və təfəkkür baxımından köhnələrdən heç nə ilə fərqlənmirlər, ancaq onlar hakimiyyət vitrinində daha müasir, modern görünür, klanın biznes strukturlarında yetişərək gələcək hakimiyyət karyerasına yüksəliş imkanı qazanırlar. Belə demək mümkünsə Paşayevlərin biznes şəbəkəsi kadr bankı kimi faktiki olaraq YAP – əvəz edərək onu oyundankənar vəziyyətə salıb.Buna görə də YAP bu gün rejimin lazımsız beşinci təkərinə çevrilib.
Paşayevlərin yüksəlişinə paralel olaraq demontaj olunan köhnədən qalma ənənəvi klanlara gəldikdə isə, onların hakimiyyətdən uzaqlaşdırılan yuxarı və orta eşalon rəhbərləri təkcə vəzifə səlahiyyətlərini deyil, həm də nəzarətlərində olan biznes strukturlarının əhəmiyyətli bir hissəsini təhvil verməli oldular. Beləcə, bu köhnə klanların vaxtı ilə qüdrətli görünən rəhbərləri indi heç nəyə yaramayan və məqsədli şəkildə publik olaraq rejim tərəfindən aşağılanan qorxaq qocalara çevriliblər.
İstər Ramiz Mehdiyevlə, istərsə də Vasif Talıbov və s. ilə bağlı baş verənlər onların hakimiyyət dönəmində yaranmış xarizmasını cızıb, məhv edib bu şəxsləri öz keçmiş ətraflarıının nəzərimdən salmaq məqsədi güdür. Demək olar ki, buna da nail oldular.
İndi köhnə klan bossların əsas qayğısı öz təhlükəsizliklərini təmin etmək və əllərində qalan sərvəti qorumaq, yığdıqlarını rahat xərcləməkdir. Ona görə də, onların guya ki, rejim daxilində gizli müxalifət olması, hansısa fürsət gözləmələri ilə bağlı deyilənlər əsassızdır. Bu şəxslər heç bir cəsarəti, siyasi iddiası, ideoloji baxışları olmayan adi, şəxsi marağı üçün yaşamış korrupsionerlərdir. Onların kirli keçmişi və mənfi ictimai reputasiyaları istəsələr belə hər hansı siyasi iddiaya düşmənlərini mənasız edər. Vaxtı ilə onlara yaxın olmuş şəxslər isə vaxtaşırı olaraq bu şəxslərin guya hansısa siyasi iddialarının olmsaı, gizli müxalifət olması ilə bağlı qəsdən dövriyyəyə buraxılan fikirlərin təsiri ilə onlardan uzaq durmağa çalışırlar. Ona görə də də bu klanlar hakimiyyətdən vurulanda sonra demək olar ki, dağılıblar və onların rəhbərləri xatirələrlə təskinlik tapan, indi nərd oynayıb başını qatmağa adam axtaran varlı, zəngin qocalardır.
Bu klanların əsas sosial bazasını təşkil edən monopliyalar və biznes strukturları indi artıq başqa əllərdədir. Ona görə də, qırılmış maraq zənciri vaxtı mövcud olmuş ilə klan strukturlarını tamamilə dağıdıb və ortada hər hansı mütəşəkkil, ortaq mənafeyə sahlb olan şəbəkələşmiş maraq qrupları yoxdur.
Fuad Gahramanlı