KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanli: hərbi toqquşmaların məqsədi nədir? Paşiniyan Putinin tələsinə düşdü mü?

Fuad Gahramanli: hərbi toqquşmaların məqsədi nədir? Paşiniyan Putinin tələsinə düşdü mü?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
292 0

Dünəndən başlayaraq Ermənistanla sərhəddə baş verən hərbi toqquşmalarla bağlı geniş müzakirələr getməkdədir. Ancaq önəmli olan məsələnin görünən zahiri tərəfindən daha çox, bu qarşıdurmanın əsil səbəbini üzə çıxarmaqdır. Əksəriyyət haqlı olaraq bu gərginliyin arxasında Rusiyanın olduğunu bildirir.
Ancaq nədən, niyə Rusiya indiki halda buna getsin ki? Axı Qarabağda sülhməramlı adı ilə rus qoşunlarının yerləşməsi həm də o deməkdir ki, bölgənin təhlükəsizliklə bağlı sorumluluğu Rusiyanın üzərindədir və atəşkəsin pozulması Rusiyanın bölgədə sabitliyə nəzarət edə bilməməsi təəssüratını yaradır. Putin belə bir təəsüratın yaranmasını istəməz, deyilmi?
Bu yanaşma ilk baxışdan məntiqi görünür. Demək ki, məsələnin mahiyyəti, heç də bir çoxlarının izah etməyə çalışdığı kimi, konflikt yaradıb sonra onu sakitləşdirməklə özünə ehtiyac yaratmaq kimi bəsit versiyada deyil.
Cüdoçu Putinin çətin fəndi
Bəs, o zaman gerçək səbəbi harada axtarmalı?
Xatırlayırsınızsa ötən ayın ortalarından başlayaraq həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində 3 tərəfli Bəyanatın ildönümündə – noyabrın 10 da, Moskvada Azərbaycan və Ermənistan rəhbərləri arasında Putinin vasitəçiliyi ilə müqavilə imzalanacağı barədə xəbərlər dolaşırdı. Bu məlumatlar sonradan rəsmi təsdiqini tapdı və Paşiniyan Moskvaya gəlib bu müqaviləni imzalamaqdan rəsmi şəkildə imtina etdi. Həmin ərəfədə bəlli oldu ki, Putinin tərəflərə imzalamaq istədiyi müqavilə sərhədlərin delmitasi, demarkasiyasını və kommunikasiyaların açılmasını nəzərdə tuturdu. Əslində Moskvanın marağı müqavilədə nəzərdə tutulanların yerinəyetrilməsindən daha çox, bu sənədi bəhanə edib Paşiniyana qarşı kütləvi etimadsızlıq və ölkədə siyasi böhran yaratmağa çalışan revanşist qüvvələrin əlinə əsas vermək idi. Hətta Rusiyapərəst revanşistlər bunu gizlətmir, Paşiniyanı Zəngəzur dəhlizini açmağa, Qarabağın statusunu arxa plana keçirib sərhədlərin demarkasiyasına razılaşmağa və bəzi sərhəd ərazilərini Azərbaycana verməyə razılaşdığına görə xəyanətdə ittiham edirdilər. Düşünün Rusiyapərəstlər niyə Rusiyanın təklif etdiyi plana, müqaviləyə qarşı çıxsınlar ki? Demək məqsəd erməni vətənpərvərliyi deyil, Rusiyanın Paşiniyana imzaatmaq istədiyi müqavilədən istifadə edib, xalqın qəzəbi ilə onu hakimiyyətdən salmaq idi. Ancaq Paşiniyan bic çıxdı və bu tələyə düşmədi, Moskvanın təklif etdiyi müqaviləni imzalamaqdan imtina etdi.
İndi növbə Paşiniyanı devirmək istəyənlərindir.
Ancaq Paşiniyan bu dəfə də cüdoçu Putinin növbəti çətin fəndi ilə üzləşdi. Rusiya Ermənistan ordusundakı şəbəkəsinin vasitəsi ilə əvvəl Qaragöl ətrafında təxribat törətdi və burada rüsvayçı şəkildə erməni əsgərlərinin əsir düşməsi ilə Paşiniyanın nüfuzuna zərbə vurdu. Paşiyanın bu işdə Rusiyanın barmağının olduğunu görüb, dərhal GRU – nun qarmağına keçmiş müdafiə nazirini dəyişib ən yaxın adamlarından birini bu qurumun rəhbərliyinə gətirdi. Yeni müdafiə nazirinin güvəndiyi şəxs olduğuna arxayınlaşan Paşiniyan düşdüyü uğursuz vəziyyətdən çıxmaq və Ermənistan cəmiyyətində öz etimadını qorumaq üçün, Laçın və Kəlbəcər istiqamətindən Azərbaycana qarşı hərbi təxribatlara əl atdl. Bu yolla o kiçik hərbi uğurlar qazanıb revanşist müxalifətin ermənilərin milli duyğularını istismar etməsini önləməyə və zəifləmiş mövqeyini möhkəmlətməyə ümid edirdi.
Ancaq, geosiyasi prosesləri əməliyyatçı kimi idarə etməyi xoşlayan Putin, çox yaxşı bilirdi ki, düşdüyü bataqlıqdan çıxmaq istəyən Paşiniyanın bu cəhdi əks nəticə verəcək. Onun yanaşmasına görə bu hərbi toqquşmalarda Ermənistan ordusu daha güclü Azərbaycan ordusuna məğlub olacaq və bu dəfə Paşiniyan daha da uğursuz bir vəziyyətə düşəcək. Hadisələr Putinin gözlədiyi kimi də yekunlaşdı. Məhz, Ermənistanın KTM təşkilatına hərbi kömək üçün müraciətinə Rusiyanın sakit yanaşması və yardım etməməsi ,əslində , baş verən hərbi uğursuzluqlara görə Paşiniyanı ermənilərin gözün də salmaq məqsədi güdür. Rusiya arxayındır ki, bu toqquşmalarda Azərbaycanın əldə etdiyi iki təpə elə bir strateji üstünlük yaratmır və istənilən vaxt Azərbaycana təzyiq edib bu postları geri qaytarmağı təmin edə bilər. Ona görə də Putin bu epizodda neytral qalmaqla, baş verən hərbi uğursuzluğa görə Paşiniyanın mövqelərinin daha çox sarsılmasına çalışır. İndi Moskvanın əsas istəyi bu yolla ölkədə siyasi böhran yaradıb Rusiyaya bağlı revanşist qüvvələrin hakimiyyətə gəlməsinə yol açmaqdır.
Başlanmış bu prosesin növbəti fazası artıq Ermənistanda Köçəryanın rəhbərlik etdiyi Rusiya bağlı qüvvələrin əli ilə həyata keçiriləcək.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir