KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Fuad Gahramanlı: Gürcüstanda demokratik inqilab baş verir?

Fuad Gahramanlı: Gürcüstanda demokratik inqilab baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
35 0

Proseslər hansı istiqamətdə inkişaf edə bilər ?

Gürcüstanda demokratiya və Qərbə inteqrasiya tələbi ilə keçirilən aksiyalar 7-ci gündür ki, davam edir. Ötən müddətdə hakimiyyət meydana çıxan xalqa qarşı zor tətbiq edərək aksiyaları dağıtmağa çalışsa da, kutləvi dirəniş və iradə göstərən gürcülər hələ də öz mübarizələrini davam etdirirlər. Bütün demokratik inqilablara xas olan sosial -psixoloji hal bu gün Gürcüstanda da baş verməkdədir.
Bu klassik qaydaya əsasən hakimiyyət tərəfindən tətbiq edilən zorakılıq əgər kütlədə qorxu əvəzinə emosianal gərginliyi artıraraq qəzəb və daha çox sərt reaksiya doğurursa, o zaman inqilabi proses baş verir. Bu vəziyyətdə hakimiyyətin davamlı zorakılığı cəmiyyətdə kütləvi qəzəbi daha da tətikləyir və ayrı-ayrı sosial qruplar qəddarlıqdan, zorakılıqdan hiddədtlənərək ümumi təhlükə qarşısında öz aralarında emosianal birlik yaradaraq zorakı və ədalətsiz hakimiyyətə qarşı birləşirlər.

Ötən il İranda da Məhsa Əminin polis idarəsində döyülərək öldürülməsinə qarşı etirazlarda da inqilabi situasiya kecməsə də buna yaxın bir vəziyyət yaranmışdı. Lakin burada rejim 15 min nəfəri həbs edərək, 600-dən artıq insanı qətl edərək kütləvi etirazları qan içində boğa bildi. İran rejimi bunu həm də ona görə bacara bildi ki, erirazlara qatılanların sayı bütün ölkə miqyasında ümümi əhalinin çox cüzi bir hissəsini təşkil edirdir və ayrı -ayrı etirazçı qrupların dirənişi heç bir hüquq tanımayan zorakı rejimin güc strukturlarının nəzarət imkanlarını aşacaq səviyyədə deyildi, cəmiyyətdəki çoxluq isə bu zaman müşahidəçi mövqeyində durmuşdu. Həm də etirazların ən güclü vaxtında belə rejim daxilində mərkəzdənqaçma fəaliyyətləri, ideoloji bölünmələr açığa çıxmadı. Bu şəraitdə cəmiyyətin seyrçi mövqeyi fonunda kütləvi həbslər və qətllər ölkə xaricindən heç bir yardım ala bilməyən fəal etirazçı qrupların dirəniş potensialını tükəndirərək onların müqavimətinin qırılmasına yol açdı.

Gürcüstanda isə bu baxımdan vəziyyət fərqlidir. “Gürcu Arzusu” hakimiyyəti etirazlara qarşı zorakı davransa da, bu İrandakı kimi yüzlərlə insanın öldürülməsi, minlərlə etirazçının həbs olunaraq ağır isgəncələrə məruz qalması səviyyəsində deyil. Və hiss olunur ki, hakimiyyət hansısa mərhələdə qan tökülə biləcəyindən və bunun məsuliyyətindən qorxduğu üçün etirazçılara qarşı su şırnağı və dəyənəkdən artıq vasitələrə əl atmağa, qan tökülməsi səviyyəsində zorakılığa hələ ki, hazır deyil. Digər tərəfdən isə Gürcüstan hakimiyyətində artıq mərkəzdən qaçma və ideoloji bölünmə baş verməkdədir və bu prosesin daha da dərinləşə biləcəyi qorxusu hakimiyyəti ifrat zorakılıq məsələsində tərəddüdə saxlayır. Artıq xeyli sayda müxtəlif dövlət strukturlarında çalışan şəxslər dünənə qədər tərəfdarı olduqları hakimiyyətin Avrointeqrasiyaya kursundan imtina etməsinə etiraz olaraq, ideoloji zəmində onunla yollarını ayıraraq öz işindən istefa verib. Son olaraq “Gurcu Arzusu”nun rəhbəri və keçmiş bas naziri Qaribaşvili də istefa verənlərin sırasına qoşulub. Bu şəraitdə “Gurcü Arzusu” daha çox “İvanaşvilinin Arzusu” kimi görünməkdədir.

Bir də ənənələr və coğrafi məkan baxımından daha çox Avropa siyasi mədəniyyət arealına daxil olan Gürcüstanda hakimiyyətin bu səbəbdən İranda olduğu qədər dəhşətli qətl və repressiyalara getmək imkanları yoxdur. Hətta İvanaşvili və ya baş nazir Kobaxidze istəsə belə Gürcüstanın güc strukturları mənəvi -psixoloji baxımdan bu miqyasda zorakılıq etməyə hazır deyillər. Əksinə, belə bir cəhd hakimiyyət daxilində daha çox qopmalara səbəb ola bilər.

Bu baxımdan hüdudsuz zorakılıq imkanlarına malik İrandan fərqli olaraq Gürcüstan kimi ölkələrdə hakimiyyətin zorakılığı limitli xarakter daşıyır və kütləvi dirəniş artacağı, həm də davamlı olacağı təqdirdə bunun hakimiyyət böhranı yaratması qaçılmaz görünməkdədir.

Bu gün üç milyon yarım əhalisi olan Gürcüstandakı etiraz aksiyalarında iştirak edənlərin sayı yüz minlərlə ölçülür. Bu say göstəricisi isə demokratik inqilablar baş vermiş ölkələrdəki əhali aktivliyi ilə müqayisədə daha çoxdur. Digər tərəfdən etirazlarda təkcə əhalinin aşağı təbəqəsi, gənclər deyil, orta və yuxarı təbəqdən olan iş adamlarının yer alması, müxalifətin ictimai rəyə təsir edən informasiya resursları şəbəkəsinin olması, meydanda fəallıq edən gənclərin öz gələcəklərini Avropa ilə bağlı görmələri və s. məsələlər prosesin ümumilli ideoloji xarakter daşımasına zəmin yaradır.

Bu gün Gürcüstanda bas verən etiraz aksiyalarının sosial zəmində deyil, sırf ideoloji və siyasi tələbələrlə keçirilməsi həm də cəmiyyətin yüksək siyasi şüur səviyyəsini və mədəniyyətini göstərməkdədir. Bu şəraitdə insanlar etirazlara emosianal təsirlə deyil, daha çox şüurlu şəkildə qərar verərək qatılırlar. Belə bir dirəniş isə daha davamlı və qərarlı xarakter daşıyır. Çünki cəmiyyət bu halda öz tərəqqisi və xoşbəxt gələcəyi uğrunda mübarizə apardığına inanır və dərk edir.
Eyni zamanda Gürcüstan cəmiyyətinin sosioloji strukturu da onun demokratik potensialını şərtləndirir. On minlərlə inistutlaşmış vətəndaş cəmiyyəti fəalları, hakimiyyətin nəzarətindən kənarda formalaşmış orta təbəqə və iş adamları təbəqəsi, Avropa ilə inteqrasiya etmiş yaxşı təhsil sisteminin yetişdirdiyi müasir və demokratik düşüncəli gənclik, öz müstəqilliyini və ləyaqətini qorumuş ziyalılar, ötən dövrdə vizasız gediş gəlişdən istifadə edərək Avropada işləyib pul qazanmış cox sayda sadə insanlar bu gün hakimiyyətin Qərbdən üz döndərməsinə qarşı vahid platformada birləşiblər.

Bu gün etiraz aksiyalarının vahid liderinin olmaması proseslərin idarə olunması və yönləndirilməsi ilə bağlı müəyyən boşluq yaratsa da, Gürcüstan prezidenti Salome Zurabişvilinin ortaya qoyduğu qətiyyətli mövqe və prezident administrasiyasının taktiki olaraq müxalifət qərərgahına çevirməsi, qismən də olsa bu boşluğu doldurmaqdadır.

Bütün bunları nəzərə alaraq Gürcüstanda hazırkı demokratik inqilabi prosesin getdikcə dərinləşən siyasi böhrana yol açdığını, legitimliyini itirən hakimiyyətin siyasi nəzarət imkanlarını tədricən itirmək üzrə olduğunu və xalqın tələbləri ilə razılaşılmayacağı təqdirdə bunun hakimiyyət dəyişikliyinə qədər gedib çıxan bir etiraz prosesinə yol aça biləcəyini də demək olar. Əgər prosesin əvvəlində bu ehtimal gündəmə gəlmirdisə, bu gün artıq belə bir gözlənti də istisna olunmur.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir