Putin bu ölkəni vətəndaş müharibəsinə çəkir.
Rusiya Ermənistanda Paşinyanı devirmək cəhdindən hələ də əl çəkməyib. Qarabağda separatçı rejimin məğlubiyyətinə görə Ermənistan cəmiyyətini qızışdırıb Paşinyana qarşı meydana çıxarmaq cəhdləri hələ ki, alınmır. Meydana 2000-2500 civarında adam çıxır. Bu da kütləvi etiraz dalğası yaratmaq üçün çox az say deməkdir. Ermənilər Paşinyan əleyhdarlarının çağrışlarını demək olar ki baykot edirlər. Çünki Paşinyanı devirib yerinə müharibə vəd edən korrupsionerləri gətirməyin onlar üçün hansı fəlakətli nəticələri doğuracağını yaxşı başa düşürlər. Ona görə də Putinnin israrlarına baxmayaraq erməni müxalifəti kütləvi xalq etirazları yolu ilə hakimiyyət dəyişikliyi ssenarisini hələ ki, reallaşdıra bilmir. Ancaq bu vəziyyətdə Kreml reallığı nəzərə alaraq öz cəhdindən əl çəkəcəkmi?
Belə görünür ki, yox. Rusiya indi Qarabağdan əhalini evakuasiya etməklə onları İrəvana yığıb lazım olan kütləvi gücü əldə etməyə çalışır. Paşinyan bunu bildiyi üçün gələnlərin xaos yaratmaq istəyənlərun əlində alətə çevrilməməsi üçün dövlət səviyyəsində komissiya yaradıb prosesə nəzarət etməyə çalışır. Qarabağdan gələnlər Ermənistan hökumətinin nümayəndələri tərəfindən qarşılanaraq İrəvandan uzaq kəndlərdə yerləşdirilirlər.
Eyni vaxtda Rusiyadan da erməniləri İrəvana gətrib Paşinyan əleyhinə mitinqlərə qatmaq cəhdləri var. Bəzi məlumatlara görə hətta Rusiya kəşfiyyatına bağlı xüsusi hazırlanmış diversiya qrupları da bu işdə iştirak edirlər.
Buna görə də son iki gündə Ermənistan hakimiyyəti etirazçılara qarşı daha sərt tədbirlər görməyə başlayıb. Artıq şəhərin bir çox mərkəz küçələri etiraz aksiyaları üçün bağlanıb, əsas təşkilatçılar saxlanılır. Köçəryanın oğlu və Daşnak partiyasından olan deputat da saxlanılanlar arasında.
Ehtimal olunur ki, Rusiya istədiyinin baş tutmadığını görəndə ölkədə vətəndaş müharibəsi yaratmağa çalışa bilər. Bunun simptomları isə son günlər etirazçı fəallar tərəfindən hakimiyyəti zor, üsyan yolu ilə devirmək çağırışlarının səslənməsində görülür.
Belə bir vəziyyətdə Paşinyanın duruş gətirə bilməsi Qərbin ona verəcəyi dəstəyə çox bağlıdır. Bəzi sızan bilgilərə görə artıq ABŞ Paşinyanın mühafizəsinin təşkilinə birbaşa nəzarət edir və Rusiyanın radikal təxribat qrupları zora əl atacağı təqdirdə, buna qarşılıq açıq əməliyyat tədbirləri ilə önləmlər alınacaq.
Bu vəziyyətdə Paşinyanın duruş gətirməsi bizim ölkəmiz üçün də strateji əhəmiyyət daşıyır. Çünki Putin Ermənistanda öz istəyinə nail olsa, hakimiyyətə gətirdiyi Köçəryanın ilk işi Azərbaycana qarşı revanş müharibəsinə başlamaq, Moskvanın Cənubi Qafqazda görmək istədiyi hərbi gərginliyi yaratmaq olacaq. Bu zaman Moskva yenə də əvvəllər etdiyi kimi Ermənistanın təcavüzkar siyasətinə dəstək verib, ona hərbi qələbələr qazandırmaqıa özünə bağlı qüvvənin hakimiyyətini gücləndirməyə çalışacaq. Ona görə də Rusiyanın istəklərinin Ermənistanda baş tutmaması bizim də milli maraqlarımıza uyğundur. Eyni zamanda Putinin Paşinyana uduzması o demək olacaq ki, Moskva Cənubi Qafqazda zəifləyəcək və tezliklə bizim ölkəni də tərk etmək məcburiyyətində qalacaq.
Fuad Gahramanlı