KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Əli Kərimliyə müxalifətçilik dərsi verənlər aradakı fərqi niyə görmürlər?

Fuad Gahramanlı: Əli Kərimliyə müxalifətçilik dərsi verənlər aradakı fərqi niyə görmürlər?

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
49 0

Kim haqlıdır, Əli Kərimli, yoxsa “mız professorları” ?

Əli Kərimliyə müxalifətçilik dərsi verənlər aradakı fərqi niyə görmürlər?

Yeni ilin ilk gününü bu mövzu ilə acmaq istəməzdim, ancaq nə edəsən ki, biriləri il başlayar başlamaz əllərinə sanki fürsət düşübmüş kimi yeni ilə Əli Kərimlini qaralamaqla daxil olmağa qərar veriblər. Görünür, bu da onların yeni il planıdır. Əli bəyin məlum uçaq qəzası ilə bağlı statusunu yəqin oxumusunuz. Burada onun yazdığını təftiş edib hədəf alanların istinad etdiyi bir abzası sizə təqdim edirəm.

Əli bəy feysbuk səhifəsində yazır :” İlham Əliyev Rusiya HHM sistemi ilə vurulan uçağımızla bağlı Rusiyanın ünvanına xeyli haqlı tənqidlər səsləndirib. Bizim qəza günü və səhərisi gün Rusiya tərəfinin törətdiyi cinayətlərlə bağlı yazdığımız, dediyimiz arqumentlərin hamısını 3 gün sonra səsləndirib. Bir az gecikmə ilə olsa da belə bir açıqlamanın verilməsini təqdir edirəm”.

Bu təqdim etdiyimiz yazıdan öncə Əli Kərimli həm yazaraq, həm də çıxış edərək İlham Əliyevi tənqid etmişdi ki, niyə Azərbaycan uçağının vurulması ilə bağlı dəlillər göz önündə ola-ola və uçağın bilərəkdən, qəsdən iz itimək üçün Aktau adı ilə Xəzərdə batmağa göndərilməsi haqqında həqiqəti dilə gətirmir? Əli bəyin və bu mövqeyi paylaşan sosial şəbəkə üzvlərinin bu barədə israrlı çıxışlarından sonra İlham Əliyev Əli Kərimlinin tələb etdiyi fikirləri nəhayət ki, səsləndirirdi. İndi bu halda Əli Kərimli nə etməli idi, bu dəfə də müxalifət lideri olduğu və İlham Əliyevdən xoşu gəlmədiyi üçün çıxıb deməli idi ki, yox, o, indi də düz demir ? Bunu etmək cığallıq olardı axı. O zaman cəmiyyət buna nə deyərdi, obyektivlik harada qaldı deyib sormazdımı? Məgər müxalifətçilik qarşı tərəfə mənfi münasibətə görə hər kəsin gördüyü həqiqəti inkar etməkdir? Bu cür yanaşanlar müxalifətçilikdən daha çox cığallıq edirlər.

Əli bəy tamamilə ədalətli davranaraq onun tələb etdiyi sözləri bir qədər gec də olsa dediyi üçün İlham Əliyevin bu çıxışının doğru olduğunu deyib. Əgər, o, bunun əksini etmiş olsaydı, o zaman öz tələb etdiyi mövqeyin əksinə getmiş olardı, özünü haqsız duruma salardı. Bunu isə etmək o demək olardı ki, əgər hakimiyyət bu gün müxalifətin tələb etdiyi hər hansı bir məsələni yerinə yetirirsə, o zaman müxalifət də mövqeyini əks istiqamətdə dəyişib öz əvvəlki bu tələbinin əksinə getməlidir. Razılaşın ki, belə bir yanaşmanı cəmiyyət hec vaxt ədalətli və obyektiv qəbul etməz. Onu da mütləq nəzərə almaq lazımdır ki, Əli bəyin bu müsbət məqamı qeyd etməsi, hec də İlham Əliyevin bu hadisə ilə bağlı məsuliyyətini dilə gətirməsinin qarşısını almır. O, sözü gedən bu yazısında eyni zamanda quru sərhədlərin bağlı olması, işsiz qalan insanların müharibə gedən Şimal qonşumuza üz tutması, hərbi əməliyyatlar zonasına uçuşların edilməsi kimi məsələləri də gündəmə gətirərək, baş vermiş faciədə Azərbaycan hakimiyyətinin də məsuliyyət payı olduğunu dönə dönə vurğulayıb.

Nə edəsən ki, bu cür vəziyyətlərdə hər zaman biriləri çox ağıllı çıxıb Əli Kərimliyə siyasət dərsi, müxalifətçilik öyrətməyə çalışırlar. Ortaya məntiqə əsaslanan rasional yanaşma qoya bilməyən və AXCP -dən daha yaxşı mübarizə, müxalifətçilik örnəyi yarada bilməyən bu cür “mız professorlarının” qərəzli yanaşmasına bir növ öyrəncəliyik. Hətta buna tolerant yanaşırıq da, ancaq həqiqət naminə cavab verməyi də lazım bilirik.

Onlardan biri ad cəkməsə də Azərbaycan dövlət başçısının bu çıxışında səmimi olmadığını əsas göstərərək müxalifətin Putin və İlham Əliyev arasındakı münasibətlər üzərində siyasət qurmasının yanlış olduğunu yazır. Əvvəla kim deyir ki, Əli bəy İlham Əliyevin çıxışının səmimi olduğunu hardasa deyib? O, həmin gərgin situasiyada Azərbaycan dövləti adından deyilməsi lazım olan fikirlərin səsləndirilməsi faktına yalnız münasibət bildirib, onun səmimiyyəti məsələsini qiymətləndirməyib. Həmin vəziyətdə səmimi olub-olmamasından asılı olmayaraq Azərbaycan dövlət başçısı tərəfindən deyilməli idi. Önəmli olan da, məhz bu idi. Səmimiyyət məsələsinə gəldikdə isə Əli Kərimlinin müavini olaraq bizim İlham Əliyevin niyə müxalifətin tələb etdiyi sözləri dediyi ilə bağlı onun səmimiyyətini dəyərləndirən və onu buna vadar edən geosiyasi səbəbləri təhlil edən yazımız sosial şəbəkələr və yutub üzərindən on minlərlə insana aydın səkildə çatdırılıb. Oxumadan politoloqluq edənlər, gərək belə məsələləri də diqqətdən qaçırmasınlar.

Qaldı ki, Əli Kərimlinin guya İlham Əliyev və Putin arasındakı münasibətlər üzərində siyasət qurmasına, bu da yanlış və əsası olmayan bir yanaşmadır. Nə Əli Kərimli, nə də ki, heç bir AXCP və Milli Şura təmsilçisi hec yerdə deməyib ki, İlham Əliyev bu çıxışla Qərbə üz tutur, siyasi kursunu dəyisir. Deyilməyən, uydurulan bir şey üzərindən Əli Kərimlini və onun təmsil etdiyi siyasi kursu səhv çıxarmaq nə qədər ədalətli yanaşmadır. Yuxarıda xatırlatdığım yazıda biz açıq yazmışıq ki, İlham Əliyevin bu çıxışından hec də onun xarici siyasət kursunu dəyişmək istədiyi nəticəsi çıxarılmamalıdır. Ancaq “dediyim dedıxdır” höccətçiliyi ilə yenə də bizi buna görə qınayırlar. Ədalətlidirmi, obyektivdirmi? Əsla.

Eyni adamlar bir vaxtlar Əli Kərimlini, Cemil Hasanlini, Gultakin Hajibaylini, Tofiq Yaqublunu və məni Qarabağ məsələsində separatizmin kökünü kəsmək üçün ordumuza, onun uğurlu hərbi əməliyyatlarına dəstək verdiyimiz üçün tənqid edirdilər. Özləri isə o zaman ordumuzun qələbələri fonunda yasa batmış kimi görünürdülər. Bir başqası isə Xankəndi alındıqdan sonra efirdən Əli Kərimliyə hücum edirdi ki, “sən müxalifətsənsə necə Qarabağ məsələsi həll olunub deyirsən?”. Zaman kimin haqlı olduğunu üzə çıxardı.

Yenə də bu gün Əli Kərimlinin demədiyi fikirləri ona şamil edib qərəzli tənqidə əl atanlar vaxtı ilə Türkiyədəki prezident seçkilərində AXCP və Milli Şuranı qardaşı ölkənin daxili siyasətində açıq tərəf tutmadığına görə tənqid edirdilər. Ancaq sonra çılğınca müdafiə etdikləri demokratiya kumirlərindən biri COP-29 da Bakıya gəlib Heydər Əliyevin məzarı önündə baş əydi, başqa bir öndəri isə İlham Əliyevlə telefonla danışıb əməkdaşlığı dərinləşdirmək istədiyini dilə gətirdi. Bu yetmirmiş kimi genel başqan olaraq qatil və diktator Əsəd qaçan günü Ərdoğanı tənqid edirdi ki, niyə , o, Əsədlə dialoq əvəzinə onu devirmək istəyən silahlı müxaiflərlə əməkdaşlıq edir ? Zaman kimin haqlı olduğunu, Əli Kərimlinin, yoxsa, onu tənqid edənlərin Türkiyə siyasətinə münasibətdə tutduğu mövqeyin doğru olduğunu göstərdi.

Ümid edirəm ki, bu yazdıqlarımız mövqeyində qərəz olmayanlar tərəfindən nəzərə alınacaq. Qərzlilərə isə nəyi necə deməyin heç bir fərqi yoxdur.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir