Şimdi yükleniyor

Fuad Gahramanlı: Əli Kərimli niyə məhz indi həbs olundu?

Artıq Əli Kərimliyə qarşı rəsmi ittiham irəli sürüldü, o CM 278.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Belə olacağı əvvəlcədən gözlənilən idi, aydın idi ki, onu buraxmaq üçün DTX -ya aparmamışdılar. Bəzi dostlarımızı istintaqa çağrıb sonra da onları sərbəst buraxmaq isə prosesin siyasi sifariş olmadığı, xüsusi qərəzli aparılmadığ barədə saxta təəsürat yaratmaq üçün idi. Əsas məqsəd Əli Kərimlini həbs etməkdir. Onu da etdilər.

Bütün ölkənin gözü qarşısında Əli Kərimlini şərləyib tutmaq nə deməkdir? Bu həbs niyə məhz indi gerçəkləşdi? Çünki məhz bu il azalan neft gəlirləri üzündən Azərbaycan hakimiyyəti xammal satışı üzərində qurulmuş primitiv iqtisadi modelin yaratdığı fəsadları ört-basdır edə bilməyəcəyini, bu üzdən də ölkədə sosial narazılıqların rejim üçün böyük təhlükə mənbəyinə çevrilməkdə olduğunu gördü. Azərbaycanın ÜDM-in artım səviyyəsinə, adambaşına düşən miqdarına və orta aylıq əməkhaqqına görə Cənubi Qafqazda öz qonşularından bir neçə dəfə geri qalması və bu fonda cəmiyyətdə artan sosial narazılıqlar, artıq neçə vaxtdır ki, gələcəklə bağlı hakimiyyəti ciddi şəkildə təlaşlandırmağa başlayıb.

Büdcəni doldurmaq üçün cərimələrin, dövlət rüsumlarının və vergilərin artırılması, sosial xərclərin azaldılması, idarəetmədə səriştəsizlik və səmərəsizlik, cəmiyyətdə sosial problemlərin və həyat şərtlərinin daha da ağırlaşması fonunda hakimiyyət vəziyyətdən çıxış yolunu siyasi repressiyalar yolu ilə xalqı daha çox qorxutmaqda və susmağa məcbur etməkdə görür.

Əllərindən başqa bir iş də gəlmir, bu günə qədər bacardıqları ancaq korrupsiya sxemi üzrə ölkənin sərvətlərini talamaq, bütün sahələrdə monopoliya qurub kapitalı bir əldə cəmləmək olub və artıq bu nəsələdə heç iri çəkili məmurlara belə güzəşt etmirlər. Ona görə də bu qabiliyyət , bu tamah ilə və dövlət siyasətinə çevirdikləri korrupsiya ilə bundan sonra nəsə edə biləcəklərinə heç özləri də inanmırlar. Və bu baxımdan Əli Kərimlinin həbsi vəziyyətin getdikcə pisləşməsinə İlham Əliyevin verdiyi reaksiyadır, hazırlıq tədbiridir.

Bəs iqtisadi və hüquqi islahatlar keçirmək, mərkəzləşdirilmiş dövlət siyasətinə çevrilmiş korrupsiyaya qarşı mübarizə aparmaq əvəzinə çıxış yolu kimi müxalifətə qarşı genişmiqyaslı repressiyalara başlamaq, müxalifət lideri Əli Kərimlini həbs etmək nə qədər doğru bir seçimdir?

Bu həbslər onsuz da ölkənin beynəlxalq səviyyədə pis olan imicinə daha böyük zərbə vuracaq, ölkəyə daha az investisiya gələcək, hazırkı iqtisadi böhranı yaradan səbəblər isə nəinki aradan qalxmayacaq, əksinə, getdikcə daha da kəskinləşəcək. Və beləliklə də getdikcə daha çox kasıblasan insanların dözümünə, çətinliklər qarşısında qorxudan susacaqlarına edilən “stavka” çox risklidir və bu sonsuza qədər dəyişməz qala bilməz.

Son bir neçə ildə Asiya ölkələrində baş verən xalq üsyanlarının heç biri müxalifət tərəfindən edilməyib. Sərt avtoritar rejimləri dəyişən bütün bu spontan etirazlara səbəb kasıblıqdan, hüquqsuzluqdan boğaza yığılmış sadə xalqın dözüm həddinin nəhayət ki, bitməsi olub. Ona görə də müxalifəti məhv etməyə çalışmaq, siyasi həbslər heç bir halda çıxış yolu olmayıb və ola da bilməz.

Əksinə, bu gün İlham Əliyev hakimiyyəti Əli Kərimlini həbs etməklə Azərbaycan xalqına mesaj verir ki, o, insanların kasıb və ehtiyac içərisində qalmasına səbəb olan iqtisadi siyasəti dəyişmək fikrində deyil, bunun əvəzində onları səfalətlə barışmağa, qorxu yolu ilə susdurmağa çalışacaq.

Ona görə də AXCP və Milli Şuraya qarşı olan repressiyalar, təkcə müxalifətin problemi deyil, bütövlükdə xalqa meydan oxumağın, insanların gələcəyinin indikindən də daha pis olacağının anonsudur. Təkcə bu da deyil, sərhədləri bağlı ölkəni Türkmənistana çevrirlər. Ona görə də bu gün baş verənlər təkcə AXCP -ye, Əli Kərimliiyə aid deyil, ölkəmizin sabahını necə görmək məsələsidir.

Bu siyasət dəyişməsə, nəticə hər kəs üçün ağır olacaq. Qarşıda bizi gözləyən iqtisadi böhran, siyasi xaos və sosial partlayış təhlükəsi başımızın üstündən asılmış Damokl qılıncı kimi hər an bizi təhdid edəcək.

Yorum gönder