KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Demokratiya üçün əcəl zəngi,

Fuad Gahramanlı: Demokratiya üçün əcəl zəngi,

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
49 0

Kriminal “razborkalar”, yoxsa, Azərbaycan məhkəmələri?

Tale elə gətirib ki, siyasi fəaliyyətimə görə bir neçə dəfə həbs həyatı yaşamalı olmuşam. Həbsxanada keçirdiyim illərdə azadlığın olmadığı bir mühitdə insan xarakterinin daha sərt və acımasız tərəflərini tanımaq, kriminal aləmə xas dəyər və qaydaları, ədalət anlayışını yaxından müşahidə etmək, amansız cinayətlər törətmiş insanların necə soyuqqanlı şəkildə öz əməllərinə haqq qazandırmasını, insan təbiətindəki çevrilmələri, uzun müddətli psixoloji gərginlik qarşısında şəxsiyyətin necə sınaraq tənəzzül etməsini görmək imkanım olub. Bu yazıda niyyətim heç də krminal dünya ilə bağlı həbsxana təəssüratlarımı, xatirələrimi sizinlə bölüşmək deyil.

Nə qədər acı bir gerçəklik olsa da, etiraf edim ki, bu gün ölkədə üzləşdiyimiz qəddarlıq və ədalətsizliklə müqayisədə qanunların işləmədiyi və cəmiyyət qarşısında heç bir məsuliyyət öhdəliyi olmayan cinayətkarların hökmlərinin keçərli olduğu, hər hansı humanizmdən uzaq qanqster qaydalarının hakim olduğu bu fərqli dünyada belə istinad olunası hansısa ədalət anlayışı var. Xüsusi ilə rastlaşdığım kriminal “razborkalarda” dəfələrlə şahid olmuşam ki, tərəflər cinayət aləminin qaydalarına istinadən öz haqlılıqlarını sübuta yetirmək , mübahisələri öz ədalət anlayışlarına uyğun şəkildə həll etmək imkanlarına sahibdirlər . Təsəvvür edin əgər həbsxanada hər hansı bir məhkumla bağlı mübahisəli bir məsələ yaranıbsa, bununla bağlı hökm verməzdən öncə telefonla çöldən məlumat toplandıqdan sonra yekun qərar verilir. Hətta barəsində verilən hökmdən narazı qalan məhkum “oğruya çıxıb” məsələsinə yenidən baxılmasına nail ola bilir. Həbsxanada istənilən münaqişəli və mübahisəli məsəldə hər kəsə söz haqqı tanınır və bizim məhkəmələrdən fərqli olaraq burada özünü müdafiə üçün deyilən sözlər havaya getmir, sübutun bir dəyəri, nəticəsi mütləq olur .

Ancaq nə yazıqlar olsun ki, məhkəmələrin müstəqil ədalət mühakiməsini həyata keçirməli olduğu, lakin reallıqda isə bütün bunların bir ilğıma bənzədiyi ölkəmizdə, bu gün kriminal aləmdə olan ədaləti görə bilmirik, sübutların hər hansı bir dəyər daşımadığına şahid oluruq. Əslində cinayətkar əməllərə nifrət edən bir siyasətçi olaraq bu fikirləri deməyə məcbur qalmaq mənim üçün çox üzücüdür və belə bir duruma salınmağımız bütövlükdə cəmiyyətimizin ağır faciəsi sayılmalıdır. Çünki biz bir xalq olaraq məhkəmədə sübutun heç bir əhəmiyyət daşımadığı, ədalət istəyinin istehzalı təbəssüm yaratdığı, rüşvətin tərəzidə ağırlıq basdığı , qanunun məzlumun başına endirilən qamçı kimi istifadə olunduğu, hüququn fövqündə duran imtiyazlı bir təbəqənin ağalıq etdiyi, vətəndaşlıq haqlarımızın qəsb edilərək bizimlə təbəə kimi rəftar olunan bir ölkədə yaşayırıq.

Elə bu üzdən də Əli Kərimli ilə bağlı Nəsimi məhkəməsində əsassız iddanın icraata götürülərək cinayət işi başlanması heyrət və təəccüb sınırlarımızın quru sərhədlərimizdən fərqli olaraq hələ də açıq qaldığını göstərir. Hər dəfə bu məhkəmələrdə iştirak edərkən həbsxanada cinayət aləmində belə dəyər və əhəmiyyət daşıyan sübutların, dəlillərin Əli bəyə qurulmuş “məhşər divanında” heç bir əhəmiyyət daşımadığını, həqiqətin heç bir işə yaramadığını, hökmün məhkəmədən öncə verildiyini gördükcə düşünürəm ki, İlahi biz nəinki Norveçin , Almaniyanın , İngiltərənin ədalət anlayışından çox-çox uzağıq, hətta həbsxanalarda kriminallların “razborkaları” belə Azərbaycan məhkəmələrindən daha ədalətli və obyektivdir. Bu ölkə yazıq deyilmi, onu bu hala salmağa necə qıymaq olar ?

Əslində ilk baxışda hədəfdə Əli Kərimli olsa da, bu utancverici qərar xalq olaraq konstitutsion hüquqlardan məhrum edilməyimizin, söz, fikir, fəaliyyət azadlığımızın qəsb edilməsinin, öz Vətənimizdə ancaq istismar edilən fazenda işçiləri kimi yasaya bilməyimizin , dövlətin bir qrup kleptokratın əlində belimizə qoyulan palana cevrilməsinin göstərgəsidir.

Bu gün Əli Kərimlini Aydın Əliyev barəsində siyasi qiymətləndirmə kimi işlətdiyi “iqtidarla əməkdaşlıq edir” deməsinə görə cinayət məsuliyyətinə cəlb edən bir zehniyyət, əgər beynəlxalq birliyin və Azərbaycan xalqının təpkisi olmazssa, onun həbsinin ardınca Azərbaycanı Türkmənistana, Şimali Koreyaya çevirməyi düşünür. Və bu təhlükə ölkə olaraq bizim azadlıq və demokratiya arzularımız üzərində çalınan bir əcəl zəngidir əslində.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir