Demokratiyalar, yeni növ kapitalistlər və aldadılan kutlələr.
Tezis öz antitezisini doğurur. İdeologiyaların savaşının bitdiyini, liberalizmin artıq finişə çatdığını düşünən Fukyama yanıldı. Populizmə açıq olan kıtlənin sosial şəbəkələr vasitəsilə ilə siyasətin mərkəzində yer alması və demokratik seçkilərdə oturuşmuş dəyərləri, baxışları inkar edən avantüristlərə, ifrat sağ siyasətə səs verməsi, bu gün təkcə ölkələrin daxili nizamını deyil, beynəlxalq düzəni də təhdid edən əsas təhlükəyə çevrilməkdədir…
Bu gün dünyada İqtisadiyyatın ən gəlirli və innovativ sahəsinə çevrilən İnformasiya texnologiyaları, bir tərəfdən kapitalın yeni və daha böyük təmərküləşmə mexanizminə çevrilir, digər tərəfdən də, bu nəhəng mexanizmi əlində tutan yeni tərz kapitalistlər getdikcə kütlə rəyi üzərində heç bir sərhəd tanımayan hüdudsuz nəzarət imkanları əldə edirlər. Belə görünür ki, yeni dünya hakimiyyətinin yumşaq gücü, informasiya texnologiyaları vasitəsi ilə hedonist və dəyərləri önəmsəməyen, konfort arayışı icində olan kütlələrin rəyinə nəzarət etməkdən keçir.
Çox məyus edici mənzərədir. Kütlələr onların azadlığına hörmət eyməyən, hər kəs üçün bərabər hüquqlara əsaslanan yaşayış şərtlərini dağıtmaq istəyən, kürəssəlləşməni, sərbəst, azad ticarət imkanlarını məhdudlaşdırmağa tərəfdar olan, beynəlxalq institutların rolunu şübhə altına alan, mərkəzdənqaçma çağrıslari ilə dünya nizamını xaosa sürükləyən, dəyərlərin, unversal hüquqi normaların yerinə güc anlayışını önə çıxaran, qarşıdurma və gərginlikləri təşviq edən ultra sağçılığa meyillənməklə, əslində öz kədərli aqibətlərini hazırlayırlar.
Yıxılan düzənin altında isə ilk növbədə möhtəkirlərin yalanlarına aldanmış bu zavallı insanlar özləri qalacaqlar. Sanki bəşəriyyətin gücə tapındığı dönəmlərin dramatik xatirələrini, faşizmin ağır dərslərini unudan kamformist, sosial rifah cəmiyyətləri, bu yeni dönəmdə öz qəslərinə durublar. Bunun adı topluca intihar olsun gərək ki.
Bir zamanlar sənətə, iqtisadiyyata hakim olan kütlə mədəniyyəti, zövqü necə aşağı keyfiyyətli, bayağı nəticələrə tələbat yaratmışdısa, indi də bu hegomon güc siyasətə hakim olmağa, onun ənənəvi üslubunu, diplomatik nəzakət qaydalarını, siyasi mədəniyyət normalarını əzərək, yerinə qaba, təhdidedici və primitiv leksikonu gətirir. Bu üslub dəyərlər yerinə gücə önəm verir…
Ultra sağçılıq bu gün ona meyillənmiş xalqların uzun və məşəqqətli tarix boyu dəhşətli qurbanlar verərək, çətinliklə əldə etdikləri demokratik dəyərləri, onun əsasında qurulan dünya nizamını təhdid etməkdədir. Demokratiyalar insanların xoşbəxtliyi, rifah istəkləri üzərində gəlişdikləri, inkişaf etdikləri üçün, indi elə o kütlələrin sadəlövhlüyündən, bilgisizliyindən istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışan populist, qurulu nizama meydan oxuyan ultra-sağçı siyasətçilərin qəsdindən qorumağın yolları barədə düşünməyiblər, həl ki , bunun bir yolunu tapmayıb. Bu olmazzsa, sonra gec olacaq , özü də çox gec.
Fuad Gahramanlı