Tez – tez bir birimizdən soruşuruq -“biz niyə bu gündəyik, nə zaman bir xalq olaraq bu istibdaddan, haqsızlıqlardan qurtula biləcəyik, nə zamana qədər öz azad gələcəyi üçün meydanları dolduran başqa xalqların mübarizələrinə həsrətlə baxacağıq?” Və sonra da öz miskin, əzik, susqun halımıza baxıb özümüzə, öz acizliyimizə tənə edərək, “biz elə əzilməyə, istismar olunmağa, haqqı, hüququ tapdanmağa layiqik” deyib içimizdəki qəzəbdə nə zamana qədər qovrulacağıq?
Mən bu suala cavab vermək üçün nə palitoloji nəzəriyyələrdən, nə sosialogiya elmindən istinadlar gətirib elmi müzakirə açmaq fikrində deyiləm. Ona görə ki, məsələ çox sadədir, hər kəsin biləcəyi, qavraya biləcəyi qədər sadə.
Bu günkü çıxılmazlıq sindromunun bir təməl səbəbi var : Bir xalq olaraq bizim Azərbaycan arzumuz yoxdur.
Nədir “Azərbaycan arzusu” , o nədən bu qədər önəmlidir ? Baxın, küçədə kimi saxlayıb sorsan ki, “sən dünyanın ən məhşur, tanınmış, zəngin simalarından olmaq istərsəmi?”, yəqin ki, sualımıza əksəriyyət “hə” cavabı verərdi. Ancaq bu “hə” cavabı hələ həmin adamın arzusunu, xəyallarını ifadə etmir, bu sadəcə verilən suala, təklif olunan yeni, gözəl obraza verilən müsbət reaksiyadır. Arzu isə odur ki, onu sənə nəinki kimsə təklif etməyəndə, hətta sənin əlindən almaq istəyəndə belə o istəklə, xəyalla yaşayasan, ona bir məqsəd olaraq can atasan.
Bax, bizim bütün dərdlərimizin, bəlalarımızın, milli iradəmizin yoxluğunun kökündə duran səbəb indikindən fərqli bir Azərbaycan arzumuzun olmamasıdır. Təqribən 20-30 min nəfər istisna ilə 10 milyonluq bir xalqın nə qədəri üçün demokratik azadlıqların təmin olunduğu, gəlirlərin ədalətli bölüşdürüldüyü, qanunların aliliyinin təmin olunduğu, insan hüquqlarının qorunduğu, hakimiyyətin xalq tərəfindən seçildiyi və vətəndaşların rifah içində yaşadığı bir “Azərbaycan arzusu” , idealı var?
Dediyimiz “Azərbaycan arzusu” budur, mürəkkəb bir qavram, ideoloji dərinlik deyil, hər kəsin başa düşəcəyi sadə, aydın bir istəkdir, hər kəsə azadlıq və ədalət, ləyaqətli ömür vəd edən indikindən daha fərqli, daha gözəl bir ölkə arzusudur.
Bu arzu xalq olaraq bizdə olmadığı üçün onun uğrunda mübarizə aparmırıq, mübarizə aparanlara da qoşulmuruq. Bu arzusu olmayan xalq ölkədəki bütün problemləri görüb bildiyi üçün, müxalifətin bütün danışdıqları ona bildiklərinin təkrarı kimi gəlir , ona görə də tənqidlərə qulaq asmaqda, dinləməkdə bir anlam, məna görə bilmir. Çünki, bütün bunlar o zaman bir anlam, məna daşıyar ki, insanlar müxalifətin hər gün sadaladığı problemlərin onları , yaşamaq istədikləri gözəl Azərbaycan arzusundan ayırdığını düşünsünlər, buna görə, itirilmiş, qəsb olunmuş gözəl bir həyat imkanlarına görə narahat olsunlar. Belə bir arzu, məqsəd olmadığı üçün, adamlar ən böyük oğurluq faktını, ən ləyaqətsiz işgəncə olayını, özlərinin istismar olunmasını sadəcə həyatın reallığı, yaşamalı olduqları ömrün ilahi qisməti kimi görüb qəbul edirlər, susurlar, çıxış yolu olmadığını düşünürlər.
Artıq yüz günə yaxındır ki, gürcülər meydanda öz Gürcüstan arzularını göstərirlər. Azad, demokratik, həyat səviyyəsi yüksək olan və Avropanın bir parçası kimi gördükləri Gürcüstan arzusunu xalq olaraq bölüşdüklərini, bu arzuya çatmaq istədiklərini bütün dünyaya göstərirlər.
Və bu gün xalq olaraq bizim də öz “Azərbaycan arzumuzu” inşa etməyimizə ehtiyac var. Bunun üçün təməl şərt budur ki, hər birimiz qəbul etməliyik ki, əsil lnsan kimi ləyaqətlə yaşamağımız, təkcə öz fərdi həyatımız üçün çalışmağımıza bağlı deyil, həm də sosial statusumuzdan, ideologiyamızdan, siyasi və dini mənsubiyyətimizdən asılı olmayaraq ədalətin, azadlıqların, qanunların aliliyinin, rifahın təmin olunduğu, korrupsiyanın olmadığı, ölkə arzulamağlmızdan və onu qurmağımızdan asılıdır.
Çıxış yolumuz gözəl Azərbaycan arzusunu milli arzuya çeviirməkdən keçir. Bu gün çıxış yolu nə Trampın atdığı addımlarda, nə Avropanın verəcəyi qərarlarda, nə Ukrayna savaşının gedişində və.s deyil, tək yol bir xalq olaraq hamılıqla yaşamaq istədiyimiz fərqli Azərbaycanı öz arzumuza, məqsədimizə çevirməkdən keçir.
Fuad Gahramanlı