Şimdi yükleniyor

Fuad Gahramanlı: Cənubunda müharibə gedən Azərbaycan dövləti nələrə hazır olmalıdır?

Fuad gahramanlı

 

Bu savaş Azərbaycanın geosiyasi maraqlarına hansı təsirləri göstərə bilər ?

İran və İsrail arasında davam edən müharibənin miqyasının getdikcə böyüdüyü hazırkı dönəmdə, Azərbaycan dövləti olaraq bu savaşın ölkəmizə təsirlərini diqqətdə saxlamalı və həm operativ -taktiki qiymətləndirmə, həm də strateji dəyərləndirmə ilə mümkün ssenarilərə hazır olmalıyıq. Azərbaycan dövlətinin milli maraqları baxımından bu müharibənin mümkün təsirlərini iki istiqamətdə qruplaşdırmaq olar.

l. İran daxilindəki vəziyyətlə bağlı istiqamət :

1) İlk olaraq İranda baş verənlərin ölkəmizə birbaşa təsirləri nəzərə alınmalıdır. Bu kontekstdə müharibə nəticəsində yarana biləcək kütləvi qaçqın axınını qarşısında alınacaq qərarlar indidən aydin olmalıdır. Bu məsələnin spesifikliyi ondadır ki, əgər İrandan ölkəmizə qaçqınlar gəlməyə başlayarsa, gələnlər hər hansı bir xarici ölkə vətəndaşları deyil, həm də öz soydaşlarımızı olacaq. Bunu ona görə ayrıca yazırıq ki, məsələ təkcə humanitar xarakter daşımır, həm də təhlükəsizliklə və strateji maraqlarla birbaşa əlaqəsi var. Örnək olaraq yaxın tariximizdə qardaş Türkiyənin Suriya qaçqınları ilə gördüyü işlərin nə kimi nəticələr verdiyini hər kəs gördü.

2) Müharibə nəticəsində İranda rejim dəyişikliyi baş verərsə, yeni İran hakimiyyəti Pezeşkianın öndərliyindəki hakim elitanın islahatçı qanadından təşkil olunacaq, yoxsa…Yoxsa ona görə deyirik ki, burada da iki variant var, birinci budur ki, mərkəzi hakimiyyət ölkəyə nəzarəti itirərsə, hakimiyyət boşluğu şəraitində yarana biləcək xalq etirazları nəticəsində müvəqqəti, meydanlardan gəlmə bir hakimiyyət də formalaşa bilər, az ehtimal olunan digər variantda isə, İranın bütövlüyünü qorumaq üçün və siyasətini köklü surətdə dəyişmək üçün İsrail və ABS-la yaxın əlaqəsi olan keçmiş şahın oğlu Rza Pəhləvini də hakimiyyətə gətirmək istiqamətində cəhdləri edilə bilər. Düzdür, Pəhləvinin hakimiyyətə gəlməsini öz masasında mümkün variantlardan biri kimi nəzərdən keçirənlər ölkə daxilində güclü sosial bazaya malik olmasalar da, əllərində kifayət qədər böyük güc və imkanlar var. Başqa daha az ehtimal olunan bir variant isə budur ki, rejim nə qədər zəifləsə də, daxildə sərt güc hesabına və xarici müdaxiləyə qarşı xalqın həmrəylik duyğusunu gücələndirərək, İranı qeyri müəyyən müddətə tam qapayaraq Şimali Koreya kimi qapalı bir ölkəyə çevirir.
Bu variantların hər birinin nə qədər real olması isə, ayrıca təhlil mövzusudur. Ona görə də yazımızın daha da uzanmaması üçün bu variantları sadəcə tezis şəklində qeyd edərək, ayrıca təhlil etmirik. Azərbaycan dövlətinin bu variantların hər birinə uyğun olaraq ayrıca fəaliyyət planı və yanaşması varmı və bu prosesdə İran daxilindəki 40 milyonluq Azərbaycan türkləri kartından necə istifadə etməyi, hansı məqsədləri gerçəkləşdirməyi hədəfləyir? Bununla bağlı dövlətin beyin mərkəzlərində dərin strateji təhlillər aparılırmı, yoxsa, hec bir hazırlıq olmadan, bas verənlərə sadəcə impulsiv reaksiyalar göstəriləcək, bunu bilmirik. Bu yazını da ona gorə yazıriq ki, bu işləri yubanmadan görmək lazımdır.

3) İranda rejim çökərsə və xarici güclər özlərinə yaxın bildikləri etnik azlıqları və ya onların silahlı təşkilatlarını dəstəkləyərsə, kəsin sosial ziddiyyətlər və milli zəmində mərkəzdəmqaçma prosesləri genişlənərsə, mövcud mərkəzi hakimiyyət ölkəyə nəzarəti itirərsə, o zaman bu vəziyyətdə Güney Azərbaycan türklərinin taleyi ilə bağlı Şimali Azərbaycan dövlətinin strateji və operativ taktiki planları nədir? Unutmayaq, Güney Azərbaycanla bağlı yanaşma təkcə İrandakı soydaşlarımıza duyğusal olaraq empati duymaq məsələsi deyil, bu dövlət olaraq yeni dünya düzənində beynəlxalq münasibətlərdəki yerimizi, bütövlüyümüzü, milli gücümüzü, təhlükəsizliyimizi və bu coğrafiyada geopolitik rolumuzu bəlirləyən bir məsələdir. Hazırda Güney Azərbaycan məsələsi ilə bağlı İsrail, ABŞ, və Britaniya ilə diplomatik kanallarla bir təmasımız varmı? Bunlardan daha önəmlisi isə Türkiyə ilə ortaq strateji qiymətləndirməmiz, vahid hərəkət planımız varmı? Bu suallara publik deyilməsə də, aydın verilən cavablar olmalı, hər bir variant üçün dövlətin öz fəaliyyət planı və diplomatik kombinasiya layihəələri hazırlanmalıdır.

ll. Azərbaycan dövlətinin xarici siyasəti ilə bağlı istiqamət:

1) Azərbaycanın bu gün xarici siyasətdə əsas müttəfiqləri arasında İranda baş verənlərə münasibətdə kəskin fikir və mövqe fərqlilikləri görülməkdədir. Azərbaycandan fərqli olaraq, bu gün Türkiyə və Pakistan İsrailin İrana hücumlarına qarşı kəskin mövqe nümayiş etdirirlər. Britaniya isə bu prosesdə ABŞ-la sinxron hərəkət etməyə üstünlük verir. Əgər, ABŞ müharibəyə qatılacaqsa, o zaman Britaniyada böyük ehtimalla onunla birlikdə anti-İran koalisiyasında olacaq. Bu halda Azərbaycan İran savaşında tətəfə çevrilmədən, öz qonşuluğunda sülhdən yana olan ölkə kimi, indiki həssas məqamda strateji maraqları toqquşan müttəfiqləri ilə münasibətləri qoruyub saxlamağa çalışmalıdır.

2) Ancaq, bu, o demək deyil ki, proseslərin gedişində, əgər qeyri rəsmi bir İran masası qurulacaqsa, biz Azərbaycan dövləti olaraq bu masadan kənar qalmamalıyıq. Bu strateji səhv və uğursuzluq olar. Düzdür, bizim dövlət olaraq öz gücümüz təkbaşına belə bir masada yer almağa imkan yetməsə də, həm İrandakı Guney Azərbaycan kartına sahib çıxmaqla sahədə təsir gücü qazanaraq, həm də ki, Türkiyənin dəstəyi ilə öz milli maraqlarımızı və təhlükəsizliyimizi qorumaq üçün sözümüzü eşitdirə, mövqeyimizi qəbul etdirə bilərik. Vaxtı ilə İraq əməliyyatı zamanı Türkiyənin Kərkük məsələsində buraxdığı səhvi bir daha təkrarlamaq olmaz və bundan ciddi dərslər çıxarılmalıdır. Bu baxımdan qardaş Türkiyə və Britaniya ilə kordinasiyalı hərəkətə calısmaq və İrandakı müharibədən mümkün qədər uzaq qalmaq, bu gün dövlətimizin strateji maraqlarına daha uyğundur.
Fuad Gahramanlı 

Share this content:

Yorum gönder