Qərb -Rusiya geosiyasi savaşının pərdəarxası.
Regionumuz qaynayır. Gürcüstanda Rusiya meyilli hakimiyyətlə Qərbə inteqrasiya tərəfdarı xalql, Ermənistanda demokratik hakimiyyətlə Moskvaya bağlı 5-ci kalon, Azərbaycanda isə Kremlin müttəfiqi iqtidarla Qərb arasında gərginlik getdikcə dərinləşir. Bu gün baş verənlər Putinin Cənubi Qafqazda revanş cəhdidir və Qərbin Ukrayna savaşının nəticələrini gözləmədən regionda geosiyasi nəzarəti almaq planlarına qarşı Rusiyanın əks həmləyə keçdiyini göstərir. Ona görə də səhnədə kimlərin olmasından asılı olmayaraq pərdə arxasında geosiyasi savaş aparan Qərb və Rusiya var.
Bu gün Gürcüstanda baş verənlər həm də ona görə önəmlidir ki, əgər İvanaşvili “xarici agentlər” haqqında qanunu qəbul etdirib hələ üstəlik oktyabrda keçiriləcək seçkilərdə hakimiyyətdə qala bilsə, o zaman Paşinyan hakimiyyətini Avrointeqrasiyaya kursuna görə təkcə Azərbaycan vasitəsilə ilə təhdid etməyə gərək qalmayacaq, Rusiya Ermənistanın Qərbə çıxış yolunu nəzarətə götürməklə öz təzyiq imkanlarını xeyli gücləndirə biləcək. Bu həm də Qərblə kəskin gərginlik yaşayan Azərbaycan hakimiyyətinə də nəfəs dərmək imkanı verəcək və Avropanın başı bir müddət üçün Gürcüstan və Ermənistanda qarışacağına görə, daha Bakı ilə o qədər də dərinə getməyə ehtiyac qalmayacaq. Çünki bu halda Rusiyanın müqaviməti həm də geosiyasi səbəblərdən qabaran insan haqları mövzusunda basqıların effektivliyni zəiflədəcək.
Ancaq Gürcüstanda dünən keçirilən 100 minlik etiraz aksiyası onu göstərdi ki, xalq birləşdirici müxalifət qüvvəsi olmasa da, Avrointeqrasiya ideyası ətrafında birləşərək vahid bir milli iradə meydana çıxara bilib. Bu çox önəmli bir nəticədir və güclü müxalifət olmadan belə xalqın siyasi proseslərdə aktiv subyekt kimi çıxış etməsinə imkan verir. Gürcüstan müxalifəti siyasi baxımdan zəif və dağınıq vəziyyətdədir, ortada parlaq bir lideri də yoxdur, bu şəraitdə onun seçki lərdə “Gürcü arzusuna” qalib gəlmək imkanları da o qədər yüksək deyil. Ancaq cəmiyyətdə siyasi bölünmənin Rusiya yanlılarla Avrointeqrasiyaya tərəfdadarları arasında getməsi, oktyabr seçkilərində İvanaşvilinin mövqeyini əhəmiyyətli dərəcədə zəiflədərək onun vətəndaş cəmiyyətinin öncüllük etdiyi spontan xalq hərəkatına məğlub olması ehtimalını da xeyli dərəcədə artırır. Ancaq istisna edilmir ki, izdihamlı aksiyalar davamlı xarakter alarsa, bu heç oktyabrı gözləmədən xalq inqilabı ilə də nəticələnə bilər.
Ermənistanda isə arxiyepiskop Baqrat Qalstyanın liderliyi ilə kilsə və müxalifətin birlikdə təşkil etdiyi Rusiyadan yönləndirilən “Vətən naminə Tavuş” hərəkatının 2 gün öncə keçirdiyi 20 minlik aksiya Paşinyan hakimiyyətinə qarşı indiyə qədər keçrilmis ən kütləvi etiraz hesab olunur . Ancaq cəmiyyətdə nüfuzu yerlə sürünən müxalifət liderləri Köcəryan və Sərksiyan korrupsioner və Rusiyanın əlaltıları kimi tanındıqları, müharibə tərəfdarları kimi qəbul edildikləri üçün Avrointeqrasiyaya tərəfdarı olan erməni xalqı bu günə qədər onlara kütləvi dəstək verməyib. Ona görə də Moskva indi ermənilər arasında mühüm təsiri olan kilsəni də işə qatmaqla vətəndaş itaətsizliyi yolu ilə növbəti dəfə Paşinyanı devirməyə cəhd edir. Ancaq dünəndən başlayaraq İrəvanda keçirilən etiraz aksiyalarına qatılanların sayında əhəmiyyətli azalma görünür. Son bir gün ərzində 50-dən artıq aksiya iştirakçısı isə yolları bağlamaq cəhdinə görə saxlanılıb. Kütləvi dəstəyinin azaldığını görən Qalstanyan və dəstəsi ali məktəblərə gedib tələbələri kütləvi itaətsizliyə çağır, hakimiyyətin nəzarət edə bilməyəcəyi xaos durumu yaratmağa çalışırlar. Ancaq xalq bu kütləvi etiraz və itaətsizlik aksiyasına qatılmayacaqsa, o zaman bu yolla siyasi böhran yaratmaq və Paşinyanı kütlə gücü ilə istefaya məcbur etmək də mümkün olmayacaq. Bu gün Qarabağ savaşında Azərbaycana məğlub olmuş erməni xalqı Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına həm də ona görə maraqlı deyil ki, onu əvəz edəcək 5-ci kalonu təmsil edən müxalifətin hakimiyyətə gəlişi yeni müharibə təhlükəsi yaradı, bu isə insanları qorxudur. Qalstanyanin üzdə liderlik etdiyi hərəkatın həm də ona görə uğur qazanmaq şansı yoxdur ki, indi Ermənistanda siyasi secim müharibə tərəfdarları olan revanşistlərlə sülh istəyən Paşinyan arasındadır və müharibədən qorxan erməni xalqı da indiki hakimiyyətin qalmasında maraqlıdır.
Ona görə də Moskvadakı görüşdə Paşinyanla razılaşıb, sonra da 5-ci kalonun əli ilə onu devirmək üçün arxada planlar quran Putinin arzusu bu dəfə də çox böyük ehtimalla baş tutmayacaq.
Fuad Gahramanlı