Fuad Gahramanlı: Belə seçki hakimiyyətin nəyinə lazımdır?
Qəbirstanlıqda seçki və qeydə alınmayan namizədlər.
Müxalifətin iştirak etmədiyi parlament seçkisi (təyinatı) elə dərin qəbirstanlıq sükutuna qərq olub ki, AXCP -nin boykot qərarı ətrafında müzakirələr olmasaydı yəqin ki, ölkədə seçki olduğunu xatırladan hər hansı bir əlamət də sezilməzdi. Hətta bu şəraitdə belə hər fürsətdə hakimiyyətə mədhiyyə deyən və bəzən də özünü müstəqil göstərməyə çalışan şəxslərin namizədliyinin qeydə alınmadığını görürük. Belə görünür ki, müxalifətin iştirakı olmadan keçirilən seçkidə hakimiyyət öz orbitində olan şəxslərin arasında belə hər hansı rəqabət görüntüsünün yaranmasında maraqlı deyil.
Əslində bu yolla bütün ölkəyə o mesaj verilir ki, istənilən rəqabət və ya müstəqil təşəbbüs artıq qəbuledilməz sayılır. Bir halda ki, real müxalifət seçkidə iştirak etmir və buna görə də seçkidə hər hansı rəqabət görüntüsü yaratmaq imkanı da yoxdur o zaman açıq görünməlidir ki, belə bir seçkidə nəinki deputat təyin oluaq, hətta namizəd kimi qatılmaq da hakimiyyətin razılıq və istəyi əsasında olur. Çünki bu razılıqdan kənar namizəd olmaq istəyən şəxslər hər nə qədər özlərini hakimiyyətin məddahı kimi göstərsələr də, onlar öz iddia və təşəbbüsləri ilə prosesə qatıldıqları üçün rejimin avtoritarizmdən totalitarizmə keçid qaydalarına qarşı çıxmış olurlar. Bir qayda olaraq rejim əvvəl öz çevrəsində vintləri bərk sıxır, sonra da ona uyğun siyasi sistemə əl gəzdirir.
Bu həm də onun əlamətidir ki, bu gün siyasi meydanda mövcud olan “avtobus müxalifəti” də, ortalıqda var-gəl edənlərin də mövcudluğu ki, ölkədə AXCP və Milli Şuranın nümunəsində real müxalifətin varlığına baglıdır. Əks təqdirdə siyasətdə vəziyyət elə seçkilərdəki kimi olardı və hakimiyyət kimlərisə avtobusa mindirmək ehtiyacı hiss etməzdi. Təsadüfi deyil ki, avtobus müxalifətinin rəhbərləri belə bu dəfə təyinatlı seçkiyə buraxılmadılar. Niyə?
Ona görə ki, artıq hakimiyyətin gələcəklə bağlı narahatlıqları elə bir səviyyəyə çatıb ki, kimliyindən və siyasi mövqeyindən asılı olmayaraq siyasi iddiası olan hər bir şəxsi arzuolunmaz hesab edilir. Hətta Vahid Əhmədov nümunəsi onu göstərdi ki, hər hansı məsələdə tənqidi yox, adi müstəqil fikir yürütmək meyli olan şəxslər belə rejim üçün yad element saylır. Halbuki Vahid Əhmədov kimi şəxslərin Milli Məclisdə olmasının ictimai rəydə hakimiyyətin reytinqinə müsbət təsir göstərədiyini çox az adam inkar edə bilər.
Təsadüfi deyil ki, bu gün hakimiyyət namizədləri belə formal da olsa seçki kampaniyası aparmağa maraqlı görünmürlər. Buna gərək də yoxdur və Azərbaycan cəmiyyəti görməlidir ki, onun fikri və səsi o qədər əhəmiyyətini itirib ki, daha görüntü xatirinə olsa da onun səsini almaq, dəstəyini göstərmək üçün teatral da olsa nəsə etməyə ehtiyac duyulmur. Ona görə də böyük ehtimalla bu dəfəki seçki prosesində ötən dəfə geniş yayılmış “nənə qucaqlama” kampaniyasına da gərək duyulmayacaq. Əvvələr hakimiyyət nəticələrini saxtalaşdırdığı seçki prosesinə zahirən demokratik görüntü vermək üçün hər şey edirdisə, ancaq indi hətta özünü aldadıb hansısa iddiaya düsənlərə belə göstərmək istəyirlərlər ki, heç kim boşuna xəyal qurmasın, bu ölkədə eçki deyilən bir şey yoxdur.
Share this content:
Yorum gönder