KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Bayden Putin görüşü nə ilə nəticələndi?

Fuad Gahramanlı: Bayden Putin görüşü nə ilə nəticələndi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
299 0

Məlum olduğu kimi dünən ABŞ prezidenti Baydenlə Rusiya prezidenti Putin arasında 2 saatdan artıq çəkən görüş keçirilib. Görüşün əsas müzakirə mövzusu Ukrayna ətrafında yaranan gərginlik olub. ABŞ prezidenti bu görüşdən öncə Fransa, Almaniya, İtaliya və İngiltərə rəhbərləri ilə danışaraq onların dəstəyini almağa nail olub və görüşə də faktiki olaraq Qərbin təmsilçisi kimi qatılıb.
Görüşdən sonra Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan bildirib ki, nəticələr yuxarıda adları çəkilən ölkələrlə də müzakirə olunacaq. Bu, o deməkdir ki, ABŞ Rusiyaya ilə münasibətlərdə Qərbin geosiyasi baxımdan səfərbər olunmuş şəkildə davranmasını və birgə addımlar atmasını istəyir. Bildirilir ki, əgər Rusiya Ukraynaya hərbi təcavüz edərsə bu, Qərbin çox ağır “cəhənnəm sanksiyalarını ” tətbiq etməsi ilə nəticələnə bilər.
Görüş haqda təfəürratlı məlumatlar olmasa da, Rusiya tərəfin verdiyi ilkin açıqlama bəzi nüansları aydınlaşdırır. Rusiya tərəfindən verilən məlumatda deyilir ki, “Putin Ukrayna məsələsinə görə birtərəfli şəkildə məsuliyyətin Rusiyanın üzərinə qoyulmasına etiraz edir və problemin əsas səbəbi kimi NATO – nun Moskvanın qırmızı xəttlərini keçərək bu ölkənin sərhədlərinə doğru genişlənməsini” görür.
Demək ki, bu görüşdə Bayden Rusiyanın hərbi təcavüz səbəbi kimi NATO nun genişlənmə planlarını bəhanə gətirməsini qəbul etmədiyini, Rusiyanın iddialarının heç bir geosiyasi və təhlükəsizlik marağı ilə əsaslandırıla bilməyəcəyini əsas tezis kimi qabardıb. Zatən bu görüşdən öncə Bayden onsuz da Rusiyanın qırmızı xəttini tanımadığını bildirməklə, Moskvanın “yaxın xaric” ərazilərini Qərbin müdaxiləsi üçün açıq sahə olacağına işarə etmişdi. Bu isə yaxın dönəmdə Qərb blokunun hərbi – siyasi strategiya baxımından Rusiyaya qarşı hücumda oynayacağı anlamına gəlir.
Putin isə Ukrayna vasitəsilə Qərbi şantaj hədələrinin keçmədiyini görüb ancaq şikayətlənməklə məşğuldur. İndi daha aydın görünür ki, Putin birləşmiş Qərbin ağır sanksiyaları və Ukraynaya verdiyi hərbi dəstək müqabilində öz hərbi təcavüz iddialarını gerçəkləşdirmək iqtidarında deyil . Bu görüşdən sonra, Qərbin ağır sanksiyalar xəbərdarlığı qarşısında Putinin öz aqressiv hədələrindən geri çəkilməsi və Ukrayna sərhədinə yığıdığı 170 minlik qoşunun yerində sayması, Rusiyanın siyasi baxımdan açıq aşkar məğlubiyyəti sayılacaq. Bununla aydın olacaq ki, bütün aqressiya və imperial iddialarına baxmayaraq, Rusiya NATO-nun öz sərhədlərinə dirənməsini önləmək və Avropanı hərbi güclə təhdid etmək imkanlarını artıq itirib. Bu geosiyasi baxımdan Rusiya imperializminin iflic oluması və strateji məğlubiyyəti deməkdir.
Geostrateji baxımdan Ukrayna məsələsi bu gün postsovet məkanının açar məsələsidir və əgər Qərb burada qalib gələcəksə bu növbəti istiqamətlər üzrə geosiyasi həmlələr üçün zəmin yaradacaq. Bu baxımdan Avropa cəbhəsindən sonra Qərb bloku ilə Rusiyanın növbəti qarşı durma xəttinin Cənubi Qafqaz olacağı gözlənilir. Heç də təsadüfi deyil ki, 3 gün öncə Qaradəniz üzərində uçuş edən ABŞ kəşfiyyat təyyarəsi gözlənilmədən Azərbaycan və Ermənistan sərhədi üzərindən uçaraq, Gürcüstana eniş etməklə Qərbin yeni hədəfini işarə verirdi.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir