Bu təbrik idi, yoxsa, tələbnamə
ABŞ prezidenti Cozef Bayden 28 May Respublika Günü münasibətilə İlham Əliyevə ünvanlanan təbrikini ənənəvi təbrik məktublarından hesab etmək olmaz. Bir qayda olaraq Belə təbrik olmur. Bu əslində təbrik məktubu formasında İlham Əliyevə ünvanlanmış tələbnamədir. Bayden məktubunda İlham Əliyevə xitabən bunları söyləyib :
“Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”.
Məktubda yer alan bu ifadənin ehtiva etdiyi mənanı görmək üçün heç də diplomatik ifadə üslubuna bələd olmağa ehtiyac yoxdur. ABŞ prezidenti ilk dəfədir ki, işlətdiyi bu ifadə ilə azərbaycanlıların hüquq və fundamental azadlıqlardan məhrum olmasını nəzərə çatdıraraq ona çağırış edir. Məhz bu problemdən çıxış edərək o İlham Əliyevi bu azadlıqlara təminat verən demokratik idarəetmə və islahatlar yönündə addımlar atmağa dəvət edir. Əks təqdirdə olan bir şey etmək üçün çağırış edilməz. Bu deyilənləri qəbul etməmək isə ABŞ- prezidentinin dəvətini geri çevirmək deməkdir.
Dünən Bakıda həyata keçirilən həbslər, əslində, İlham Əliyevin bu dəvəti necə dəyərləndirdiyini göstərdi. Bundan öncə isə DİN vasitəsilə ilə Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmadığını bəyan edən İngiltərə səfirliyinə sərt reaksiya verilmişdi.
Baş verənlər onu göstərir ki, Azərbaycan hakimiyyəti hələ də dünyada və regionumuzda baş verən qlobal dəyişikliklərin mahiyyətini anlaya bilmir. Görünür hesab edirlər ki, bu cür aqressiv reaksiya göstərəndə, Qərb də buna görə Azərbaycanla gərginlik yaranmaması üçün öz tələblərindən geri çəkiləcək. Əvvələr demokratiya ilə bağlı tələbləri olanda və Azərbaycan da bunu kağlz parças adlandırıb sərt münasibət göstərəndə, Qərb ölkəmizin Rusiya ilə daha çox yaxınlaşmaması üçün öz mövqeyində çox da israr etmirdi. İndi İlham Əliyev Qərblə münasibətilərdə yenə eyni davranış tərzini davam etdirib etdirə bilməyəcəyini bilmək üçün bir növ test yoxlanışı edir. Baydenin məktubundan sonra dünən Bakıdakl həbslər bu test yoxlaması idi.
Ancaq indiki situasiya tamamilə fərqlidir. Daha Putinin himayəsinə sığınmaq imkanları da yoxdur. Baydenin birləşdirdiyi Qərb dünyası avtoritarizmi demokratiya üçün təhlükə kimi qəbul edir. Və ən əsası da Qərbin əlində Azərbaycan hakimiyyətinin korrupsiya yolu ilə yığdığı 10 milyardlarla çirkli pullara əl qomaq kimi təzyiq mexanizmi var. Və bütün bunlarla yanaşı Azərbaycanda demokratik azadlıqların olmadığını bəyan edən İngiltərə və onun müttəfiqi ABŞ-n hazırkı rəhbərliyi öz qarşılarına Rusiyanın himayə etdiyi avtoritar sistemi çökdürmək kimi bir qlobal məqsəd qoyublar. Ona görə də Azərbaycan bu yöndə ünvanlanmış mesajları bu dəfə yola vermək real görünmür.
Görünür Azərbaycan hakimiyyəti ehtiyyat edir ki, Qərbdən gələn bu cür mesajların sayı çoxaldıqca bu Azərbaycan xalqında ümidləri artıra bilər. Ona görə hakimiyyət Azərbaycan xalqına göstərmək istəyir ki, heç də ümidlənməsin. Ancaq iqtidar unudur ki, bu gedişlə Qərblə yarana biləcək konfrantasiya ona sərt sanksiyalar perspektivi vəd edir və bunu önləmək üçün nə enerji kartı, nə də ki, Qarabağla bağlı təhlükəsizlik danışıqları yetərli deyil.
Fuad Gahramanlı