KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Azerbaycan batıya blöf mü yapıyor

Fuad Gahramanlı: Azerbaycan batıya blöf mü yapıyor

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
146 0

Azərbaycan Qərbə qarşı blef edir?

Qərbin insan haqları tələbinin geosiyasi mahiyyəti varmı?

Azərbaycanla və Qərb münasibətlərində yaranmış gərginlik getdikcə dərinləşməkdədir. Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı Qərbdən gələn çağırışlara verdiyi aqressiv reaksiya bu məsələni gündəmdən çıxarmaq yerinə eyni məzmunlu tələblərin təkrarlanması və diplomatik üslubun yol verdiyi çərçivədə kəskinləşməsi ilə müşayiət olunur.
Bəs bu gərginlik hara qədər davam edəcək? Azərbaycanın Qərblə münasibətlərində seçilən indiki ritorika geosiyasi oreyantasiyanı əks etdirir, yoxsa, bu, sadəcə blef olaraq Qərbə təsir etmək üçündür ?

Rusiyanın son aylar ərzində Ukrayna cəbhəsində az da olsa irəliləyə bilməsi və sanksiyalarının gözlənilən nəticələri verməməsi, müharibənin ilk vaxtlarında Qərbin regionumuzda rolunun arta biləcəyinə görə məyus olmuş Azərbaycan hakimiyyətində bu gün açıq sezilən revanş ovqatı yaradıb. Hətta bir il öncəyə qədər hakimiyyət düşərgəsində gələcəklə bağlı narahatlıqlar üzündən prezident seçkiləri bir il qabağa çəkilmiş, seçkilər 2025- çi ildə keçirilərsə bu dövlətçiliyi (yəni hakimiyyəti) təhlükə altına atar kimi əndişə dolu bəyanatlar səslənməsinə səbəb olmuşdu. Lakin indi o mərhələ arxada qalıb və Rusiya mərkəzli beynəlxalq avtoritarizm büt cəbhə boyu revanş cəhdi göstərərək anti Qərb ritorikası ilə əks geosiyasi həmləyə keçib. Bu proses Afrikadan tutmuş, Orta və uzaq Şərqə, Cənubi Qafqaza qədər geniş bir arealı əhatə edir.
Son vaxtlar Cənubi Qafqazda Gürcüstanın mövqeyindəki kəskin dəyişmə, Ermənistanda Qalstanyanin rəhbərliyi ilə 5-ci kalonun Paşinyanı devirməyə növbəti dəfə cəhd göstərməsi fonunda Azərbaycan hakimiyyətinin də Qərbə qarşı getdikcə sərtləşən ritorikası Rusiya mərkəzli qlobal avtoritarizmin revanş prosesinin tərkib hissəsi hesab oluna bilər.

Aydındır ki, Azərbaycan iqtidarı Rusiya ilə bir cinahda yer alarkən Qərbin də mümkün təzyiq alətlərinini nəzərə alıb və bu zaman hakimiyyətin ömrünü daha çox uzatmaq məqsədini əsas götürrək Moskva ilə bağlı indiki seçimimi edib. Bir çoxları yalnız ilk baxışda haqlı olaraq hesab edirlər ki, İlham Əliyevin bu seçimi strateji xarakter daşımır və bu hələ o demək deyil ki, o, Qərblə münasibətlərdə qırılma nöqtəsinə qədər getməyə hazırdır. Güman edilir ki, onun indiki kəskin anti-Qərb mövqeyi daha çox”blefdir” və o, bu yolla qarşı tərəfə “məndən demokratiya tələb edərsinizssə daha çox bunun əksini görərsiniz” mesajını verməyə çalışır . Görünür ki, İlham Əliyev özü də inanır ki, bu cür davranarsa Qərbi insan hüquqları ilə bağlı tələblərindən vaz keçməyə məcbur edə biləcək.
Ancaq yuxarıda qeyd etdiyimiz fikirdə olanlar güman edirlər ki, İlham Əliyevin heç də indiki siyasi kursu sona qədər davam etdirmək imkanı yoxdur, çünki korrupsiyalaşmış Azərbaycan hakimiyyət elitası öz sərvətlərini daha çox Avropada yerləşdirdiyi və ölkənin dövlət aktivlərinin əksər hissəsi Qərbdə olduğu üçün, o , istəsə belə Lukaşenkonun cizgisi ilə gedə bilməz. Hesab edilir ki, ölkənin iqtisadi əlaqələrinin 70% Qərblə bağlı olduğuna görə bu asılılğı Azərbaycan hakimiyyəti nəzərə almağa məcburdur.

Hakimiyyətin bu məsələyə yanaşması isə tam fərqlidir. İqtidarda hələ də belə hesab edirlər ki, Ermənistanla sülh müqaviləsi imzalanarsa, bu, Qərbin aqressiyasını xeyli dərəcədə zəiflədər və bununla da qtisadi əlaqələri kəsmək, dövlət aktivlərini dondurmaq, hakim elitanın şəxsi əmlakı üstünə həbs qoymaq kimi ağır sanksiyalara da gərək qalmaz. Düşünülür ki, bu halda insan hüquqları məsələsinə görə Qərb uzaqbaşı ayrı -ayrı məmurlara viza qadağası qoymaq kimi yüngül sanksiyalarla kifayətlənər ki, bu da hakimiyyət üçün bir o qədər də ciddi təhlükə yaratmaz . Bu gün hakimiyyətdə belə düşünürlər ki, Rusiyanın Ukraynada dirəniş göstərdiyi indiki məqamdan bir fürsət kimi istifadə edib vətəndaş cəmiyyətini və real müxalifəti mümkün qədər əzib gələcək üçün rejimə daxildə problem yaradacaq qüvvə saxlamamaq lazımdır. Bu məqsədlə də indiki siyasi kursa Ukrayna müharibəsinin necə yekunlaşmasından aslı olmayaraq rejimin özünü qoruma mexanizmi kimi baxılir. Ona görə də, İlham Əliyevin indiki siyasi kursu heç də blef deyil və o, şərtlər imkan verdiyi qədər bu siyasəti davam etdirmək niyyətindədir. Görünür ,o, əmindir ki, bütün etirazlara , narazılıqlara baxmayaraq onun insan haqlarını boğan sərt siyasətinə qarşı Qərb ağır sanksiyalarla qarşılıq verib dur deməyəcək.

Bu baxımdan Azərbaycan hakimiyyətinin indiki sərt siyasi kursunu “blef” kimi dəyərləndirmək doğru deyil və əslində İlham Əliyev bu gün Rusiyanın yanında yer alaraq ölkə daxilində avtoritarizmə qarşı müqavimət ocaqlarını söndürməyə çalışır. Bununla da hesab olunur ki, Rusiya qalıb olarsa, indiki siyasəti biraz da sərt formada davam etdirmək üçün yeni imkanlar yaranacaq, yox, əgər Moskva məğlub olarsa, o zaman da daxildə avtoritar rejimə qarşı müqaviməti təşkil edəcək güc mərkəzləri zəiflədildiyi üçün Qərbin tələblərini bir müddət də oyalamaq, yola verməklə gələcəkdə insan hüquqları sahəsində çox ləng , tədrici geri çəkilmə ilə rejimin ömrünü daha bir müddətə də uzatmaq mümkün olacaq. Bu zaman da sərt basqılardan sonra siyasi müxalifətə start vəziyyətinə gəlib çıxması üçün əlavə vaxt lazım olacaq.

Bu yazında əks diametral zidd fikirləri ona görə ətraflı izah etdik ki, kimsə gələcəyimiz nəticənin birtərəfli olduğunu zənn etməsin. Hakimiyyət üçün məsələnin diqqətdən qaçırılan tərəfi odur ki, Qərbin insan hüquqları ilə bağlı tələblərinin arxasında duran geosiyasi niyyətləri hesaba qatmırlar. Güman edilir ki, insan haqları deyərkən Qərb sadəcə öz dəyərlərinə əhəmiyyət verir, onlara hörmət tələb edir və humanitar baxımdan da Azərbaycanda siyasi məhbus kimi insanların haqsız yerə cəza çəkməsinə görə narahat olur. Sadəcə bu qədər. Ancaq unudulur ki, əslində insan hüquqları, demokratiya Qərb üçün təkcə cəmiyyətlərin idərəolunma modelini müəyyənləsdirən dəyər anlayışı deyil, bu həm də öz təsirini genişləndirməyin, yayılmanın və öz maraqlarını təmin etməyin digər xalqların nəzərində legitim qəbul edilən ifadə formasıdır. Bu baxımdan demokratiya həm də bu gün beynəlxalq siyasətdə yeni dünya düzəninin qurulmasında geosiyasi rəqabət aləti kimi çıxış edir.

Azad bazar, hüququn aliliyi, ifadə və seçki azadlığı, müstəqil məhkəmə, sərbəst tənqidçi media olduğu yerdə xalqlar və siyasi qüvvələr öz gələcəklərini, müttəfiqlərini də Qərbdə görürlər. O zaman Qərbin bu gün Azərbaycan hakimiyyətindən tələb etdiyi insan hüquqlarına hörmət təkcə Azərbaycan vətəndaşlarının qayğısına qalmaq üçün deyil, bu ilk növbədə Cənubi Qafqazın 70%- ni əhatə edən Azərbaycanı Rusiyadan qoparıb regionu bütövlükdə Avropanın siyasi sərhədlərinə daxil etmək kimi geostrateji bir planının gerçəkləsdirmə şəklidir. İlham Əliyevin Ermənistanla sülh imzalanması qarşılığında insan haqları məsələsini kənara qoymaq təklifinin qəbul olunmaması, Berlində və Vaşinqtonda keçirilən nəticəsiz danışıqlardan sonra Qərbin israrla öz tələblərini təkrarlamasının da səbəbi də yuxarıda izah etdiyimiz geosiyasi planla bağlıdir.
Demokratik olmayan Azərbaycan Avropa Şurasında qala bilmirsə, o necə Avropa Birliyinin genişlənmə strategiyasında rol alacaq? Demək ki, Qərbin bu gün ilk baxışda siyasi məhbusları tam şəkildə azad etmək tələbi təkcə insan haqları məsələsi deyil, bu həm də avtoritar rejimi demontaj edib onu tədricən demokratik açılıma vadar etmək, dəyərlər zəminində AB -nin sərhədlərini Xəzərə doğru genişləndirmək və Rusiya regionundan uzaqlaşdırmaq strategiyasının əsas tələblərindən biridir.

Bu isə o deməkdir ki, Azərbaycan hakimiyyəti bu gün siyasi məhbusları azad etməməkdə və demokratik azadlıqları boğmaqda israr edəcəksə, Qərbin buna reaksiyası güman edildiyi kimi sadəcə ayrı- ayrı məmurlara qarşı viza qadağası ilə məhdudlaşmayacaq. Bu getdikcə sərtləşən və dərin sanksiya mexanizmlərini isə düşməsi ilə nəticələnəcək bir bir təzyiq prosesinə cevriləcək. Eyni zamanda Rusiya ilə geosiyasi savaşın getdiyi indiki dövrdə Qərbin Azərbaycanının indiki xarici siyasət seçiminə də uzun müddət dözüm nümayiş etdirəcəyini gözləmək sadəlövhlük olardı. Son vaxtlar ard -arda ən yüksək səviyyədə Qərbdən səslənən tənqid və çağrışlar da məhz bu istiqamətdə prosesin ləng getməyəcəyinin əlaməti kimi dəyərləndirilə bilər.

Belə görünür ki, bu gün Azərbaycan hakimiyyəti ÜDM-nin 1%-lik artım tempi ilə, xammal ixracı üzərində qurulmuş idxalatdan aslı iqtisadiyyatla və korrupsiya yolu ilə əldə edilmiş nəhəng sərvətləri risqə ataraq özünü Rusiya ilə qarşıdurmada aqressivləşmiş Qərbin açıq hədəfinə çevirir. Anlamaq heç də çətin deyil ki, Azərbaycan hakimiyyətinin indiki müqaviməti Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiya il bağlı nəhəng geostrateji planları yolunda tıxaca çevrilmək deməkdir və bu yolu seçmək nəinki rejimin ömrünü uzatmağa imkan yaratmaz, əksinə daha təhlükəli formada prosesi sürətləndirə də bilər. Çünki Asiya- Sakit okean boyu mühasirəyə alınmış Çini cevrələmə siyasətinin tamamlanması üçün Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb ardınca da Xəzəri keçib Mərkəzi Asiyada möhkəmlənmək lazımdır. Və bu prosesdə Turan ideyası, türk birliyi də anqlosaks ağlı ilə idarə olunan və sahə hakimiyyəti veriləcək Qərb yönümlü bir layihə kimi regional güc mərkəzinə çevriləcək. Ona görə də indiki geosiyasi savaşa qlobal strateji baxışla yanasdıqda Azərbaycan hakimiyyətinin seçdiyi hazırkı siyasi kurs çox böyük risq və təhlükələr içərir.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir