KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Azərbaycan və Rusiya arasında dərinləşən narazılığın pərdə arxası

Fuad Gahramanlı: Azərbaycan və Rusiya arasında dərinləşən narazılığın pərdə arxası

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
296 0

Azərbaycan ordusuna nəzarət uğrunda gizli rəqabət.

Hiss olunur ki, Azərbaycanla Rusiya arasında şimal küləkləri əsməyə başlayır. Hələ ki, baş verənlər ictimaiyyətdən gizlədilməyə çalışılsa da, bəzi simptomlar artıq görünməkdədir. “İskəndər M” raketi ilə bağlı məsələnin İlham Əliyev tərəfindən dilə gətirilməsi, Rusiyaya qarşı narazılığın çox sakit formada da olsa ifadəsi deməkdir. Dövlət başçısı 2 ay əvvəl dandığı məsələni, indi təsdiq etməklə, əslində Rusiyaya qarşı öz narazılığını ictimailəşdirmiş oldu.
Görünən odur ki, İki ölkə arasındakı soyuqluq heç də təkcə “İskəndər M” raketləri ilə sınırlı deyil. Hiss olunur ki, Azərbaycanda hərbi sahədə ordunun əl dəyişdirməsi prosesi də aparılır. Bu iş çox ehtiyatla görülür. Nəcməddin Sadıqovun Baş Qərargah rəhbərliyindən uzaqlaşdırılması və ardınca da bəzi generalların həbsi, Rusiyanın ordu içərisindəki təsirini neytrallaşdırmağa yönəlib. Bu proses, heç də İlham Əliyevin təkbaşına iradəsinin nəticəsi deyil. Hiss olunur ki, məsələnin arxasında Türkiyənin iradəsi dayanıb və Azərbaycan ordusunun rəhbərliyi uğrunda gizli rəqabət getməkdədir. Bu günə qədər Nəcməddin Sadıqovun yerinə heç kimin təyin olunmaması, onu göstərir ki, prosesin Rusiyada qıcıq doğurmaması üçün tədricən keçidə üstünlük verilir. Gözlənilir ki, bundan sonra böyük qalmaqala çevrilmiş “Tərtər işinə” görə, ordudakı Rusiya generallarından bir neçə nəfəri də çıxdaş edilsin.
İlham Əliyevin Rusiyaya qarşı narazılığı, həm də Dağlıq Qarabağda rusların etdiklərinin onun reytinqinə ağır zərbə vurması ilə bağlıdır. Rusların Azərbaycanın milli maraqlarına və suverenliyinə zidd ermənipərəst mövqeyinə görə, İlham Əliyev 44 günlük müharibədə qazandığı reytinqini sürətlə itirməklə bədəl ödəməli olur. Rus ordusunun Dağlıq Qarabağa gətirilməsinə razılıq verməsinə və oradakı davranışlara susqun münasibətinə görə ictimai rəy, hakimiyyəti get – gedə antimilli mövqeyinə görə daha çox qınayır. Aydın görünür ki, Putinin qarşısında “sözəbaxan” olmaq, Rusiyanın Dağlıq Qarabağdakı davranışlarında heç bir müsbət nəticəyə səbəb olmadı.
Azərbaycan və Şimal qonşumuz arasında soyuqluğun yaranmasının digər bir səbəbi də, Qərblə Rusiya arasında yaranan geosiyasi qarşıdurmanın dərinləşməsidir. Bu prosesdə Türkiyənin Ukraynaya verdiyi dəstək, Rusiyanın mənfi reaksiyasına səbəb olub. Türkiyə ilə Rusiya arasında, təsir dairələri uğrunda rəqabətin artması, bu günə qədər üzərində uzlaşma olan məsələlərin də taleyini sual altına alıb. Artıq Suriyada Türkiyənin nəzarətində olan İdlibə Rusiyanın mütəmadi aviazərbələr endirməsi, iki ölkə arasında uzlaşma imkanlarının getdikcə daraldığlnı göstərir.
Bu vəziyyətdə Azərbaycan da öz strateji müttəfiqinin mövqeyini nəzərə alaraq, istər – istəməz seçim etmək zorundadır. Əgər məlum təyyarə krizi zamanı, Türkiyə ilə Rusiya arasındakı gərginlikdə Azərbaycan üçün belə bir seçim tələb olunmurdusa, bu gün, Dağlıq Qarabağda rus ordusunun Azərbaycan üçün real təhdid yaratdığı bir məqamda, bu seçim tələb olunur. Son təcrübə də bir daha göstərdi ki, Moskvaya edilən reveransların Azərbaycanın milli maraqlarına münasibətdə Rusiyanın dəvranışlarına heç bir müsbət təsiri yoxdur. Əksinə, Rusiya Azərbaycanın iqtidarının “sözəbaxanlığından” istifadə edib, öz iddialarını daha da artırır. Bunun nəticəsidir ki, Putinin yaxın ətrafı Dağlıq Qarabağı öz nəzarətinə götürmək və hətta özünə birləşdirmək iddiaları ilə çıxış edir. Ona görə də Azərbaycan öz strateji müttəfiqi Türkiyənin dəstəyini qoruyub saxlamaq üçün, yeni reallığa uyğun mövqe müəyyənləşdirməlidir. Əks təqdirdə, Rusiyanın qarşısında müdafiəsiz duruma düşmək, onsuz da çətin olan vəziyyəti, daha da ağırlaşdırar.
Demək ki, bu günə qədər Rusiya ilə münasibətlərdə aparılmış siyasət özünü doğrultmadı. Putinin tələbi ilə Azərbaycan ordusunun Xankəndinə girmsəinin qarşısının alınması və Rusiya hərbi hissələrinin Qarabağa yerləşməsinə razılıq verilməsi, bu günə qədər rusların özbaşınalıqlarına susqun yanaşmaq və “İskəndər M” raketlərini atıldığını danmaq siyasəti yanlış imiş.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir