Şimdi yükleniyor

Fuad Gahramanlı: Azərbaycan və Rusiya arasında gərginlik gerçəkdir, yoxsa, oyundur?

Fuad gahramanlı

 

Bəs, Azərbaycan hakimiyyəti öz yerini harada görür?

Azərbaycan Rusiya münasibətlərində gərginliyin artması fonunda sosial şəbəkələrdə bunun gerçəkliyi ilə bağlı suallar səslənməkdə, şübhələr bildirilməkdədir. Səbəb aydındır, Azərbaycan hakimiyyəti öz avtoritar idarəçiliyinə, dəyərlər sisteminə və Qərbə münasibətinə görə Kremllə siam əkizləri kimi oxşar olduğuna görə, insanlar onlar arasında qopma baş verməsinə, gərginliyə də şübhə ilə baxırlar.

Ancaq bu məsələdə yanlış yanaşma ondadır ki, bir çoxları belə hesab edir ki, Azərbaycan hakimiyyətinin avtoritar mahiyyəti guya, ancaq, Kremlə, Putin diktaturasına bağlıdır və ona görə də ondan uzaqlaşmaq, qopmaq da mütləq Qərbə meyillənmək, demokratik dəyərlərə münasibətin dəyişməsi ilə müşayiət olunmalıdır. Əgər, bu dəyişikliklər yoxdursa, demək ki, Rusiya ilə yaranmış gərginlik də gerçək deyil, quramadır. Əslində isə belə deyil.

Azərbaycanda mövcud olan tək adam hakimiyyəti Rusiyasız da demokratiyaya, insan hüquq və azadlıqlarına qarşıdır və və ölkənin gələcəyini Qərbə inteqrasiyada görmür. Ona görə də, bu gün Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərində yaranmış gərginlik daxili siyasətdə yumşalmaya, demokratik dəyərlərlərə münasibətin dəyişməsinə səbəb olmur. Bu baxımdan demək olar ki,bu gün lham Əliyevlə Putin arasında yaranmış gərginlik dəyərlər zəminində deyil, geosiyasi səbəblər üzündən yaranıb və gerçək bir gərginlikdir.
Bəs, bu geosiyasi səbəblər nələrdir?

İlk növbədə Trampın hakimiyyətə gəlişi və ABŞ-n xarici siyasətində baş verən dəyişikliklər, Putinin Ukraynada məğlub olmadan müharibəni bitirəcəyi ilə bağlı müəyyən gözləntilər yaratmışdı. ABŞ-sız Avropanın öz təhlükəsizlik arxitekturasını qurmasının mümkünsüzlüyü və Rusiya qarşısında Ukraynanı müdafiə edə bilməyəcəyi fikrinin gerçək olmadığı, Avropanın qısa müddətdə toparlanaraq yeni geosiyasi şərtlərə uyğunlaşa bilməsi, Putinin qələbəsinə olan ümidləri də boşa çıxardı və çıxarmaqdadır. Hətta Almaniya, Fransa və İngiltərənin liderliyi ilə toparlanan Avropa Tramp administrasiyasının mövqeyinə də təsir göstərərək onun ilk vaxtlarkı siyasətinun dəyişməsinə nail olmaqdadır. Bu vəziyyətdə İlham Əliyev də qələbə şansı olmayan keçmiş müttəfiqi Putini gözləyən risqləri bölüşməmək üçün ondan uzaqlaşmağa və ən optimal seçim kimi də Ərdoğanın himayəsinə keçməyə qərar verdi.

Aydındır ki, Rusiyanın Qarabağın Azərbaycana qaytarılmasına loyal qalması və öz ordusunu ölkəmizdən çıxarması müqabilində, İlham Əliyevin bu seçimi Kreml tərəfindən sakit qarşılana bilməzdi. Bilmədi də. Diqqətli oxucular xatırlayar ki, İlham Əliyevin Putinlə çox yaxın olduğu, Heydər Əliyevlə bağlı Rusiyada dövlət səviyyəsində tədbirlərin keçirildiyi dönəmdə, Türkiyə ilə Azərbaycan arasında münasibətlər xeyli soyumuşdu və o zaman Türkiyə Ermənistanla sülh məsələsində Azərbaycanın tutduğu mövqeyun doğru olmadığını qabartmaqla öz narazılıqlarını büruzə verirdi. Və sonradan İlham Əliyev Putindən uzaqlaşıb Ərdoğana yaxınlaşanda, Putinlə dostluğun bədəlo olaraq bir növ sultanlara verilən “bac-xərac” kimi, Türkiyədə energetika sektoruna Azərbaycanın 7 mlrd investisiya qoyması öhdəliyi götürüldü.

Digər bir səbə isə, Ukraynada qazana bilmədiyi qələbənin kompensasiyası olaraq Cənubi Qafqazı tam öz nəzarətinə qaytarmağa çalışan Rusiya, Azərbaycan vasitəsilə ilə Ermənistana təzyiq etmək istəyirdi. Hər kəs görürdü ki, İlham Əliyev Putinlə bur yerdə olduğu vaxtlarda Azərbaycan hakimiyyəti sülh istəyən Pasinyana qarşı da çox sərt, adekvat olmayan pis münasibət nümayiş etdirir, daxildəki Rusiyapərəst revanşistlərə pas ötürür, sərhəddəki Avropa müşahidəçilərini çıxarmağı tələb edirdi. İndi isə bu siyasət dəyişib və son günlər Eçmiədzin tərəfindən hazırlanmış dövlət çevrilişinə münasibətdə Azərbaycan hakimiyyəti öz KİV-ində Pasinyanı müdafiə edir. Azərbaycan bu məsələdə Türkiyə və AB-nin birlikdə Cənubi Qafqazda yenidən Rusiya təsirinin güclənməsinə imkan verməmək siyasətinə uyğun kurs yeritməkdədir. Bu səbəbdən də, Kreml Bakını müttəfiqlik anlaşmasını pozaraq ona qarşı dönüklükdə günahkar bilir.

Bu gün İlham Əliyev üçün indiki halda Ərdoğanın himayəsində Rusiyadan uzaqlaşmaq daha optimal və təhlükəsiz görünür. Həm də demokratik dəyərlərə mənfi münasibət Ankara ilə münasibətlərdə problem yaratmadığı üçün, Türkiyə ilə yaxınlıq Azərbaycan hakimiyyəti üçün daha rahat görünür. Ancaq bu çox qısa vədədə belə ola bilər, çünki hazırda Azərbaycanın getdikcə ağırlaşan iqtisadi problemləri və Rusiyadan gələn maliyyə axınının dayanması, əmək miqrantlarının geri dönmə risqi, çox da uzaq olmayan gələcəkdə AB ilə əlaqələri dərinləşdirməyi və vizasız gediş-gəlişi bir zərurətə çevirməkdədir.
Digər tərəfdən AB Cənubi Qafqazı öz siyasi sərhədləri daxilində gördüyündən və artıq əvvəlkindən fərqli olaraq daha güclü geosiyasi güc mərkəzinə çevirildiyindən, Azərbaycan hakimiyyətinin istəyindən aslı olmayaraq ölkəmizin bu qruma inteqrasiya tələblərinin də daha artacağı gözlənilir. O zaman Rusiyadan qopmuş Azərbaycanın bu tələblərə qarşı müqavimət imkanları indi daha da zəifləmiş olacaq. Çünki yanında yer aldığımız müttəfiqimiz Türkiyə özü də Avrointeqrasiyaya can atır. Buna görə də bu gün Rusiya ilə münasibətlərdəki qopmanın dərinləşməsi, milli maraqlarımıza tam uyğun olan bir prosesdir.

Fuad Gahramanlı

Share this content:

Yorum gönder