Nə baş verir?
Azərbaycan Türkiyə münasibətlərində yaranan soyuqluq getdikcə mətbuat səhifələrinə daşınaraq daha çox açığa çıxmaqdadır. Son günlər Azərbaycan hakimiyyətinə bağlı mediada Türkiyə ilə bağlı səsləndirilən giley- güzar yetmirmiş kimi rəsmi dövlət qəzetinin səhifələrində də bənzər qınaqların yer alması onu göstərir ki, bu problem getdikcə daha da böyüyür. Aydındır ki, İki ölkə münasibətlərində hər hansı anlaşılmazlıq yaranıbsa, bunu aradan qaldırmağın ən doğru yolu məsələni diplomatik kanallarla həll etməkdir. Ancaq narazılığın media vasitəsilə ilə ifadə olunması ya diplomatiyanın artıq çarəsiz qaldığını göstərir, ya da ki, bu yolla Azərbaycan qarşı tərəfə təzyiq göstərərək münasibətləri poza biləcəyi mesajını çatdırır.
Bəs qardaş dediyimiz , Qarabağ savaşında sona qədər bizim yanımızda olan gerçək strateji müttəfiqimiz Türkiyəyə qarşı Azərbaycan hakimiyyətinin narazılığı mədən qaynaqlanır? Görünən odur ki, imzaladığı strateji əməkdaşlıq sənədləri ilə özünü Rusiya və Çin ittifaqının yanında görən Azərbaycan Türkiyənin Qərb bloku ilə birgə olmasından narahatdır və bunu geosiyasi marqalarda ayrıcı xətt kimi qəbul edir.
Xüsusilə Türkiyənin ABŞ -la 23 milyard dollarlıq F-16 razılaşmasından sonra iki ölkə arasında Rusiyaya qarşı strateji iş birliyi yaranmağa başladı. Təqribən bu ərəfədə ABŞ -n Türkiyədəki səfiri Cefri Fleyk məqalə yazaraq ABŞ -n Türkiyənin tarixi və etno-mədəni təsir imkanlarından istifadə edərək öz maraqlarını daha yaxşı qoriya biləcəyini bildirmişdi. Bu isə o demək idi təkbaşına yeni dünya düzəninin qaydalarını diqtə etmək imkanı olmayan ABŞ öz regional müttəfiqləri vasitəsilə ilə rəqiblərini sıxışdırmaq strategiyasına uyğun olaraq Cənubi Qafqazda Türkiyə ilə birgə Rusiyanın rolunu məhdudlaşdırmaqda və Moskvanın boşalan yerinin Ankara tərəfindən doldurmasında maraqlıdır.
Təsadüfi deyil ki, ABŞ-la əldə olunan bu anlaşmadan sonra Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına daha çox açıq dəstək verməyə və Rusiyanın təhriki ilə iki ölkənin sərhədlərində baş verən toqquşmalara qarşı birmənalı kəskin mövqe qoymağa başladı. Prezident Ərdoğan hər dəfə İlham Əliyevlə keçirilən görüşdə Zəngəzur dəhlizi ilə bağlı məsələnin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq sərhəddə hər hansı gərginliyə qarşı olduqlarını, Azərbaycan və Ermənistan arasında tezliklə sülh imzalanmasını dəstəklədiklərini təkrarlayırdı.
Ancaq Azərbaycan hakimiyyətinin bu günə qədər İrəvanla sülh imzalanmağa maraq göstərməməsi və ən sonda sülh üçün Ermənistan konstitusiyasında dəyişikliklər edilməsi şərtini irəli sürməsi Türkiyə üçün bardağı daşıran son damla oldu. Bundan sonra Türkiyə Prezidenti administrasiyası adından bəyanat yayılaraq Ermənistanla qeyd şərtsiz münasibətləri normallaşdırmaq qərara alındığı bildirilirdi. Bununla da Türkiyə Ermənistan dövlət gerbində ona qarşı əsassız ərazi iddiası anlamı verən Ağrı dağı rəsmini bu mərhələdə görməzdən gələrək oncəlliyin münasibətlərin yaxşılaşmasına və sülhə verilməli olduğunu göstərməyə çalışdi. Bu addımla Ankara Azərbaycanı da analoji addım atmağa sövq etmək istəyirdi. Türkiyə daha praqmatik yanaşaraq hesab edirdi ki, əgər iki ölkə arasında sülh sazişi imzalanarsa və əlaqələr bərpa olunarsa, artıq bu şəraitdə Ermənistan hakimiyyəti daha rahat şəkildə konstitusiya düzəlişləri edə bilər. Yəni sülhdən sonra onsuz da bu və bənzər məsələlər öz həllini təbii olaraq tapacaq.
Aydındır ki, sülhün olmas həm də Rusiyanın Cənubi Qafqazda qalma səbəblərini aradan qaldıraraq, onun regiondan çıxarılmasına yol açar. Ankarada hesab edirlər ki, bu da Qərbin də dəstəyini almış Türkiyənin Cənubi Qafqazda Rusiyanın boşluğunu dolduracaq əsa gücə çevrilməsinə yol açar .
Təbii olaraq Ukraynada bataqlığa saplanmış Rusiya bu gəlişmələrdən və planlardan çox narahat olaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müxtəlif bəhanələrlə uzadılmasını istəməkdədir. Rusiya ilə müttəfiqlik edən Azərbaycan hakimiyyəti bu məsələdə Moskvanın maraqlarını əsas götürərək sülh imzalamaqdan yayındıqca, bu həm də Türkiyənin Cənubi Qafqazda güclənməsinin önünü kəsmək anlamına gəlməyə başladı və bu da iki ölkə münasibətlərində soyuqluğa yol açdı. Ona görə də Azərbaycanin bu mövqeyindən narazı qalan Türkiyə Cənubi Qafqazla bağlı maraqlarını qorumaq üçün özü Ermənistanla ikitərəfli qaydada danışıqları davam etdirərək münasibətiləri normallaşmasına başladi. Bu da Azərbaycan hakimiyyətini narahat etməyə başladı, çünki bu normallaşma uğurla başa çatacağı təqdirdə Rusiya yenə Ermənistandan çıxmalı olacaq . Azərbaycan hakimiyyəti həm də ona görə belə ciddi narahatlıq keçirir ki, Rusiyasız Qafqazda avtoritarizmin də perspektivləri olmayacaq.
Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi təkcə iki ölkənin münasibətlərini tənzimləyən bir sənəd olmayıb, həm də regionda geosiyasi tarazlığı, güc balansıni dəyişəcək strateji əhəmiyyətli bir layihədir. Bu baxımdan sülh müqaviləsinin yubadılması fonunda Azərbaycan hakimiyyətinin Çinlə strateji əməkdaşlıq sənədi imzalaması belə təəssürat yaradır ki, bir tərəfdən Türkiyənin Cənubi Qafqazda mövqeyininin güclənməsinin önü kəsilir, o bir tərəfdən də Rusiya azmış kimi, hələ bir Çin kimi nəhəngi də dartıb bu regiona gətirirlər. Təbii ki, Ankara da bunları görür və Azərbaycan hakimiyyətinin apardığı siyasətdən narazı qalmağa başlayır. Ona görə də bu gün Azərbaycan və Türkiyə arasında yaranmış soyuqluq Azərbaycanın milli maraqları ilə hər hansı bağlantısı yoxdur və bu daha çox Bakının strateji seçimi ilə bağlı məsələdən qaynaqlanır.
Fuad Gahramanlı