Azərbaycanın özünü “rus evinə” çevirən siyasətlə bağlı cavabsız suallar.
Dünən Bakıdakı “Rus evini” söküldüyü ilə bağlı görüntülər yayıldı. Elə təəssürat yaradılıb ki, Rusiyanın Azərbaycanda varlığı sanki elə bu rus evindən ibarət imiş və indi də onu sökməklə məsələ bitmiş sayılır . Bunu görmək çətin deyil ki, indiyə qədər aparılan siyasətin nəticəsi olaraq ölkə özü elə rus evinə çevrilib. Ona görə Rusiyanın Azərbaycandakı varlığına son qoymağın yolu binanın üstündəki hansısa taberanı endirməklə olmur. Bəs nə ilə olur?
Rusiyanın dost olmayan davranışları üzundən münasibətlərdə dəyişiklik yaranırsa, o zaman lk olaraq Azərbaycanla Rusiya arasında strateji müttəfiqlik sazişindən intina etmək gərəkdir. Çünki Azərbaycan və Rusiya arasında münasibətlərin xarakterini “Rus evi” üzərindəki tabera deyil, bu müttəfiqlik sənədi müəyyən edir.
Bu saziş Rusiya ilə Azərbaycanın xarici siyasətdən tutmuş, informasiya, təhlükəsizlik və s. sahələrdə birgə, koordinasiyalı fəaliyyətini nəzərdə tutur və faktiki olaraq Moskvanın maraqlarını Azərbaycanın üzərinə öhdəlik kimi qoyur. Əgər Rusiyadan aralanma məlum təyyarə hadisəsinə görədirsə, o zaman təyyarəmizi vuran və bunun məsuliyyətini üzərindən atan ölkə ilə necə dost, müttəfiq qalmaq mümkündür? Yox, əgər Azərbaycan hakimiyyəti bu müttəfiqlik sazişindən imtina etmək niyyətində deyilsə, o zaman belə çıxır ki, bizim Rusiyadan aralanmağımızın müttəfiqlik münasibətlərinə hər hansı təsiri yoxdur. Belə aralanma olurmu?
Digər bir məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Bu sülh müqaviləsi təkcə ölkəmizin Ermənistanla münasibətlərini tənzimləyən sənəd deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı varlığını şərtləndirən bir məsələdir. Yaxşı, biz Rusiyadan uzaqlaşırıqsa, demək ki, bunu onun bizə dost olmayan münasibtinə görə edirik bunu, o halda nəyə görə sülh müqaviləsini ləngitməklə bizə dost olmayan Rusiyanın Ermənistan vasitəsi ilə reginda qalmasına yardım etməliyik? Münasibətlərə strateji baxımdan yenidən baxanda bu məsələni gözardı etmək mümkün deyil. Demək ki, indi sülh müqaviləsinin imzalanması ilə bağlı ortaya aydin mövqe qoymaq gərəkdir. Ancaq biz bu mövqeyi niyə görmürük?
Başqa bir məsələ ölkədə 300- dən artıq rusdilli məktəbin varlığıdı ilə bağlıdır. Vaxtı ilə Putinin könlünü xoş etmək üçün bu məktəblərin sayı süni şəkildə artırıldığı halda, indi nəyə görə milli təhsil siyasətinə zidd olan bu hal aradan qaldırılmasın? Azərbaycan təhsil sistemində Rusiyaya belə xüsusi imtiyazla yer ayırıb, sonra da bunu görməzdən gəlməklə, münasibətlər dəyişir demək olmur. Rusiyanın varlığına son qoyulası əsas sahələrdən biri də təhsil sistemidir. Hakimiyyətin bu məsələ ilə bağlı hər hansı mövqeyi, açıqlaması varmı? Kimsə eşitməyib.
Aydındır ki, Rusiyanın casus şəbəkəsi hec də bir Rus evinə sığacaq qədər olmayib ki. Bəs hanı bu Rus evinin həbs oluna casusları? Qərbdən qrant alaraq leqal fəaliyyət göstərən jurnalistlər həbs olunduğu halda, qanunsuz fəaliyyət göstərən bu rus casus yuvasından neçə nəfər saxlanılıb ? Heç bir nəfər də saxlanılmayıb. Hər kəsə bəllidir ki, Rusiyanin Azərbaycandakı casus səbəkəsi təkcə orda burda sülənən informatorlardan ibarət deyil ki. Məsələ reallıqda bmRus evi və onun həndəvərində baş verənlərdən daha böyükdür. Necə? Putinini rəhbərlərini ordenlə təltif etdiyi, Azərbaycanda Rusiya maraqlarını təmsil edən şəbəkə dövlət aparatının bütün strateji əhəmiyyətli qurumlarında və biznes strukturlarında kök saldığı halda, nəyə görə biz onların topa -topa ifşa edilərək həbs edilməsini görümürük? Bu işin faturasını istefada olan və ölmuş beş altı nəfər axsaq qoca korrupsioner məmura kəsməklə olmur axı. Bəs iş başında olanların adları niyə çəkilmir?
Ölkənin informasiya məkanında Rusiyanın üstünlüyü qala-qala bizim Rusiyadan aralanmağımız nə qədər gerçəkçi görünür? Rusiya əgər Azərbaycana dost deyilsə, nəyə görə rus tele kanalları Azərbaycanda yayımlanmalıdır? Və ya “Sputnik Azərbaycan” informasiya şəbəkəsininin Rusiya xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirildiyi bütün dünyada bilindiyi halda, onun ölkəmizdəki fəaliyyətinə niyə yol verilir? Azərbaycan mediasında bu günə qədər Rusiyanın təbliğatını aparan, Putini atası kimi müdafiə edənlər heç yada düşürmü? Hətta cəmiyyətin belə tandığı fəaliyyəti aşkar göz önündə olan bu şəbəkəyə nəyə görə toxunulmur, onlar niyə yenə iş başındadirlar ? Bu vəziyyət müttəfiqliyin davam etməsinin əlamətidir, yoxsa ayrılmanın?
Azərbaycan Rusiyaya qarşı ayrılıqda geosiyasi rəqabət yaradacaq güc deyil. O halda həm Rusiyadan gələ biləcək təhdidlərə qarşı, həm də Rusiyanın təsirini bizim regionda zəiflərmək üçün niyə Qərblə münasibətlər yenidən normallaşdırılmağa çalışılmır? Axı Azərbaycan bunu etmədikcə Cənubi Qafqazda Rusiya üzərində geosiyasi təzyiqi də gücləndirmək, regiondakı qüvvələr tarazlığını da dəyişmək olmur .Bu baxımdan dünən xəbər yayıldı ki, Azərbaycan İran və Rusiya arasında Şimali – Cənub nəqliyyat xətti ilə bağlı Rusiya ilə sazişi təsdiq edib. Məsələnin geniş geosiyasi təhlilinə keçmədən onu deyək ki, bu məsələ blokada şəraitində olan Rusiya üçün həyati əhəmiyyət daşıdığı halda, Azərbaycan nəyə görə tələsik bu sazişi təsdiq etdi? Bu məsələni yubatmaqla Azərbaycan Rusiyanın təyyarəmizin vurulması ilə bağl məsuliyyətini etiraf etməsi üçün geosiyasi təzyiq edə biləcəyi halda, bunu niyə etmədi? Demək ki, hələ də ortada xeylli cavabsız suallar var və bunlar aydınlaşmadıqca bir tabera endirməklə, media səviyyəsində atmacalarla bu sualları görməzdən gəlmək mümkün deyil.
Fuad Gahramanlı