Dərin təhlil:
Azərbaycan hakimiyyəti xarici siyasətdə hansı dəyişikliklərə gedir?
Bəs, Milli Şuranı Rusiyaya bağlamaq nədən xəbər verir ?
Azərbaycan Rusiya münasibətlərində nə baş verir? İndi bu suala cavabı iki ölkə rəsmlərinin ifadə və açıqlamalarına baxıb vermək mümkün deyil. Çünki hazırkı qeyri müəyyənlik şəraitində hər iki tərəf susqunluq göstərərək, sanki qarşıdakının təpkisinin nə olacağını gözləyirmiş kimi davranır. Ancaq bu səssizlik fonunda Azərbaycan və Rusiya hakimiyyətləri media resursları vasitəsilə ilə bir-birlərinə xəbərdarlıq dolu mesajlar göndərərək, öz mövqelərini qeyri rəsmi formada qarşı tərəfə çatdırmağa çalışırlar.
Hələlik isə görünən odur ki, Rusiya Azərbaycan təyyarəsinin vurulması ilə bağlı öz əvvəlki mövqeyini dəyişmək istəmir və bu hadisəni sıradan bir qəza kimi göstərib məsuliyyəti üzərindən atmağa çalışır. Rusiya bu yolla həm də baş vermiş hadisənin gerçək mahiyyətini təhrif edərək onun əhəmiyyətini kiçiltmək və beləliklə də təyyarə məsələsinin iki ölkə münasibətlərinə mənfi təsirinin qarşısını almaq istəyir. Belə görünür ki, Moskva Bakıdan “müttəfiq” kimi davranaraq, onun törətdiyi cinayət əməlini ört basdır etməyi umur. Azərbaycan hakimiyyətinə öz media sözçüləri vasitəsi ilə xəbərdarlıq göndərən Kreml çatdırmaq istəyir ki, o öz mövqeyini dəyişmək niyyətində olmadığına görə, bu məsələdə Bakının çox dərinə getməsi onun xoşuna gəlmir və belə davam edərsə müttəfiqlik münasibətləri də korlana bilər. Ona görə də Kremlə yaxın teleqram kanallarına vurulan təyyarə ilə bağlı yalan məlumatlar ötürülərək, ictimai rəyi Moskvanı məsuliyyətdən kənar qoyan sifarişli istintaq nəticəsinə hazırlamağa çalışırlar. Moskva indi bu yolla həm də Bakının reaksiyasını test edir.
Azərbaycan təyyarəsi vurulduqdan sonra hakimiyyətin Rusiya ilə strateji müttəfiqlik münasibətlərini əvvəlki formada davam etdirib etdirməyəcəyi sualı indi daha çox gündəmə gəlir. Azərbaycan hakimiyyəti artıq fərqindədir ki, Rusiya ilə çox yaxın görünmək Qərbin insan hüquqları ilə bağlı məlum təzyiqlərinə əlavə geosiyasi çalarlar qataraq, bu basqıları daha da gücləndirir. Bu təzyiqlər indiki kimi artmaqda davam edərsə, Rusiya ilə müttəfiqlik nəinki yarana biləcək risqləri aradan qaldırmayacaq, əksinə, Moskva Bakının beynəlxalq təcrid və sanksiyalar təhlükəsi qarşısında daha çox çətin duruma düşməsində maraqlıdır. Çünki Kreml belə bir vəziyyətə Azərbaycan hakimiyyətini özündən daha çox aslı hala salmaq imkanı kimi baxır. Digər tərəfdən Azərbaycan hakimiyyəti mövcud avtoritar rejimin xüsusiyyətindən doğan maraqlara görə özünu nə qədər Rusiyaya yaxın sayıb Kremllə bərabər hüquqlu müttəfiq kimi görünməyə çalışsa da, artıq özləri də yaxşı bilirlər ki, Qərbdən baxanda, əslində, bu münasibətlərdə Bakı daha çox Moskvanın vassalı rolunda görünür. Xüsusi ilə də təyyarə olayından sonra Azərbaycan hakimiyyəti narahatdır ki, Moskvanın ona müttəfiq kimi hörmət qoymadığını, onunla öz vassalı kimi rəftar etdiyini artıq hər kəs görmüs oldu.
Ona görə də Azərbaycan hakimiyyəti indi təyyarə hadisəsindən istifadə edib Rusiya ilə müttəfiqliyi tam pozmadan, münasibətlərdəki formal müttəfiqliyi geosiyasi manevr sahəsi kimi saxlayıb, kənar baxış üçün münasibətlərdə məsafəni bir qədər artırmağa çalışır. Aydındır ki, bu yanaşma hec də Azərbaycan hakimiyyətinin ölkənin suverenliyinə bağlılığından və milli maraqlarına münasibətindən irəli gəlmir, sadəcə İlham Əliyev təyyarə məsələsindən istifadə edərək indiki geosiyasi şərtlərdə Putinə görə əlavə təhlükəli təzyiqə məruz qalmaq istəmir.
Xüsusi ilə də Trampın yeni dövlət katibi Rubionun vəzifəyə təyinatından dərhal sonra Türkiyə xarici işlər naziri Hakan Fidanla danışaraq Azərbaycan və Ermənistan arasında sülh məsələsini müzakirə etməsi, belə bir ehtimalı gücləndirir ki, Ankara kürd məsələsində Suriyada əldə edəcəyi güzəştlər qarşılığında Cənubi Qafqazda ABŞ-la daha çox öz maraqlarını uzlaşdirmağa hazırlaşır. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında sülh bağlanması, ABŞ olmasa belə Türkiyənin Cənubi Qafqazda Rusiyanın boşaldacağı yeri turmaq məqsədlərinə uyğundur. ABŞ isə Türkiyə ilə birgə Rusiyanı regiondan uzaqlaşdırıb Qərbə inteqrasiya edən Ermənistanın təhlükəsizliyini təminat altına almağa, Cənubi Qafqazda kəsişən beynəlxalq kommunikasiya xətləri üzərində təsir imkanları qazanmağa çalışır. Bu məsələdə Avropa da ABŞ və Türkiyə ittifaqı ilə eyni cinahda yer alır. Çünki Rusiyanın Cənubi Qafqazdan çıxarılması Avropanın öz siyasi sərhədlərini Şərqə doğru genisləndirmək, mühüm kommunikasiya şəbəkələrinə çıxış əldə etmək və öz enerji təhlükəsizliyini təmin etmək üçün üçün Mərkəzi Asiyaya qapı açmaqla bağlı strateji maraqlarının həyata keçirilməsinin əsas geosiyasi şərti hesab olunur.
Bu halda Qərb və Türkiyənin birgə hərəkətinin yaradacağı geosiyasi təzyiq qarşısında Azərbaycan hakimiyyətinin Rusiyanın yan yörəsində görünməsi cox risqli bir situasiya yaradır. Buna görə də İlham Əliyev artıq fərqindədir ki, Tramp dönəmində onun Türkiyə və Qərbin birgə təzyiqi qarşısında əvvəllər olduğu kimi Rusiyaya arxalanıb Ermənistanla sülh imzalamaq istəməməsi, açıq şəkildə Tramp və Ərdoğanla toqquşmaya səbəb ola bilər. Bu isə nəinki çox risqlidir, hətta açıq görünən təhlükə deməkdir. Belə görünür ki, İlham Əliyev də sulhə müqavimət dövrünün artıq başa çatdıgını, Qərbin və Türkiyənin ondan istədiyi sülhün bağlanmasının onsuz da Rusiya ilə münasibətlərdə qırılmaya səbəb olacağinı nəzərə alır. Ona görə də indidən elə mövqe seçir ki, lazım gələn məqamda Rusiyanın etirazını nəzərə almadan Tramp və Ərdoğanın Ermənistanla sülh təklifinə “hə”demək imkanı olsun .
Bu günlərdə hakimiyyət mediasında Bakıda Rusiya mədəniyyət mərkəzinin indiyə qədər kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərdiyi barədə yayılan məlumatlarla yanaşı, Moskvanın Azərbaycan təyyarəsinin vurulduğunu gizlətməyə çalışdığı və buna görə də iki ölkənin müttəfiqlik münasibətlərinin bitə biləcəyi barədə yazılar da getməkdədir. Bu artıq Bakının Moskva ilə münasibətlərdə palaz altındakı problemləri oryaya çixararaq, əvvəlki mövqeyindən bir qədər geri çəkilməyə hazlaşdiğının əlaməti sayıla bilər. Eyni vaxtda hakimiyyət mediasında rusdilli məktəblərin bağlanması kampaniyasının da getməsi müşahidə olunmaqdadır. Bir çoxları bu tip media kampaniyasını Qərbi aldatmaq cəhdi saysalar da, biz hesab edirik ki, hakimiyyət yuxarıda izah etdiyimiz səbəblərdən indi Rusiya ilə yaxınlıqdan gələcək ziyandan özünü qorumaq istəyir.
Ancaq təəccüblüdür ki, bütün bunların fonunda hakimiyyət milli maraqlarımızı qurban verərək ölkəni Rusiyanın strateji müttəfiqinə çevirdiyinə (oxu: strateji əlaltısına) görə onu tənqid edən Milli Şuranı Moskvaya bağlamağa çalışır. Halbuki Milli Şura və AXCP bir qayda olaraq Azərbaycan hakimiyyətini ölkənin xarici siyasət kursunu dəyişərək Qərbə inteqrasiyadan intina etdiyinə və Rusiyayanın yanında yer aldığına görə kəskin tənqid edirdi. Bu məsələdə Azərbaycan hakimiyyəti ilə müxalifətinin arasında nə qədər kəskin, bir-birinə əks olan yanaşmaların olduğu ölkədə və dünyada hər kəsə bəllidir. Azərbaycan xalqı da, dünya da hər zaman görüb ki, ölkəni Rusiya ilə strateji müttəfiq edən, 300-ə qədər rusdilli məktəb acmaqla fəxr edən Azərbaycan hakimiyyəti, ənənəvi olaraq Milli Şura və AXCP -ni Qərbə bağlı olmaqda ittiham edib və hətta dolayı şəkildə bununla öz repressiyalarına haqq da qazandırmağa çalışıb.
Hətta vətəndaş cəmiyyətini məhv etməyə yönəldilmiş repressiyalarin ideoloji əsaslandırması kimi onların Qərblə maliyyə əlaqələri tez-tez əsas kimi göstərilməkdədir. İİndi birdən-birə belə kəskin dönüş edərək Milli Şuranı Putinlə əlaqələndirməyə cəhd edilməsi, ilk baxışda nə qədər qeyri ciddi görsənsə də, bu hakimiyyətin yeni dönəmdə öz alternativini Qərbə Rusiyapərəst qüvvə kimi göstərmək arzusundan xəbər verir. Yəni, guya İlham Əliyev də Paşinyan kimi ölkə daxilində Rusiya ilə bağlı olan müxalifətlə qarşı qarşıyaymış. Ancaq bu elə gülunc yalandır ki, yəqin ki, bunu eşidən Azərbaycan hakimiyyətinin ağlına deyil, yumor hissinə qibtə edər.