Gileylənməkdən fəaliyyətə keçidin yol xəritəsi.
Azərbaycan arzusu.
Tez – tez bir birimizdən soruşuruq -biz niyə bu gündəyik, nə zaman bir xalq olaraq bu istibdaddan, haqsızlıqlardan qurtulula biləcəyik, nə zamana qədər öz azad gələcəyi üçün meydanları dolduran başqa xalqların mübarizələrinə həsrətlə baxacağıq? Və sonra da öz miskin, əzik, susqun halımıza baxıb özümüzə, öz acizliyimizə tənə edərək “biz elə əzilməyə, istismar olunmağa, haqqı, hüququ tapdanmağa layiqik” deyib içimizdəki qəzəbdə qovrulacağıq?
Bu suala cavab vermək üçün nə palitoloji nəzəriyyələrdən, nə sosialogiya elmindən istinadlar gətirib elmi müzakirə açmaq fikrində deyiləm. Ona görə ki, məsələ çox sadədir, hər kəsin biləcəyi, qavraya biləcəyi qədər sadə.
Bu günkü çıxılmazlıq sindromunun bir təməl səbəbi var : Bir xalq olaraq bizi vahid sosial orqanizmə çevirəcək ideya, milli hədəf birliyimiz yoxdur. Bu hədəf və ideyanı ən sadə, aydın bir şəkildə ifadə etsək bu ədalətin, rifahın və demokratiyanın olduğu Azərbaycan arzusudur.
İlk baxşdan bu dediyimiz çox sadə görünə bilər. Olsun sadə məsələləri bacarmasaq mürəkkəblərə necə gedib çıxa biləcəyik? Bəs nədir “Azərbaycan arzusu” , o nədən bu qədər önəmlidir ? Baxın, küçədə kimi saxlayıb soruşan ki, sən dünyanın ən məhşur, tanınmış, zəngin simalarından olmaq istərdinmi, yəqin ki, “hə” cavabı eşidərik. Ancaq bu “hə” cavabı hələ həmin adamın arzusunu, xəyallarını ifadə etmir, bu sadəcə verilən suala, təklif olunan yeni, gözəl obraza verilən müsbət reaksiyadır. Arzu isə odur ki, onu sənə nəinki kimsə təklif etməyəndə, hətta sənin əlindən almaq istəyəndə belə o istəklə, xəyalla yaşayasan, ona bir məqsəd olaraq can atasan.
Bax, bizim bütün dərdlərimizin, bəlalarımızın, milli iradəmizin yoxluğunun kökündə duran səbəb indikindən fərqli bir Azərbaycan arzumuzun olmamasıdır. Bu gün 10 milyonluq bir xalqın nə qədəri üçün demokratik azadlıqların təmin olunduğu, gəlirlərin ədalətli bölüşdürüldüyü, qanunların aliliyinin təmin olunduğu, insan hüquqlarının qorunduğu, hakimiyyətin xalq tərəfindən seçildiyi və vətəndaşların rifah içində yaşadığı bir “Azərbaycan arzusu” , idealı var? Dediyimiz “Azərbaycan arzusu” mürəkkəb bir qavram deyil, hər kəsin başa düşəcəyi, hər kəsə azadlıq və ədalət, ləyaqətli ömür vəd edən indikindən daha fərqli, daha gözəl bir ölkə.
Bu sadə arzu bizim düşüncəmizdə, qəlbinizdə olmadığı üçün onun uğrunda mübarizə aparmırıq, mübarizə aparanlara da qoşulmuruq. Yaşadığı ölkə ilə bağlı arzusu olmaq o deməkdir ki, o arzunun gerçəkləşməsi üçün öz üzərində bir məsuliyyət, tələb hiss edəsən. Belə bir arzu olmadığı üçün insanlar öz fərdi talelərini ölkə miqyasındakı dəyişikliklərlə əlaqələndirən bilmirlər və bu üzdən də kütləvi hərəkətlənmələr də yaranmır. Ona görə də cəmiyyət olaraq ölkədəki problemlərə qarşı etinasız, laqeyid yanaşır, getdikcə ağırlaşan həyat şərtlərinə adaptasiya olur, müxalifətin bütün tənqidləri ona bildikləri, adaptasiya olunduqları problemlərin təkrarı kimi görünür. Belə olduğu üçün insanlar tənqidlərə qulaq asmaqda, dinləməkdə bir anlam, məna görə bilmir. Çünki, bu, o zaman bir anlam, məna daşıyar ki, insanlar müxalifətin hər gün sadaladığı problemlərin onları , yaşamaq istədikləri gözəl Azərbaycan arzusundan ayırdığını düşünsünlər, buna görə, itirilmiş, qəsb olunmuş gözəl bir həyat imkanlarına görə narahat olsunlar. Belə bir arzu, məqsəd olmadığı üçün, adamlar ən böyük oğurluq faktını, ən ləyaqətsiz işgəncə olayını, özlərinin istismar olunmasını sadəcə həyatın reallığı, yaşamalı olduqları ömrün ilahi qisməti kimi görüb qəbul edirlər, susurlar, çıxış yolu olmadığını düşünürlər.
Bu günlərdə gürcülər meydanda öz Gürcüstan arzularını göstərdilər. Azad, demokratik, həyat səviyyəsi yüksək və Avropanın bir parçası olan Gürcüstan arzusunu xalq olaraq bölüşdüklərini, bu arzuya çatmaq istədiklərini bütün dünyaya göstərdilər.
Bəs biz öz Azərbaycan arzumuzu nə zaman inşa edəcəyik, ona sahib çıxacağıq? Bunun üçün təməl şərt budur ki, hər birimiz qəbul etməliyik ki, əsil lnsan kimi ləyaqətlə yaşamağımız, təkcə öz fərdi həyatımız üçün çalışmağımıza bağlı deyil, bu həm də sosial statusumuzdan, ideologiyamızdan, siyasi və dini mənsubiyyətimizdən asılı olmayaraq ədalətin, azadlıqların, qanunların aliliyinin, rifahın təmin olunduğu, korrupsiyanın olmadığı, ölkə arzulamağlmızdan və onu qurmağımızdan asılıdır.
Çıxış yolumuz gözəl indikindən daha fərqli azad və demokratik Azərbaycan arzusunu milli arzuya çeviirməkdən keçir.
Fuad Gahramanlı