Çinlə imzalanmış sənəd Qərbə qarşı strateji seçimi rəsmiləşdirdi.
Uzun müddət idi ki, Qərb Azərbaycan hakimiyyəti ilə təmaslarda geosiyasi fikir ayrılıqlarına son qoyub həlledici strateji seçim qərarı verilməsi yönundə israr edirdi. Bunun üçün də Azərbaycan hakimiyyətindən Ermənistanla sülh müqaviləsi bağlamaq və siyasi məhbusları azad edərək demokratik açılima getmək istənilirdi. Hətta Azərbaycan hakimiyyətinin 2022 -ci ildə Rusiya ilə bağladığı strateji əməkdaşlıq sazişi də görməzdən gəlinir, Bakının Ukrayna müharibəsində uğur qazanmaq şansı olmayan Moskva ilə uzun müddət bir yerdə ola bilməyəcəyi düşünülürdü. Ona görə də Azərbaycan iqtidarının anti -Qərb ritorikasına müvəqqəti, keçici bir hal kimi baxılır, dialoq pəncərəsi açıq saxlanılırdı.
Lakin dünən Çinlə Azərbaycan arasında imzalanmış “Strateji əməkdaşlığın qurulmasına dair Bəyannamə” Qərbin bütün gözləntilərinə və bəzi qeyri-müəyyənliklərə son qoymuş oldu. Rusiya ilə imzalanmış müttəfiqlik müqaviləsindən sonra Azərbaycan anoloji sənədi bu dəfə Çinlə imzalayaraq anti -Qərb cinahında yer aldığını və bu strateji seçim qərarında mövqeyinin qəti olduğunu təsdiqləmiş oldu.
Azərbaycan bu sənədlə təkcə Qərbdən uzaqlaşmır, həm də Çin və Rusiya ittifaqına qoşuluraq hər iki ölkə ilə imzaladığı sənədlər əsasında öz üzərinə onların Qərbə qarşı maraqlarının qorunması ilə bağlı öhdəliklər götürmüş olur.
Bu qədər aydın, birmənalı və kəskin qərarı yəqin ki, Qərb paytaxtlarında kimsə gözləmirdi. Bu sənəd bir neçə gün öncə Blinkenin İlham Əliyevə zəng edərək münasibətləri yeni inkişaf səviyyəsinə qaldırmaqla bağlı səsləndirdiyi təklifə verilən rədd cavabı olmaqla yanaşı, həm də Azərbaycanın ABŞ -n strateji rəqibi olan Rusiya və Çinlə müttəfiq olduğunu, öz xarici siyasətdə onların maraqlarından çıxış edəcəyini ifadə edir. Bununla da Azərbaycanla indiyə qədərki dialoq səylərinin heç bir nəticə vermədiyi və Bakının strateji seçiminə təsir göstəriləcəyi ilə bağlı bütün gözləntilər boşa çıxdı. İndi ABŞ və AB -nin Cənubi Qafqazda Rusiya ilə apardığı rəqabətə Çin də tərəf kimi daxil oldu və bu Qərbin Cənubi Qafqaz, Mərkəzi Asiya və Orta Dəhlizlə bağlı planlarına ağır zərbə oldu . Rusiya isə indiki zəifləmiş halında Qərbin Cənubi Qafqazda möhkləmlənməsinə və mərkəzi Asiyaya doğru irəliləməsinə mane olmaq üçün Çinin və İranın regionda rolunun artmasını təşviq edir.
Çinlə imzalanmış bu sənəddə diqqəti çəkən və geostrateji əhəmiyyət daşıyan müddəalar yer alıb. Bu sənədlə Azərbaycan Çinin təklif etdiyi 2030-cu ilə qədərki dövrə aid qlobal inkişaf və qlobal təhlükəsizlik doktrinasını dəstəkləyir və öz üzərinə milli, regional və qlobal problemlərə münasibətdə sıx əlaqə və kordinasiyalı fəaliyyət göstərmək , bir bir birinin strateji mənafelərinə zidd hərəkətlərdən çəkinmək, bu məqsədlə hökumətlər və XİN – lər arasında daimi siyasi məsləhətləşmələr və konstruktiv əməkdaşlıq həyata keçirmək, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmək kimi strateji mahiyyətli öhdəliklər götürür.
Aydındır ki, bu Bəyannamə mətnində bu öhdəliklər ümumən iki tərəfə şamil olunsa da, əslində məsələnin gerçəyi qlobal maraqlara sahib beynəlxalq səviyyəli oyunçu olmayan Azərbaycanın qarşılıqlı öhdəliklər adı altında öz siyasətini Çinin strateji maraqlarına uyğunlaşdirmasından gedir. Ona görə də sənəddə “tərəflər qarşılıqlı strateji münasibətlərə xələl gətirən hərəkətlərdən çəkinirlər” deyəndə Çinin deyil, daha çox Azərbaycanın Qərblə münasibətlərdə Pekinin maraqlarına uyğun mövqedən çıxış etməsi nəzərdə tutulur.
Bu Bəyannamə ilə Azərbaycan Çinin regionda gərginliyə səbəb olan Tayvanı aqressiv formada özünə birləşdirmək siyasətinə çox qətiyyətli dəstək verərək ABŞ və müttəfiqlərinin Cənub Şərqi Asiyadakı maraqlarına qarşı birmənalı formada Pekinin yanında yer alır, Orta dəhlizin təhcizat təhlükəsizliyinin təmin olunmasında öz üzərinə birgə çalısmaq öhdəliyi götürür. Halbuki O’Braynın Bakı səfərində əsas məqsədlərdən biri də Orta Dəhlizin ABŞ-ın təhlükəsizlik təminatı ilə işləməsinə nail olmaq idi. Göründüyü kimi, Azərbaycan bu məsələdə ABŞ- kənara itələyərək marşrutla bağlı bütün məsələləri Çinlə birgə həll etməyə qərar verib. Bu isə Qərbin Çini geosiyasi mühasirəyə salma siyasətini və onun dünya bazarına çıxış kanallarını nəzarətə götürmək planlarını pozmaq analmına gəlir .
Bu baxımdan sənədə tərəflərdən birinin ərazisindən digərinə qarşı istifadə etməyə imkan verilməməlidir müddəası aydındır ki, Azərbaycanın ABŞ -ı öz ərazisində Orta dəhliz layihəsinə yaxın buraxmamasını və bununlavda Çinə hər hansı təzyiq imkani verməməyi nəzərdə tutur.
Digər tərəfdən həm Azərbaycan, həm də ki, Çin insan hüquqları pozuntularına görə Qərb tərəfindən mütəmadi olaraq tənqidlərə məruz qalırlar. Ona görə də imzalanmış sənəddə insan hüquqları məsələsi dövlətlərin daxili işlərinə müdaxilə etmək üçün istifadə olunan bəhanə kimi dəyərləndirilir və milli suverenliyin pozulması hesab olunur. Bu yanaşma açıq -aşkar Qərbin tələblərinə qarşı avtoritarizmin birgə müdafiə ittifaqı təəsüratını yaradır və Azərbaycan hakimiyyətinin bundan sonrakı mərhələdə bu sahədə heç bir müsbət addım atmaq fikrində olmadığını göstərir.
Bu baxımdan sənəddə tərəflər bir -birlərinin milli xüsusiyyətlərə uyğun secilmiş inkişaf yollarını dəstəkləyirlər ifadəsi altında Çinin Azərbaycanda avtoritar rejimə demokratiyadan kənar milli inkişaf yolu kimi dəstək verməsi, himayədarlıq da öz əksini tapıb.
Çin bu sənədlə Qərbin Bakıya təzyiq göstərərək Ermənistanla sülhü tezləşdirmək cəhdinə qarşı “Azərbaycanın sülh gündəminə” dəstək bildirməklə, əslində üstü örtülü şəkildə Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına və Qərbin bu regionda möhkəmlənməsinə qarşı müqavimət göstərən Bakının israrlı mövqeyini müdafiə etmiş olur. Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti Çini regiona gətirməklə Qərbin sülh planlarını da pozmağa nail oldu.
Eyni zamanda bu sənəd qlobal siyasətə baxışda tərəflərin konseptual baxışlarının da eyni olduğunu ortaya qoyur. Adı çəkilməsə də aydındır ki, Qərb nəzərdə tutularaq bildirilir ki, Azərbaycan və Çin hegomonluğa qarşıdır və real çoxtərəfliliyə sadiqdir. Burada çoxtərəflilik anqlosaks mərkəzli yeni dünya düzəninə qarşı Çin və Rusiya başda olmaqla avtoritar rejimlərin çoxtərəfli və ya çoxqütblü dünya düzəni layihəsini nəzərdə tutan ifadə kimi işlədilir.
Bu baxımdan diqqəti cəlb edən başqa bir məqam da budur ki, sənəddə inkişaf etməkdə olan ölkələrin maraqlarını qorumaq üçün birgə fəaliyyətdən bəhs olunur . Bu ad altında əslində Çinin Afrika və Orta Şərqdə yayılmaçı siyasətinin dəstəklənməsi, bu region ölkələrini Qərbə qarşı təşviq edib öz təsir arealını genişləndirmək siyasətinin legitimləşdirilməsi nəzərdə tutulur. Görünür Azərbaycan bundan sonrakı mərhələdə Çinin yayılmaçı, genişlənmə siyasətinin Cənubi Qafqaz ayağı rolunda çıxış etmək, öz anti- Qərb mövqeyini inkişaf etməkdə olan ölkələrin hüquqları uğrunda mübarizə yarlığı ilə bəzəmək niyyətindədir. Həm də yanaşmadan hiss olunur ki, Rusiya xeyli zəiflədiyi və gələcəyi də qaranlıq göründüyü üçün Azərbaycan hakimiyyəti bundan sonra Qərbdən gələn demokratiya ilə bağlı tələbələrə Çinin himayəsinə sığınaraq müqavimət göstərmək niyyətindədir.
Ən maraqlısı isə budur ki, biz bəyanatdan xəbər tuturuq ki, sən demə Azərbaycan BRİCS təşkilatına üzv olmaq niyyətindədir. Bu barədə indiyə qədər Azərbaycan xalqını sayaraq heç bir məlumat verilməyib . Çin Azərbaycanin bu istəyinə və Şanxay Əməkdaşlıq Təşkilatında hüquqi statusunun yüksəldilməsinə(yəni üzvlüyünə) dəstək verməklə, öz maraqlarına uyğun olaraq anti -Qərb platforması kimi görünən bu cinahda Bakıya yer ayırmış olur.
Bu isə o deməkdir ki, bundan sonrakı mərhələdə Qərblə Azərbaycan arasında ənənəvi dialoq artıq öz əhəmiyyətini itirəcək və münasibətlər geosiyasi, geoiqtisadi ,geomədəni və geostrateji qarşıdurma mərhələsinə daxil olacaq. İndi Qərbin gözləntilərinə hər hansı əsas qalmadığı üçün Azərbaycanin demokratikləsməsinə daha qəti və birmənalı dəstək verməkdən başqa yol da qalmır . Qərblə Çin arasında qarşıdurmada iqtisadi, siyasi texnoloji və hərbi güc imkanlarını nəzərə alsaq, Çin və Rusiyanın bu prosesdən qalıb cıxmaq imkanları real görünmür.
Fuad Gahramanlı