Boykota görə narahat olanların gerçək niyyəti nə?
Parlament seçkisinə heç bir ictimai marağın hiss olunmadığı bu isti yay günlərində AXCP və Milli Şuranın boykot qərarı daha çox müzakirə mövzusuna çevrilməkdədir. Hələlik bu müzakirə seçki ilə bağlı yeganə diskusiya mövzusu hesab olunur. Hər dəfə seçkidən seçkiyə dəfələrlə səsləndirilən və cavabı bəlli eyni sualı hakimiyyətin ötürməsi ilə təkrarlayanlar bu yolla müxalifətə qarşı ictimai etimadsızlıq yaratmağa çalışsalar da , nəticədə özləri etimadı itirirlər və ona görə də hər seçkidə onlar “ehtiyyat oyunçular” oturacağındakılarla əvəzlənirlər. Bu gün də “AXCP hər dəfə seçkini boykot edib nəyə nail olur ?” sualı ilə müxalifətə qılınc siyrənlər , seçki institutunu məhv edən hakimiyyətin məsuliyyəti üzərindən keçərək dil ucu “əşşi onsuzda seçkinin saxta olduğunu bilirik” deyərək ictimai müzakirənin istiqamətini bu yolla dəyişməyə çalışırlar.
Əvvəla bu sualda “AXCP hər dəfə seçkiləri baykot edib” fikri doğru deyil və bilərəkdən edilən təhrifdir. Çünki AXCP seçki ilə bağlı baykot qərarları verməzdən öncə 2000, 2003, 2005, 2010, 2013- cü illərdə seçkilərdə iştirak edib. Bu o zaman idi ki, ölkədə müstəqil mətbuat, sərbəst toplaşmaq azadlığı, seçki komissiyalarında təmsilçilik və ictimai müşahidə imkanları və s. vardı. Ancaq bununla belə hər dəfə nəticələr saxtalaşdırılsa da müxalifət sadaladığımız imkanlardan istifadə edərək seçki prosesinə cəmiyyəti fəallaşdırmaq imkanı kimi baxaraq seçkiyə qatılırdı. Dəfələrlə bu şəraitdə belə müxalifət əldə etdiyi üstün nəticələrələri qorumaq üçün meydana çixsa da, hər dəfə rejimin qəddar zorakılıği ilə üzləşdiyi üçün nəticələr dəyişməz olaraq qalıb.
2013-cu ildən sonrakı dövrdə isə seçki prosesinə qatılıb nəticə uğrunda mübarizə aparmaq bir yana qalsın, adi seçki kampaniyası aparıb cəmiyyətin fəallığını artırmaq imkanları belə aradan qaldırılmağa başladı. Yuxarıda sadaladığımız heç bir fəaliyyət imkanının olmadığı şəraitdə müxalifətin seçkilərdə iştirakının artıq heç bir mənası qalmırdı. Bu şərtlərdə seçkiyə qatılmaq, cəmiyyətin nəzərində müxalifətin hakimiyyətlə razılaşdırılmamış qaydada baş verən saxtakarlığa rəaqbətli seçki görüntüsü qazandırması təəssüratı yaradan bilərdi. Bunu hakimiyyət o qədər istəyirdi ki, hətta siyasi partiyalar haqqında qanunu layihəsinə belə seçkidə iştirakın məcburi olması barədə müddəa daxil etmişdi. Əgər AXCP və Milli Şura 2015-ci ildən başlayaraq keçirilən tam məhdudiyyətli saxta seçki prosesinin tərkibinə çevrilmiş olsaydılar, indi rejimin “avtobusnda” yer almış partiyalardan fərqli reputasiyaya və sosial bazaya sahib olmayacaqdılar.
Ona görə də AXCP və Milli Şura heç bir rəqabət imkanı olmayan və nəticəsi öncədən təyin edilən saxta seçkilərdə iştirakın demokratik proseslərə heç bir töhvə verə bilməyəcəyini nəzərə alaraq konsept dəyişikliyinə getməyi qərara aldılar. Bu yeni konsepsiyada ölkədə köklü dəyişikliklərin yolu rəqabət imkanları olmayan saxta seçki tamaşalarında iştirakdan deyil, demokratik seçki uğrunda davamlı mübarizədən keçirdi. Bu isə fasiləsiz mubarizə prosesi deməkdir və hər hansı bir günə, zamana bağlı deyil, biz cəmiyyət olaraq nə zaman bu mübarizədə kütləvi iştiraka hazır olarıqsa ,o zaman da rejimi demokratik seçkilərə vadar edib köklü dəyişiklikləri gerçəkləsdirə bilərik. Ona görə də xalqın heç bir maraq göstərmədiyi, minimal rəqabət imkanlarının və azadlıqlarının olmadığı saxta seçkini guya dəyişiklik fürsəti kimi təqdim etmək və sonra da müxalifəti bu fürsəti qaçırmaqda ittiham etmək , heç də xoş niyyət güdməyən məqsədli təhrifdir.
Və ən nəhayət “AXCP və Milli Şura boykotla nəyə nail olub?” sualına gəldikdə isə bu sualı verənlər saxta seçkilərdə iştirak edənlərin nəyə nail olduqlarını buyurub daha yaxşı nəticə verən fərqli nümunə kimi nəyə görə göstərə bilmirlər ? Çünki bu prosesə iştirak onları cəmiyyətin nəzərində hakimiyyətin saxtakarlığının şərikinə çevirib və indi ictimai etimadı itirdikləri üçün onlardan siyasi qüvvə kimi danısmaq da mümkün deyil. Ona görə də biriləri “guya hakimiyyət AXCP -nin seçkilərdə iştirakını istəyir” deyəndə, əslində ironiya altında bu həqiqətdən diqqəti yayındırmaga çalışırlar.
AXCP və Milli Şura heç vaxt biz boykot yolu ilə dəyişikliyə nail olacağıq mövqeyindən çıxış etməyib və ona görə də saxta seçki nəticələrinə görə hakimiyyətin ustünə getməyi bir kənara qoyub müxalifəti qınamaq yumşaq desək məqsədli və qərəzli bir yanaşmadır. Bu cür qınaq demokratik mübarizə prosesindən kənarda qalan və cəmiyyətin susqunluğu fonunda fədakar mübarizə aparıb buna görə qurbanlar verən AXCP və Milli Şuranı hörmətdən salmağa çalışanların özlərinə qarşı yönələndə daha ədalətli görünür.
AXCP və Milli Şuranın saxta seçkiləri boykotla nə əldə etdiklərinə gəldikdə isə müxalifət olaraq onlar deputat yerləri, qərərgah və maddi təminatlar əldə edə bilməsələr də, böyük çətinliklər qarşısında etdikləri fədakarlıq və prinsiplərə bağlı qaldıqlarına görə cəmiyyətin etimad və inamının ünvanı olmağı bacarıblar. Bu isə demokratik dəyişikliklər uğrunda mübarizədə ən böyük resurs hesab olunur. Ola bilsin ki, azadlıqların boğulduğu hazırki dönəmdə bu ictimai etimad deputat mandatı fonunda kimlərəsə mənasız görünə bilər, ancaq geosiyasi şərtlər də ölkədəki oyun qaydalarına təsir etməyə başlayanda, məhz bu etimad AXCP və Milli Şuraya yüz minlərlə insanı meydanlara daşımağa, milyonların səsini almağa imkan verəcək.
Ona görə də demokratik dəyişikliklərə ümid və zəmin yaradan bir siyasi alternativi bu qədər ağır şərtlər altında qoruyub saxladıqları üçün bütün fədakar cəbhəçilərə və Milli Şura üzvlərinə böyük bir təşəkkür düşur.
Fuad Gahramanlı