Hakimiyyət bu təhlükənin fərqindədirni?
Almaniya Xarici işlər naziri Annalena Berbok:
“Laçın dəhlizi humanitar yardımların daşınması üçün sərbəst olmalıdır. Dağlıq Qarabağdakı vəziyyət İspaniyanın Toledo şəhərində keçirilən Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün gündəliyinə daxil edilib.
Fransalı həmkarım Ketrin Kolonna ilə xarici işlər nzirlərinin görüşünün gündəliyinə Dağlıq Qarabağdakı vəziyyəti də daxil etmişik. Biz Azərbaycana və Rusiyaya təcili müraciət edirik: Dağlıq Qarabağ xalqı nəhayət ki, onlara lazım olanı almalıdır. Laçın dəhlizi humanitar yardımın daşınması üçün sərbəst olmalıdır.
…Humanitar yardımın çatdırılmasına zəmanət vermək üçün bir neçə gündür amerikalı həmkarları ilə fikir mübadiləsi aparırıq”.
Berbokun açıqlaması Qarabağdakı hazırkı humanitar böhranın Azərbaycanı beynəlxalq səviyyədə izolyasiyaya doğru sürüklədiyinidən xəbər verir. Açıqlamadan göründüyü kimi, artıq Laçın dəhlizi ilə daşımaların təmin olunması üçün Azərbaycanın iradəsindən kənar beynəlxalq zəmanətini verilməsi mexanizmi müzakirə edilir. Bu Laçın yolunda Azərbaycanın suverenliyini şübhə altına alan çox təhlükəli bir vəziyyət deməkdir. Aparılan yanlış siyasət üzündən ölkəmizin Laçın yolundakı suverenliyinə qarşı beynəlxalq koalisiya yaranmaqdadır.
Bu onu göstərir ki, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində apardığı yanlış siyasət bumeranq kimi geri dönərək ermənilərin mövqeyini gücləndirir, bizim milli maraqlarımızı isə zərbə altında qoyur.
Qarabağda 10 minlik qanunsuz erməni silahlı birləşmələri olduğu halda, biz niyə bu hərbi birləşmələrin çıxarılmasını gündəmə gətrib Xankəndiyə təzyiq etmək əvəzinə, Laçın yolunun bağlanması məsələsinə əl atdıq ki ? İndi bu suala cavab vermək lazımdır. Əgər biz Qarabağdakı qanunsuz silahlı birləşmələrin çıxarılmasını tələb edərək separatçı quruma və Ermənistana təzyiq etsəydik , o zaman bu haqlı tələbimizə görə ölkəmizə qarşı indiki beynəlxalq təzyiqlər də yaranmayacaqdı.
Məhz Azərbaycan hakimiyyətinin yanlış addımı üzündən Laçın yolu ilə bağlı məsələ artıq Avropa İttifaqının gündəliyinə daxil edilib və indi ermənilər bu məsələdə çox güclü beynəlxalq dəstək qazanıblar. Ermənistanla sülh müqaviləsi bağlamadan Avropanı bu şəkildə qarşımıza almaq bizə lazım idimi? Təbi ki, yox. Bu məsələdə bizim uduşumuz nədir? Təəssüf ki, yalnız beynəlxalq səviyyədə mövqelərimizin zəiflədiyini görürük. Ermənilərin isə əldə etdikləri böyük beynəlxalq dəstək göz önündədir Dostların deyil, düşmənə dəstək verənlərin sayını artıran siyasət isə heç vaxt rasional sayıla bilməz..
Fuad Gahramanlı