KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsi nə vəd edir?

Fuad Gahramanlı: ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsi nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
28 0

İlham Əliyevin son çıxışından Paşinyan necə istifadə etdi?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken dünən Vaşinqtonda Ermənistan-ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar. Belə bir sazişin imzalanması təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazda güc tarazlığı baxımdan da mühüm geostrateji əhəmiyyət daşıyır.

Bu saziş indiki həssas dönəmdə Ermənistana ABŞ-n dəstəyi ilə öz təhlükəsizlik təminatını gücləndirmək və müdafiə qabiliyyətini artırmaq imkanı verir. Saziş çərçivəsində birgə fəaliyyətə dair işlərin icrası üçün daimi fəaliyyət göstərəcək ikitərəfli komissiya yaradılması nəzərdə tutulur. Eyni zamanda nəzərdə tutulur ki, Ermənistan strateji tərəfdaş kimi ABŞ-n qlobal terrorizmlə mübarizəsində iştirak edərək İŞİD-a qarşı koalisiyada yer alacaq.

Sənədin imzalanmasından dərhal sonra, gələn həftə Ermənistanın gömrük və sərhəd nəzarətinin təkmilləşdirilməsi və bu sahədə birgə işin təşkili üçün ABŞ-dan sərhəd nəzarəti üzrə xüsusi qrup İrəvana işgüzar səfərə gələcək.

Bununla da Ermənistan dünyanın bir nömrəli qlobal gücü hesab olunan ABŞ-la münasibətlərini ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə qaldıraraq, öz təhlükəsizlik vektorunu ənənəvi Rusiya istiqamətindən Qərbə doğru çevirmiş oldu. Rusiyanın isə çarəsiz şəkildə bu reallığı qəbul etməkdən başqa bir seçimi qalmayıb. Rusiya Prezidentinin sözçüsü Peskov və xarici işlər naziri Lavrov bu addımı Ermənistanın suveren hüququ sayması onu göstərir ki, Moskva artıq postsovet respublikalarının geosiyasi seçimlərinə müdaxilə edəcək gücdə deyil və ona görə də, indi öz narazılığını əvvəllər olduğu kimi sərt formada büruzə verməməklə heç olmasa ikitərəfli münasibətləri pozmamağa çalışır.

Xatırladaq ki, bundan bur həftə öncə Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Bununla da Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı prosesini rəsmi olaraq başlatmış oldu. Ermənistanın Qərbə inteqrasiya istiqamətində atdığı bu addımlara təkcə ölkənin milli strateji maraqlarından irəli gələn qərarlar kimi baxmaq olmaz, bu, həm də Paşinyan hakimiyyətinin demokratik mahiyyətindən və siyasi azadlıqlardan qorxmamasından irəli gələn bir yanaşmadır.

ABŞ -n Ermənistanla strateji əməkdaşlıq sazişi imzalamasına, həm də ötən həftə İlham Əliyevin Ermənistanla bağlı səsləndirdiyi sərt bəyanatlara bir cavab kimi də baxmaq olar. Bu da həmin çıxışın qarşı tərəfi gücləndirən nəticəsi. Belə diplomatiya, belə siyasət olar ? Bunun adı diplomatiya yox, “qas düzəltmək yerinə vurub gözü də çıxarmaqdir”.
Azərbaycan hakimiyyəti bu çıxışıla guya istəyirdi ki, Qərbi müharibə təhlükəsi ilə qorxudub, əslində olmayan, sözlə yaradılmış savaş təhlükəsini, blefi Qərbə satsın. Sonra da bu blefdən imtina etməyin qarşılığında Qərbin özü avtoritar rejiminə loyallığını təmin etsin. Ancaq hakimiyyət maraqlarına görə atılan bu addım əks nəticə verdi. Bu çıxış və buna bənzər əvvəlki ritorikalar Paşinyana imkan verdi ki, öz ölkəsinin müharibə təhdidi altında olması barədə saxta rəy yaradıb, ABŞ-dan Ermənistana təhlükəsizlik təminatı alsın. Biz deyəndə ki, belə danışmaq milli maraqlarımıza zərər gətirir, nəzərə alınmır. Bu da nəticə.

Baxdıqca insanın ürəyindən qara qanlar axır. Bir tərəfdə Ermənistanın tərəqqisi, xalqının maddi rifahının yaxşılaşdırılması, milli strateji maraqlarına görə Qərbə inteqrasiya və yeni inkişaf imkanlarının yaradılması istiqamətində ardıcıl və inadçı siyasəti görürük. O biri tərəfdə isə avtoritar rejim maraqlarına görə beynəlxalq səviyyədə özünü təcrid edən Azərbaycanın gah Rusiyanın kölgəsinə sığınmasını, gah üzünü Mərkəzi Asiyaya doğru çevirməsini, ölkə içində hüququn, ədalətin dəyərsizləşməsini, korrupsiyanın dövlət siyasətinə çevrilməsini, zorakılıq və repressiya ilə xalqın səsinin boğulmasını, pis və səriştəsiz idarəçilik nəticəsində resursları talan edilən dövlətin milli tənəzzüllə məruz qalmasını və əldən çıxan tarixi fürsətləri ürək ağrısı ilə seyr edirik.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir