Azərbaycan hakimiyyəti bu danışıqları niyə mətbuatdan gizlədir
Prezident köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. Onun bu səfəri ilə bağlı ətraflı məlumat verilmir. Deyilən yalnız budur ki, o, Ermənistan Azərbaycan arasında gedənsülh danışıqlarını, sülh prosesini müzakirə etmək üçün ABŞ-a gəlib. Ancaq məsələ burasındadır ki, səfərin məqsədinin deyildiyi kimi, yalnız bu məsələ ilə məhdudlaşması inandırıcı görünmür. Nəyə görə?
Çünki ABŞ prezidenti Co Bayden və Dövlət katibi Blinken son aylar ərzində İlham Əliyevə müraciətlərində əsasən üç məsələni qabardırlar. Bunlardan biri Ermənistan və Azərbaycan arasında sülh danışıqlarıdırsa, digər ikisi də, vətəndaşların konstitusion hüquqlarını gerçəkləşdirməyə təminat verən demokratik islahatlar və Rusiyadan uzaqlaşmaq məsələsidir.
Ona görə də, mənti olaraq belə nəticə çıxır ki, ABŞ tərəfi bu görüşdə ola bilməz ki, ancaq bir məsələni – Ermənistan və Azərbaycan arasındakı danışıqları müzakirə edib, digər mövzulara diqqət yetirməsin. Tamamilə məntiqidir ki, bu görüşdə ABŞ rəhbərliyini qayğılandıran və hər məktubda, telefon zəngində təkidlə və xüsusi vurğulanan demokratik islahatlar və Rusiya ilə münasibətlər də müzakirə olunub. Və o da, məlumdur ki, bu cür diplomatik müzakirələrin mövzusu öncədən razılaşdırılır. Demək ki, Azərbaycan tərəfi ABŞ- n irəli sürdüyü bu tələbləri inkar edə bilmədiyi üçün onlarla bağlı ikitərəfli müzakirələrə başlayıb.
Bu öz özlüyündə yaxşı xəbərdir və bizim əvvəlki yazılarımızda dediyimiz bir nüansı təsdiq edir ki, Ukrayna müharibəsinin nəticələri və Rusiyanın geosiyasi güc kimi çöküşü Azərbaycan rəhbərliyinə konfrantasiya yolu ilə Qərbin tələblərini inkar etməyə imkan verməyəcək.
Bu görüşdən öncə hakimiyyətin müxalifətin Novxanı aksiyasına müdaxilə etməməsi və Rusiyanın “RİA Novosti” agentliyinin bağlanması onu göstərir ki, Azərbaycan tərəfi müzakirə olunacaq məsələlərlə bağlı ABŞ-da özü haqqında yaxşı, xoş təəssürat yaratmağa çalışıb ki, çox danışıqlar zamanı çox da təzyiqlərə məruz qalınmasın.
Proseslər onu göstərir ki, Azərbaycan hakimiyyəti təkcə xarici siyasətdə deyil, həm də daxildə Qərbin oyun qaydalarını qəbul etməyə artıq məhkumdur, məcburdur.
Hikmət Hacıyevin dünən ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla mətbuat üçün qapalı görüş keçirməsi də dediklərimizi təsdiq edir. Bir qayda olaraq bu cür görüşlər barədə məlumatlar sonda iki tərəfin razılaşdırdığı şəkildə verilir və heç də müzakirə edilən mövzuları tam əhatə etmir. Aydındır ki, Azərbaycan hakimiyyəti bu görüşdə hansı məsələlərin müzakirəsinə razılıq verdiyinin bilinməsini qətiyyən istəmir. Narahatdırlar ki, bunların bilinməsi cəmiyyətdə demokratiya və azadlıqla bağlı tələbləri daha da gücləndirə bilər. Ona görə də, prosesi mümkün qədər konfidensial aparıb, nəzarət altında tutmağa, maxsimmum gecikdirməyə çalışırlar.
Fuad Gahramanlı