Şimdi yükleniyor

Fuad Gahramanlı: ABŞ İranı vurdu, bunun nəticələri nə olacaq?

Fuad gahramanlı

 

İran ABŞ-a cavab verəcəkmi?

ABŞ bu gecə İranın üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana hava zərbəsi endirib. Zərbələr B-2 strateji bombardmançı təyyarəsindən atılan 13,6 tonluq GBU-57(MOP) bomnaları və 30 “Tohmawak” rraketi ilə endirilib və İranın adları çəkilən yeraltı nüvə obyektləri tamamilə dağılıb.

Bununla da İsrailin İrana qarşı başlatdığı hücum əməliyyatları öz əsas hədəfinə çatmış oldu. Məlum olduğu kimi, ABŞ-la İran arasında aparılan danışıqlarda Tehrandan iki məsələdə güzəştə getmək istənilirdi. Biri uranın zənginləşdirilməsindən imtina etmək, digəri də ballistik raket proqramını dayandırmaq. İranın masada danışıqlar yolu ilə razılaşmadığı məsələ artıq sahədə hərbi yolla həll olundu. İndi İranın nə nüvə silahı yaratmaq imkanları var, nə də ki, ballistik raket istehsal edəcək zavodları. Tramp dünənki zərbə ilə bundan sonrakı prosesdə İranın əlindəki bütün kartları almış oldu. Eyni zamanda son günlər İsrailə atılan raketlərin sayının azalmasından da görünür ki, Tehranın əlində olan raket rezervləri də getdikcə tükənmək üzrədir.

ABŞ-n İranın nüvə obyektlərinə endirdiyi zərbə, həm də müharibənin uzanmaması, daha tez bitməsi baxımından əhəmiyyətlidir. Bir halda ki, İranın nüvə və ballistik raket potensialı tamamən məhv edilib, o halda İsrailin də bundan sonra müharibəni davam etdirməsi üçün hər hansı əsas da qalmır. Yox, əgər, İsrail bundan sonra da öz aviazərbələrlərini davam etdirəcəksə, bu o demək olacaq ki, bundan sonrakı hədəf dini lideri Xomenei başda olmaqla dini rejimin çökdürülməsi, İranın bölünməsidir. Bu kontekstdə bir məlumatı da qeyd edək ki, iki gün öncə ABŞ və Suriyadakı SDQ arasında əldə olunmuş razılığa əsasən, bu təşkilatın 10 min döyüşçüsünün ölkə ərazisini tərk etməsi nəzərdə tutulu. İndi əsas suallardan biri budur ki, bu döyüşçülər İrana transfer olunacaqmı?

İranın ABŞ-n bu hücumlarına kəskin cavab reaksiyası vermək imkanları olmasa da, buna cəhd etmək doğurdan da daha ağır nəticələrə gətirib çıxara bilər. Tramp bildirib ki, İran buna cəhd etsə nəticələr daha ağır olacaq və ABŞ dağıdıcı zərbələrlə qarşılıq verəcək. Yəqin ki, İran rəhbərliyi bunu nəzərə alaraq ABŞ-la birbaşa savaşa girməyə, körfəz ölkələrindəki bazalarına raket zərbələri endirməyə maraqlı olmayacaq. Biz öncədən də qeyd etmişdik ki, mövcud qüvvələr nisbətində İranın bu savaşı digər regionlara yaymaq imkanları olmadığı üçün, yalnız getdikcə tükənmək üzrə olan raket ehtiyyatları ilə savaşın gedişini və nəticəsini dəyişmək real deyil. Bu gündən sonra İranın qarşısında duran əsas məsələ, hərbi məğlubiyyətdən sonra, daha rasional davranıb heç olmasa ölkənin sənayesini məhv olmaqdan xilas etməkdir.

Əslində, ABŞ-n İsrailin hücumlarından 10 gün sonra nüvə obyektlərinə hava zərbələri endirməsi, Trampın müharibədə iştirak etmədən və itkilər vermədən, qələbədə əsas paya sahib olmaq taktikasını ilə hərəkət etdiyini göstərməkdədir. İsrail İranın hücum potensialını və hərbi gücünü əhəmiyyətli dərəcədə zəiflətdikdən, hava məkanında hakimiyyəti ələ aldıqdan sonra, ABŞ bir hücumla əsas strateji zərbəni vurdu və prosesi yekunlaşdırdı. Bütün dünya bu müharibənin əsas strateji nəticəsini Trampın dilindən duymuş oldu.

Hazırda baş verənləri Orta Şərqdə hərbi strateji güc tarazlığını ciddi şəkildə dəyişən, qlobal güc rəqabətində oyun qaydalarına təsir göstərən bir hadisədir. Bu barədə daha ətraflı yazmağı nəzərdə tutduğumuz üçün hələlik qısa olaraq onu qeyd edək ki, Rusiya və Çinin Orta Şərqdəki ən böyük müttəfiqləri artıq hərbi güc kimi sıradan çıxmış hesab olunur. Bundan sonra bu regionda güc tarazlığı və təhlükəsizlik arxitekturası bu dövlətlərin iştirakı olmadan, ABŞ və onun regional müttəfiqləri tərəfindən dizayn olunacaq. Belə demək mümkünsə, Çin və Rusiya yeni dünya düzənində artıq Orta Şərqi uduzmuş sayılırlar. Ona görə də, bundan sonrakı matçların onların öz meydançasında olacağı gözlənilir.

Fuad Gahramanlı 

Share this content:

Yorum gönder