Blinkenin bu dəfəki zənginin fərqi nə idi?
ABŞ Azərbaycan qarşısında hansı şərtləri qoydu?
Blinkenin İlham Əliyevə bu dəfəki zəngi iki ölkə münasibətlərində mövcud problemləri yenidən gündəmə gətirdi. Bu telefon danışığında, o , ölkəsi adından Azərbaycan tərəfinə COP-29 tədbiri ilə bağlı öz dəstəyini ifadə etməklə, bu xoş məram fonunda münasibətlərin yenilənməsini təklif edib . Bu yenilənmə ifadəsi mövcud problemləri aradan qaldıraraq daha yaxın əməkdaşlığı ehtiva edən yeni bir səhifə açılmasını nəzərdə tutur.
Bu dəfəki zəngi əvvəlkilərdən fərqləndirən əsas cəhət odur ki, Blinken İlham Əliyevə iki məsələdə tələsməyi və münasibətləri yeni mərhələyə keçirməyi təklif edib. ABŞ dövlət Departamentinin yaydığı məlumatdan belə məlum olur ki, Azərbaycanın ABŞ -n təklif etdiyi iki məsələ ilə bağlı atacağı addımların sürətindən aslı olaraq münasibətləri yeni mərhələyə keçirmək mümkün ola bilər.
Bu addımların biri Ermənistanla sülh danışıqlarını yekunlaşdırıb sülh sazişini imzalamaqdır. Məlum olduğu kimi, İlham Əliyev yalnız Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiasını nəzərdə tutan müddəanın aradan qaldırılması halında sülh müqaviləsinin imzalana biləcəyini bildirib. Ermənistanda yeni konstitusiyanın qəbulunum 2026-ci ildə mümkün olacağını nəzərə alsaq,o zaman bu prosesim daha iki il uzanması anlamına gəlir.
ABŞ indiki halda Paşinyanın Azərbaycanın tələbi ilə tez bir zamanda konstitusiya dəyişikliyinə gedəcəyi təqdirdə, Rusiyaya bağlı 5-ci kalonun bundan istifadə edərək Paşinyan hakimiyyətinin mövcudluğunu təhlükə altına atacağından narahatdir. Bu baş verərsə Rusiya Paşinyan hakimiyyətini devirib onun yerinə özünə bağlı revanşistləri hakimiyyətə gətirə bilər. Bu zaman isə nəinki sülh prosesi iflasa uğrayar, hətta real müharibə təhlükəsi belə yaranar.
Ona görə də Blinken konstitusiya dəyişikliyini problemə çevirmədən Azərbaycanı sülh sazişini imzalamağa çağrır. ABŞ hesab edir ki, indiki halda bu məsələnin yubadılması yalnız Rusiyanın maraqlarına uyğun olduğuna görə, Azərbaycanın sülh sazişi ilə bağlı bundan sonrakı mövqeyi onun Moskva ya Qərblə birgə olduğunu müəyyən edəcək.
Blinkenin bu dəfəki telefon danışığında növbəti dəfə Azərbaycanda haqsız yerə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını vurğulayıb. Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu məsələdə də, o, İlham Əliyevdən tixunulan problemi yubatmadan həll etməsini istəyib . Bu onu göstərir ki, Azərbaycanda siyasi məhbusların azadlığı məsələsi ABŞ üçün iki ölkənin münasibətlərinə təsir edən vacib bir mövzuya çevrilib və bu məsələdə hər hansı müsbət dəyişikliklər olmazsa, əlaqələrdə yeni mərhələyə keçid də mümkün sayılmır. Əgər, Azərbaycan siyasi məhbusları azad etməyəcəksə, o zaman bu həm də ABŞ -a münasibətin göstəricisi kimi qəbul edilərək bir növ geosiyasi seçim vektorunu müəyyənləşdirmiş olacaq. Son vaxtlar ABŞ və AB -nin bu məsələnin üzərində belə israrla durması məhz onunla bağlıdır ki, Azərbaycanda insan haqları mövzusu indi təkcə beynəlxalq öhdəliklərə münasibəti ifadə etmir, bu həm də geosiyasi oriyentasiya indikatoru kimi əhəmiyyət daşıyır.
Əslində Blinkenin bu iki məsələdə İlham Əliyevdən yubanmadan addım atmasını istəməsi, o deməkdir ki, Cənubi Qafqazda Rusya ilə ABŞ arasındakı geosiyasi savaşda Azərbaycanın öz tərəfini bəlli etməsi vaxtı çatıb və Qərb öz gözləmə limitinin sonuna gəlib çatıb. Azərbaycanda bir çoxlarıhakimiyyətin öz geosiyasi seçimini əvvəldən Rusiyanın xeyrinə etdiyini düşünsə də, Qərb bu məsələyə təmkinlə yanaşırdı və hesab edirdi ki, diplomatiyanın butün mkanlarindan istifadə olunarsa Azərbaycanla dialoq müsbət fayda verə bilər. Lakin Putinin Şimali Koreya səfəri bir çox istiqamətlərdə olduğu kimi Cənubi Qafqazda da Rusiya ilə bağlı konkret addımlar atılması və geosiyasi bölünmə xəttinin daha dəqiq müəyyən edilməsi zərurətini artırıb. Bu baxımdan Blinkenin İlham Əliyevə telefon zəngi zamanı iki məsələdə sürətli qərar verməsini istəməsi diplomatik dildə “yubanmadan öz tərəfini seç ki, biz də öz işimizi bilək” deməkdir əslində.
Fuad Gahramanlı