İlham Əliyev və Blinken nədən danışıblar?
ABŞ Azərbaycan münasibətləri hara gedir?
ABŞ dövlət katibi Entoni Blinken İlham Əliyev və Paşinyanla ayrı-ayrılıqda telefonla danışıb. Telefon danışığında iki ölkə arasında sülh danışıqlarının hazırkı vəziyyəti müzakirə olunub.
ABŞ tərəfi Azərbaycanla yüksək səviyyəli dialoqun dayandırılmasını bildirdikdən sonra, belə bir danışığın baş tutması, mövzunun son dərəcə önəmli olduğundan xəbər verir
Dövlət Departamentinin sözçüsü Metyü Miller bildirib ki, “Blinken son günlər ABŞ-la Azərbaycanın münasibətlərindəki narahatlıq doğuran məqamlara da toxunub.” Belə çıxır ki, bu, ABŞ-n Azərbaycanla bağlı son qəti qərarlar verməzdən öncə münasibətlərdəki mövcud problemləri aradan qaldırmaq üçün göstərdiyi son cəhd də ola bilər.
Telefon danışığında iki ölkə arasında yaranmış gərginliyin müzakirəsi söhbətin heç də rəvan getmədiyini deməyə əsas verir. Bu gərginliyin səbəblərinə gəldikdə isə ABŞ rəsmiləri bu günə qədər Azərbaycanın Qərbin vasitəçilik etdiyi danışıqlar prosesindən yayınmasını, Zəngəzurla bağlı hərbi təhlükə ehtimalını, Qarabağdan rus ordusunun çıxarılması, İran ərazisindən yol çəkilişinin qəbul edilməzliyini və ölkədə demokratik institutlara qarşı siyasi repressiyaların güclənməsini daha çox qabardıblar.
İlham Əliyevin bu məsələlərə necə reaksiya verdiyi bəlli olmasa da, ancaq aydındır ki, iki ölkə arasında gərginliyə səbəb olan sadaladığımız məsələlərə Azərbaycanın necə yanaçacağı gələcək strateji seçimi müəyyənləşdirəcək.
Azərbaycan üçün artıq vaxt limiti bitib və Qərb Azərbaycandan aydın geosiyasi seçim tələb edir. Bu baxımdan son zamanlar istər Avropa Birliyi, istərsə də ABŞ tərəfindən Qarabağ məsələsinin gündəmə gətirilməsi, Azərbaycanın Zəngəzur üçün hərbi təhdid yaratdığının süni şəkildə qabardılaraq təzyiq göstərilməsi, əslində ölkəmizin Rusiya ilə yaxınlaşmasına verilən sərt reaksiya kimi başa düşülməlidir.
Görünür indi dövlət katibi Blinken İlham Əliyevə bildirib ki, əgər Azərbaycan Rusiyanın təsirindən çıxaraq Qərbin təkliflərini qəbul edərsə, o zaman bu təzyiqlər də aradan qalxar və münasibətlər əvvəlki məcrasına qayıda bilər. Bu ehtimalın gerçək olduğunu Dövlət Katibinin köməkçisi Ceyms Obraynın son bəyanatı da təsdiq edir. O, bildirib ki, əgər davamlı sülh əldə olunarsa və Azərbaycanla Ermənistan arasında kommunikasiyalar açılarsa, ABŞ bu prosesi çox fəal şəkildə dəstəkləyəcək.
Maraqlıdır ki, telefon danışığında Dövlət katibinim müavini Azərbaycanla bağlı sərt bəyanatların müəllifi Ceyms Obraynın gələn ay Bakıya səfər etməsi razılaşdırılıb. Bunun qarşılığında isə Azərbaycan diplomatlarının da ABŞ-a səfərinə razılıq verilib. Demək ki, Azərbaycan əvvəlki mövqeyinin bir qədər yumuşaldataq ABŞ-n maraqlı olduğu mövzuları müzakirə etməyə hazır olduğunu bildirib ki, yüksək səviyyəli dialoqun bərpası da mümkün olub.
Son vaxtlar beynəlxalq səviyyədə Azərbaycanla bağlı baş verənlər Rusiya ilə yaxınlığın və anti-Qərb mövqeyində qalmağın ölkəmiz üçün çox ağır nəticələr verə biləcəyini göstərdi. İndi Azərbaycan rəhbərliyi ya öz geosiyasi seçiminə yenidən baxmalı, ya da ki, Qərbi Ermənistın müttəfiqinə çevirərək sanksiyalara səbəb ola biləcək güclü beynəlxalq təzyiqlərə hazır olmalıdır.
Fuad Gahramanlı