Türk dövlətləri birliyinin yeni Avrointeqrasiya mərhələsi.
Mərkəzi Asiyada yerləşən türkdilli ölkələrin Cənubi Kiprə səfir təyin etməsi qərarı bəzi çevrələr tərəfindən türk birliyi ideyasının sonu kimi təqdim edilməkdədir.
Bu ölkələrin AB -nin Şimali Kiprə səfir təyin etmək şərti ilə uzatdığı əli tutmaları doğru olardı, yoxsa, bu əldən imtina edib regionun Çin, Rusiya və İranın geosiyasi mühasirəsində qalmasına razı olmaları? Bu kontekstdə onu da nəzərə almaq lazımdır ki, Şimali Kiprlə bağlı məsələ onsuz da Türkiyə və AB arasındakı münasibətlər zəminində həll olunacaq və burada Mərkəzi Asiya ölkələrinin hər hansı rolu və təsir gücü yoxdur.
Aydındır ki, Çin bə Rusiya Mərkəzi Asiyada əsas hegomin güc olaraq qalarsa və bu region ölkələri də Avropaya açılmazlarsa, o zaman Türk Dövlətləri Təşkilatı nəinki dərin inteqrasiya hədəflərini həyata keçirə bilməz, hətta inkişaf prosesindən geri qalarlar
Ona görə də Türküstan ölkələrinin Şimali Kiprə səfir təyin etmələri türk dövlətləri arasında mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sahəsində inteqrasiya, əməkdaşlıq istiqamətində qarşıya qoyulmuş hədəflərin artıq ortadan qalxması anlamına gəlməməlidir.
Aprelin 4-də Özbəkistanda AB ilə Mərkəzi Asiya dövlətləri arasında keçirilən sammitdə Ursula fon der Lyayen bildirib ki, region ölkələri AB yə güvənə bilirlər və bu tədbir tərəflər arasında strateji əməkdaşlığın(!) əsasını qoyur. O, çıxışı zamanı Qlobal İnvestisiya Keçid paketi çərçivəsində regionda kommunikasiyalarin inkişafına, nadir torpaq elementlərinin istismarına, yaşlı enerjiyə və rəqəmsal inkişafa 12 mlrd avro investisiya ayrıldığı bildirilib. Bundan əlavə gələcəkdə isə yeni layihələr üzrə əlavə investisiya qoyuluşları da planlaşdırılır.
Bütün bunlar onu göstərir ki, ABŞ -n xarici siyasətində baş verən dəyişikliklər fonunda Avropa Birliyi nəinki Cənubi Qafqazda, hətta Mərkəzi Asiyada fəal rol oynamaq, böyük həcmli investisiyalar yatırmaq və regionda Çin və Rusiya təsirinə qarşı durmaq niyyətindədir. Etiraf etmək lazımdır ki, nə maliyyə gücü nə də ki, texnoloji baxımdan Türkiyənin Mərkəzi Asiyada Çinə qarşı bu işləri görmək imkanlar yoxdur.
Bu proses dövlət olaraq bizim də maraqlarımıza uyğundur. Çünki Mərkəzi Asiya ölkələri Avropa Birliyi ilə strateji tərəfdaşlığı orta dəhliz istiqamətində, transxəzər xətti vasitəsilə ilə gerçəkləşə bilər ki, bu, da Azərbaycanın da Avrointeqrasiya prosesinə əlavə müsbət təsir göstərəcək.
Bu gün Avropanın Cənubi Qafqazda tam möhkəmlənməyi gözləmədən Mərkəzi Asiyaya sürətli keçid etdiyini görürük. Bu, o deməkdir ki, Türk Dövlətləri Təşkilatının inkişafı paralel olaraq Avrointeqrasiya prosesi çərçivəsində gerçəkləşəcək bir mərhələyə daxil olur.
Ona görə də türk birliyinin lideri olaraq Türkiyənin özünün də Avropaya inteqrasiyasının dərinləşməsi, Mərkəzi Asiyada başlamış prosesin məntiqinə uyğun olardı. Belə bir inteqrasiya siyasəti Türkiyənin xarici siyasətində demokratik dəyərlər vizyonunu daşımasına, Türk dövlətləri birliyinin etno-mədəni yaxınlıqla bərabər, gələcəkdə həm də demokratik dəyərlərə söykənən ittifaqa çevrilməsinə yol açar. Çünki Türk Dövlətləri Təşkilatının yeni dünya nizamında uğuru və perspektivi onun avtoritar mahiyyətdən uzaqlaşaraq, xalqların iradəsinə söykənən və öz resurslarından daha səmərəli istifadə edə bilə bir ittifaqa çevrilməsindən çox asılı olacaq.
Fuad Gahramanlı