KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Ərdoğan Zelenski görüşü Putini niyə pərt etdi

Fuad Gahramanlı: Ərdoğan Zelenski görüşü Putini niyə pərt etdi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
65 0

Görüşdən sonra Krımda və Belqoroddakı hərbi bazaların vurulması nə deməkdir

Ərdoğanın Ukrayna səfəri Putinin arzuladığı nəticəni vermədi. Bir neçə gün öncə Soçidə keçirilən görüşdə Türkiyənin Suriyaya müdaxiləsinə şərtlə razılıq vermək müqabilində, Ərdoğan Putinin Ukrayna ilə Rusiya arasında vasitəçilik təklifini qəbul etmişdi. Soçi görüşündən sonra ehtimal kimi görünən bu məsələ Ərdoğanım Kiyevə səfərində öz təsdiqini tapdı. Ərdoğan Putinin adından Zelenskiyə müharibəni dayandırmaq, sülh danışıqlarına başlamağı və onunla görüşə hazır olduğunu təklif edib.
Putinin belə bir təkliflə çıxış etməsi, Ukraynada müharibəni davam etdirməyin getdikcə Rusiya üçün daha böyük çətinliklərə səbəb olması və qələbəyə inamın tam itməsi ilə bağlıdır. Xüsusi ilə son vaxtlar cəbhənin Cənub istiqamətində Rusiya çox böyük uğursuzluqla üzləşib və bu durumdan çıxış yolu görünmür. Üstəlik Ukrayna Krıma endirdiyi ardıcıl zərbələrlə cəbhə xəttini genişləndirib və toxunulmaz hesab olunan bu ərazinin statusunu döyüş gedən digər ərazilərlə ilə eyniləşdirib. Krımın döyüş ərazisinə çevrilməsinin qarşısını alnaqda aciz qalan Putin buna görə çox böyük narahatlıq keçirməkdədir. Eyni zamanda Qərbdən göndərilən artileriya sistemlərinin vurduğu sarsıdıcı zərbələr rus ordusunun logistika və təhciizat imkanlarını məhv edərək hərbi üstünlüyü Ukraynanın xeyrinə dəyişməkdədir. Putin anlayır ki, belə şəraitdə hərbi əməliyyatları davam etdirmək getdikcə daha da çətinləşəcək. Xüsusi ilə də payızda Ukrayna ordusuna Lend-Liz aktı çərçivəsində yeni, daha güclü hərbi yardımların gəlməsi sanksiyalar üzündən getdikcə resursları tükənən Rusiya üçün fəlakət ssenarisini vəd edir. Ona görə də, Putin indiki mövqeləri əlində saxlayıb revanş üçün vaxt qazanmaq və özü üçün əlverişli şərtlərlə sülh danışıqlarına başlamaq istəyir. Onun Ərdoğan vasitəsi ilə Zelenskiyə təklif etdiyk sülh, əslində, işğalın nəticələrini qoruyub saxlamaq və Rusiyanı labüd məğlubiyyətdən sığortalamaq məqsədinə xidmət edirdi.
Ancaq Putinin Ərdoğana həvalə etdiyi missiya uğursuzluğa uğradı. Zelenski çox aydın və birmənalı cavab verdi: “Mən Prezident Ərdoğana dedim ki, Rusiyaya etibar etmək olmaz…Rusiyanın “hansısa sülhə” hazır olduğunu eşidəndə çox təəccübləndim. Öldürən, zorlayan, dinc əhalini raketlərlə vuran insanlar sülh istəyə bilməzlər. Onlar əvvəlcə işğal etdikləri torpaqları azad etməlidirlər, sonra isə…Sonrası isə sonra olacaq”.
Əslində, Zelenskinin bu sözləri, təkcə Putinə verilmiş cavab kimi səslənməyib. Cavab elə şəkildə verilib ki, Ukraynanın ərazi bütövlüyü təmin edilmədən müharibəni saxlamaq tərəfdarı olan hər kəsə qarşı bir mənəvi qınaq açıq – aydın hiss olunur. Təəssüf ki, Türkiyə rəhbərliyinin bu məsələdə tutduğu hazırkı mövqe NATO – nun ümumi strateji xəttindən müəyyən qədər fərqlənir.
Ukrayna müharibəsinin indiki mərhələdə saxlanılması, bu ölkənin ərazi bütövlüyünün təmin olunmaması və işğalçı Rusiyanın hərbi məğlubiyyətinin qarşısının alınması demək olardı. Ona görə də indiki halda müharibəni yarımçıq saxlamaq təşəbbüsü heç də sülh missiyası sayıla bilməz və bu istər beynəlxalq təhlükəsizlik, istərsə də Ukraynanın suverenliyi baxımdan qəbul edilən bir mövqe deyil.
Təsadüfi deyil ki, Ərdoğanla görüş başa çatan günü axşamı Ukrayna ordusu Sevastapol yaxınlığında yerləşən Belbeki hərbi aviabazasını vurdu. Eyni vaxtda həm də Rusiyanın Belqorodda Starıy Oskol yaxınlığında yerləşən hərbi sursat anbarı da vurulub. Bütün bunlar Ukraynanın Putinin indiki şərtlərlə müharibəni dayandırmaq mesajına ən sərt formada verilən hərbi cavab hesab olunur. Bununla Ukrayna Rus işğalçılarını məğlub edib, Krım da daxil olmaqla öz ərazilərini azad etməkdə sona qədər qərarlı olduğunu hər kəsə göstərməkdədir.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir