Fələstin, yoxsa Qarabağ?
İran səfirinin düzəlişinə sözardı
İranın Azərbaycandakı səfirinin Qarabağ və Fələstin münaqişələri haqda söylədikləri gündəmin əsas müzakirə mövzuları sırasında yer aldı. Əslində bu mövzunun tarixi çox illər əvvələ gedir. Azərbaycanda uzun illərdir belə bir fikir var ki, İran Fələstin münaqişəsinə göstərdiyi diqqəti nədən Azərbaycana, Qarabağ münaqişəsinə göstərmir? Ötən həftə də parlamentdə deputatlarımız İran prezidentinin Ermənistana səfərini tənqid ediblər.
Buna cavab olaraq da İran səfiri bu iradlara cavab verib və bildirib ki, iki münaqişə arasında fərq var.
Sitat: “İsrail rejimi isə Fələstin torpaqlarını işğal edib, oradakı əhaliyə işgəncələr verir, zülmə məruz qoyur. Fələstin və Qarabağ məsələsi tamamilə fərqlidir. Biz düşünürük ki, İsrail rejimi saxta rejimdir və bütün dünya üçün təhlükədir. Bu səbəbdən də bu rejim dəyişməli, Fələstin xalqı öz torpaqlarına sahib olmalıdır. Bu gün Qəzza əhalisi blokada şəraitindədir. İsrail rejimi onlara qida və dərmanların çatdırılmasına mane olur. Eləcə də İordaniya çayının qərb sahillərində əhali İsrailin təzyiqləri ilə üz-üzə qalıb. Mən hesab edirəm ki, bu iki münaqişəni müqayisə etmək düzgün deyil. Biz dünyanın istənilən yerində müsəlman qadın və uşaqların öldürülməsinə görə narahat oluruq, bunun qarşısını almaq üçün cəhdlər edirik”.
Sonrakı abzasda isə səfir Fələstində daha ağır durum olduğunu deyib: “Bir daha qeyd edim ki, Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir. İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülümlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədədir. Başqa məsələ ondan ibarətdir ki, Qarabağ münaqişəsinin həlli üçün ölkə rəhbərləri danışıq aparırlar və biz ümid edirik ki, bu müzakirələr bəhrə verəcək. Fələstin məsələsinin isə sülh yolu ilə həll olunacağını görmürük və buna inanmırıq”.
Bu, əslində yuxarıda qeyd etdiyim kimi, uzun illər Azərbaycan cəmiyyətində İranla bağlı tənqidi fikrə bir cavabdır. Yəni səfir haradasa İranın Fələstinlə Qarabağ münaqişəsi arasında fərq qoyduğunun səbəbini izah etməyə çalışıb. Bunu İran dövlətinin xarici siyasət kursu kimi də qəbul edib, üstündən keçmək olardı. Amma hörmətli səfirin Fələstini Qarabağdan daha ağır münaqişə adlandırması necə deyərlər, cavab tələb edən açıqlamadır.
Əvvəlcə ondan başlayaq ki, bu açıqlama sətiraltı olaraq İranın Ermənistanla siyasi, iqtisadi əlaqələr saxlamasını əsaslandırmaq cəhdinə bənzəyir. Mənə görə, əslində bu açıqlamanın o qədər etiraz doğurmasının səbəbi də budur.
O ki qaldı münaqişənin bənzərliyi və hansının daha ağır faciə olmasına, bu mövzunun özü də mübahisəlidir. Səfir bir mənada haqlıdır ki, həqiqətən də Fələstin münaqişəsi daha qlobal problemdir, dünyanın gündəmini daha çox məşğul edir. BMT-nin qərarı olmasına baxmayaraq 1948-ci ildən bu yana İsrail dövləti yaradılsa da, Fələstin dövlətini yaratmaq mümkün olmayıb. Və bu münaqişə hələ də davam edir.
Ancaq ona görə belədir ki, dünya bu münaqişəyə daha çox diqqət edib, 21 ərəb dövləti, ümumilikdə 57 müsəlman dövləti əməldə olmasa da, sözdə bu münaqişəni gündəmdə saxlayıblar. Üstəlik Yaxın Şərq coğrafi mövqeyi, enerji ehtiyatları, dinlərin mərkəzi olması və sair səbəblərdən Fələstin münaqişəsi daha çox diqqət mərkəzində olub. Təbii ki, bura bütöv bir xalqın yaşadığı faciələri də gələndə həqiqətən Fələstin münaqişəsi ötən əsrin ən böyük hadisələrindən biridir.
Lakin eyni zamanda Qarabağ və ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi həm tarixi, həm də nəticələri baxımından heç də Fələstin münaqişəsindən geri qalmır. Yalnız Fələstindən fərqli olaraq Qafqazda şərtlər fərqli olub. Ermənilərin və yəhudilərin dövlət yaratması məntiqi oxşardır. Hər iki xalq eramızdan əvvəl bu ərazilərdə dövlətlərinin olduğunu iddia edir. Və bu səbəbdən də 20-ci əsrdə “tarixi vətənlərində” dövlət qurmaq iddiası ilə çıxış ediblər. Çox dərinə – detallara varmağa gərək yoxdur, metod, həyata keçirilən siyasət, xarici dövlətlərin fəaliyyətləri də bənzər olub.
Ötən 2 min il ərzində nə yəhudilərin Fələstində, nə də ermənilərin Qafqazda dövlətləri olmayıb. Ancaq 20-ci əsrdə hər iki xalq dövlət qurmaq üçün fəaliyyətə başlayıblar. Ermənilər yəhudilərdən 30 il əvvəl, 1918-ci ildə Avropanın dəstəyi ilə Rusiya imperiyasının dağılmasından istifadə edərək Qafqazda dövlət qurublar və tarixi Azərbaycan-türk şəhərini öz paytaxtları elan ediblər. Yəhudilər bu işi 30 il sonra – 1948-ci ildə ediblər. Tarixdə nə zamansa yəhudi dövlətinin mövcud olduğu və yəhudilərin yaşadığı torpaqlarda dövlət qurdular. Yəhudilər dövlət qurarkən ərəbləri, ermənilər dövlət qurarkən azərbaycanlıları öz tarixi torpaqlarından sürgün ediblər. Amma bir fərq vardı, yəhudilər bunu öz adlarından etdilər, amma ermənilər sovet dövlətinin tərkibində səssizcə azərbaycanlıları iki dəfə sürgün etməklə Ermənistan adlandırdıqları yeni dövlətlərinin ərazisini tarixi sakinlərindən – azərbaycanlılardan təmizləyiblər.
Nəticə etibarı ilə 21-ci əsrdə Fəlsətin ərazilərinin böyük hissəsi İsrailin nəzarəti altındadır. Qəzzada kiçik bir ərazi və Ramallahda, İordan çayının qərb sahilində Fələstin dövləti və ya administrasiyası mövcuddur.
Dünya ölkələri Fələstin dövlətinin tanınması, 1967-ci ilə qədər olan bölgü üzərindən İsrail və Fələstin dövlətinin bir-birini tanıması ilə bağlı danışıqlar prosesini dəstəkləyir.
Amma Ermənistan legitim dövlətdir və 100 il əvvəl Azərbaycanlıların torpaqlarında qurulan bu dövlət hazırda Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır. Bu torpaqlarda bir nəfər də olsa azərbaycanlı yaşamır. Halbuki İsraildə 100 minlərlə ərəb yaşayır, hətta onlar Qüdsdəki tarixi məbəddə ibadət edir, deputatları belə var. Ancaq azərbaycanlılar öz torpaqlarını yalnız xəritədən izləyə bilir.
Ermənistan həm öz ərazisində yaşayan 100 minlərlə azərbaycanlını sürgün edib, həm də Qarabağ və ətraf rayonlarını – Azərbaycan ərazilərini işğal etməklə əhalini qovub, faktiki soyqırımı törədib. Bu gün Ermənistanın işğal etdiyi ərazilərə BMT-nin tanıdığı hüquqi torpaqları olduğu halda bir azərbaycanlı belə gedə bilmir, nəinki yaşamaq. Qüds məscidində məhdudiyyətlər olsa da, hər halda müsəlmanların namaz qılmasına icazə verilir, amma Şuşada, Ağdamda və başqa şəhərlərdə məscidlər xarabalıqdır, heyvan bağlanır. Ötən əsrin 30-cu illərinə qədər təkcə İrəvanın özündə 38 məscid olub. Amma bu gün yalnız 1 məscid qalıb, onu da İran səfirliyi təmir edib, istifadə edir. Halbuki o məscid və İrəvan şəhəri tarixi Azərbaycanın bir parçası idi.
Əlbəttə, zülmün hətta bir nəfərə olması belə ağırdır, faciələrin müqayisəsi doğru deyil. Həzrət Məhəmməd (s.ə.s) “bir günahsız insanı öldürən, bütün insanlığı öldürmüş kimidir” deyir. Bu mənada Fələstin, Kəşmir, Pakistan, Əfqanıstan, İraq, Suriya, Yəmən, Liviya və dünyanın hansı yerində, dinindən, irqindən asılı olmayaraq günahsız insanların əziyyət çəkməsinə bütün vicdanlı insanlar etiraz etməlidir. Bu məsələdə sayın və ya miqyasın əhəmiyyəti yoxdur. Amma eyni zamanda biz digər ölkələrə, xalqlara görə etiraz etdiyimiz kimi, bizim də faciələrimizə diqqət edilməsini istəyirik və buna haqqımız var.
Kənan RÖVŞƏNOĞLU