KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Eynullah Medetli: Fəlsəfi və ictimai fikir tariximizin salnaməsi

Eynullah Medetli: Fəlsəfi və ictimai fikir tariximizin salnaməsi

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
471 0

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya institutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli ictimai-siyasi və fəlsəfi fikir tariximizin ölkəmizdə və onun hüdudlarında kənarda tanınmış tədqiqatçılarındandır. 2005-ci ildə “XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edən Faiq Ələkbərli Azərbaycanda və digər Türk cümhuriyyətlərində azərbaycanşünaslıq, türkologiya, türk dünyasının müxtəlif ictimai-siyasi, mənəvi-mədəni məsələləri üzrə elmi çalışmaları ilə yaxşı tanınır. Onun 2007-ci ildə nəşr edilən- “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü”, 2011-ci ildə çap edilmiş “Milli ideologiya problemlərinə tarixi-fəlsəfi baxış” I hissə, 2017-ci ildə nəşr olunmuş “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq”, 2018-ci ildə nəşr edilmiş “Azərbaycan-Türk fəlsəfi və ictimai fikir tarixi” (I hissə) kitabları, həmçinin ölkəmizdə və xaricdə dərc edilmiş yüzlərlə elmi və publisistik məqalələri xalqımızın elmi-fəlsəfi irsini daha da zənginləşdirmişdir.

Şübhəsizdir ki, Azərbaycan xalqının yazılı fəlsəfi-ictimai fikir tarixinin min ildən çox yaşı vardır. Şifahi xalq yaradıcılığı və təfəkkürünün yaşı isə neçə min illlərə dayanır və Dədə Qorqud dastanı kimi kamil, bənzərsiz eposumuz bizim ümumtürk mədəniyyətimizin zəngin tarixindən xəbər verir. Son min ildəki mütəfəkkirlərimiz, onların dəyərli əsərləri, yaradıb inkişaf etdirdikləri fəlsəfi məktəblər, təlimlər, təriqətlər bütün Şərqin, o cümlədən türk dünyasının mənəvi həyatına əhəmiyyətli təsir etmiş, onlarla qarşılıqlı əlaqədə, bütövlükdə Faiq Ələkbərlinin ifadə etdiyi kimi bir Turan sivilizasiyasının formalaşmasında əvəzsiz rol oynamışdır. XX əsrin birinci rübündə böyük Azərbaycan alimi, mütəfəkkiri və maarifçisi Məhəmməd Əli Tərbiyyət məşhur “Daneşməndan-e Azərbaycan”(Azərbaycanın alimləri) kitabında xalqımızın fəlsəfi-ictimai fikir və düşüncəsinin dəyərli mənsublarının böyük bir qismini oxuculara və dünyaya tanıtmağa səy göstərmişdi. Fars dilində yazılmış və İranda nəşr olunmuş bu qiymətli əsər müəyyən ixtisarla Azərbaycan dilinə tərcümə edilib Bakıda da nəşr edilmişdi.

Həm sovet dövründə, həm də müstəqillik illərində xalqımızın elmi-mənəvi irsinin müxtəlif sahələri – tarixçilər, ədəbiyyatçılar, filosoflar və digər sahələrin mütəxəssisləri tərəfindən araşdırılmış, xüsusilə fəlsəfə tarixçiləri bir sıra dəyərli araşdırmalar aparmışlar. Fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadənin elmi redaktorluğu ilə “Azərbaycan fəlsəfə tarixinin” I-II cildlərində fəlsəfi-ictimai fikir tariximizə dair qiymətli tədqiqatlar ortaya qoyulmuşdur. Təəssüf ki, bu vacib və gərəkli iş başa çatdırılmamış və XX əsrdə xalqımıza məxsus qiymətli fəlsəfi irs işlənib tamamlanmamışdır.

Faiq Ələkbərlinin bu il işıq üzü görmüş “Azərbaycan-Türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin ikinci hissəsi də bu sahədə görüləcək işlərin başlanğıcı və ilk qaranquşudur. Eyni zamanda, bu kitab ümumiyyətlə Azərbaycan fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də, Azərbaycan fəlsəfəsinin və ictimai fikrinin ümumtürk fəlsəfəsində yerini araşdıranlar üçün dəyərli vasitə kimi qiymətləndirilə bilər. Kitaba çox geniş və əhatəli ön söz yazan müəllif əsərin konsepti, tədqiqat üsulu, əhatə çərçivəsi və sair məziyyətləri ilə əlaqədar özünün yeni, konseptual yanaşma və təhlili barəsində açıqlama verir. Müəllifin XX əsrdə Azərbaycan türklərinin siyasi müstəqillik və siyasi ideologiyalar (islamçılıq, türkçülük, azərbaycançılıq, sosial-demokratizm, marksizm-leninizm, liberalizm və b.) baxımından çox ziddiyyətli zamanda yaşadığından bu dövrdə xalqımızın fəlsəfi-ictimai-siyasi fikir tarixini yazmağın da asan olmadığı fikri ilə razılaşmamaq mümkün deyildir.

Müəllifin fikrincə, XIX-XX əsrlərdə çarlıq Rusiyasının, sonra isə SSRİ cildində Sovet Rusiyasının ideoloqları azərbaycanlıların torpaqlarını fiziki olaraq bölüb parçalamaqla kifayətlənməmiş, xalqın milli-mənəvi ruhunu da məhv edib assimilyasiya etməyə, onu qondarma “sovet xalqının” tərkib hissəsinə çevirməyə çalışmışlar. Burada əsas məqsəd Azərbaycan xalqında, onun ictimai-fəlsəfi fikrində türkçülük şüurunu tamamilə sıradan çıxarıb, onun yerinə kommunist rejiminin maraqlarına uyğun sovet (rus) təfəkkürlü bir xalq formalaşdırmaq idi. Buna baxmayaraq, Azərbaycanın bəzi mütəfəkkirləri öz əsərlərində cəsarətlə milli mədəniyyət və milli özünəməxsusluğu önə çəkir, tariximizin və zəngin mənəvi irsimizin milli çalarlarını, xüsusiyyətlərini araşdırıb ictimai rəyə təqdim edirdilər. Sonunda intiharına səbəb olsa da, akademik Heydər Hüseynovun “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsərinin meydana çıxması bu kimi nadir hallardan idi.

Faiq Ələkbərlinin 864 səhifəlik bu tədqiqatında təqdirəlayiq cəhətlərdən biri 1901-1991-ci illərdə Şimali Azərbaycanda ictimai-siyasi və mənəvi-mədəni mühitin ətraflı təhlil edilməsi və məntiqi nəticələr çıxarılmasıdır. Çünki, ictimai-siyasi şəraitin fəlsəfi-siyasi düşüncəyə və onun ifadəsinə birbaşa təsiri vardır. Bundan sonra müəllif ölkəmizdə formalaşan milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanlarını onların bütün istiqamətləri və çalarları ilə araşdırmağa çalışmışdır. Burada türkçülük (azərbaycançılıq), müasirlik və islamçılıq ümumi şəkildə şərh edilmiş, əsas diqqət bu ideya və fikirlərin yaradıcı və daşıyıcılarının ictimai və fəlsəfi görüşlərinin ətraflı tədqiqinə yönəldilmişdir. Burada xalqımızın milli şüur və təfəkkürünün, milli-demokratik hərəkatının fikir və düşüncə təməlini qoyan və milli dövlətçiliyimizin nəzəri əsaslarını və praktiki təcrübəsini yaradan və həyata keçirən görkəmli mütəfəkkirlərimizə müraciət edilir. Bu sırada Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Firudun Köçərli, Yusif Vəzir Çəməzəminli, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Hüseyn Baykara, Əhməd Cəfəroğlunun ictimai-siyasi və fəlsəfi görüşləri ətraflı təhlil edilmişdir.

Faiq Ələkbərli haqlı olaraq qeyd edir ki, XX əsrin əvvəllərində Çarlıq Rusiyasından azad olmaq istəyən bütün xalqlar kimi Quzey Azərbaycan türklərinin də məhz milli özünütəyindən-türkçülükdən çıxış etməkdən başqa yolu yox idi. Bu həm də “islam birliyi” ideyasının artıq perspektivsiz göründüyü şəraitdə, xüsusilə zəruri idi. Yuxarıda adları keçən fikir şəxsiyyətlərinin nəzəri və əməli fəaliyyətlərini təhlil etməklə, müəllif türkçülüyün də inkişaf mərhələlərini izləmiş, mədəni türkçülükdən siyasi-ideoloji türkçlüyüə keçidi və milli-məhəlli türkçülüyün formalaşmasını şərh etmişdir.

Faiq Ələkbərlinin kitabının təqdirəlayiq məziyyətlərindən biri onun marksizm-leninizm ideologiyasını, milli təmayülçülük və beynəlmiləlçi baxışları da tədqiqata cəlb etməsidir. Bu sahədə Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Ruhulla Axundov, Səmədağa Ağamalıoğlunun ictimai-siyasi görüşlərinin tənqidi-təhlili və dəyərləndirilməsi xüsusi maraq doğurur. Çünki, Sovet Azərbaycanında yüksək partiya və hökumət vəzifələri tutan bu şəxslərin hər biri siyasi dünyagörüşləri və mənsubiyyətlərindən asılı olmayaraq dərin zəka sahibi olmuşlar və Azərbaycan ictimai-siyasi fikrində iz qoymuşlar.

Həmin fəsildə Azərbaycan tarixi və fəlsəfəsinin inkişafında əhəmiyyətli xidmətləri olan akademik Heydər Hüseynovun həyat və yaradıcılığına, onun milli fəlsəfi fikir tariximizə həsr edilmiş əsərlərinə istinad etməklə təhlilə cəlb edilməsi olduqca əhəmiyyətlidir. O cümlədən, Heydər Hüseynovun “Azərbaycanda XX əsr ictimai və fəlsəfi fikir tarixindən” kitabından gətirilən nümunələr və əxz edilən fikirlər Kommunist rejiminin qurbanı olmuş böyük vətəndaş-alimin həyat yoluna bir daha işıq salır.

Təqdirəlayiqdir ki, Faiq Ələkbərli, əlbəttə, həmin mütəfəkkirlərimizin baxışlarını həm də ciddi şəkildə tənqid etməkdən çəkinmir. Düşünürük ki, bu yanaşma da doğrudur, onsuzda bütün doğru və yanlışları ilə onların hamısı xalqımızın yetirmələridir, dövrün ictimai-siyasi mühitinin təsiri altında olsalar da, elmi-fəlsəfi, ictimai fikrimizin inkişafında müəyyən rol oynamışlar.

Bu fəsildə xüsusi maraq doğuran isə XX əsrin ikinci yarısında Azərbaycan fəlsəfi fikir irsinə tamamilə yeni müddəalarla, özünəməxsus ideya və iddialarla daxil olan Asif Atanın (Əfəndiyev) əsərlərinin təhlili və onların əsas qayələrinin vurğulanmasıdır. Faiq Ələkbərli yazır ki, Asif Atanın (1935-1997) Qərb və Şərq düşüncələri əsasında “Mütləqə inam “ adı altında hazırladığı yeni təlimdə əsas prinsip və məqsəd insan mənəviyyatını önə çəkmək, kamil insan yetişdirmək idi. Məsələn, onun fikrincə, materializm də, idealizm də nöqsanlıdır. Amma idealizmdə dünya dərk olunduqda böyüyür, yüksəlir, genişlənir, ülviləşir. Materializmdə isə dünya dərk olunduqca-kiçilir adiləşir, daralır. Asif Ata hesab edirdi ki, insan daxilindəki naqislərlə döyüşməli, saflaşmalı, kamilləşməli, bir sözlə insanlaşmalıdır.

Adı çəkilən kitabın sonuncu fəsli ölkəmizin milli maarifçilik fəlsəfəsinin, realizm və romantizmin təşəkkülü və inkişafının təhlilinə həsr edilmişdir. Müəllif bu sahədə silinməz izlər qoymuş, ədəbi-bədii və ictimai-fəlsəfi irsimizi daha da zənginləşdirmiş Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa Şahtaxtlı, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət və Abdulla Şaiqin dünyagörüşlərini, nəzəri və əməli fəaliyyətlərini geniş araşdırmış, Azərbaycan-türk fəlsəfi və ictimaifikirlərinin daha da zənginləşməsində, həmin mütəfəkkirlərimizin misilsiz yeri və rolunu şərh etmişdir.

Əlbəttə kitabda unudulmuş, yaxud bilərəkdən tədqiqata az cəlb edilmiş mütəfəkkirlərimiz də vardır. Məsələn, kitabın “Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm (ümumi baxış və əsas təmsilçiləri)” bölümündə Eynəli bəy Sultanov, Əliqulu Qəmküsar, Əli Nəzmi, Əbürrəhim bəy Haqverdiyev, Məhəmməd Səid Ordubadi və bəzi digər ziyalılarımızın da ictimai-siyasi görüşləri geniş şəkildə tədqiq edilsəydi bu mədəni mənzərə daha tam olardı. Lakin bir tədqiqatçı kimi Faiq Ələkbərlinin üstün cəhəti ondan ibarətdir ki, o vətənimiz Azərbaycana bu taylı –o taylı bir vahid tarixi Vətən kimi baxır, vətənimiz Azərbaycanı böyük Türk dünyasının mühüm tərkib hissəsi kimi görür. Buna görə də eyni adlı kitabın III hissəsi bütünlükdə Cənubi Azərbaycandakı və ümumən İrandakı azər-türk fikir adamlarımıza həsr ediləcəkdir ki, bunu da fikrimizcə bəri başdan alqışlamağa dəyər.

Yekun olaraq qeyd etmək istərdik ki, həm faktoloji informasiya, həm də düşündürücü ideya və tənqidi yanaşmalar baxımından dosent Faiq Ələkbərlinin təqdim edilən əsəri yaxın keçmişimzin cansız qəliblərindən, ideoloji çərçivələrindən tamamilə azad, müstəqil yaradıcılıq işidir. Əlbəttə, bütün digər tədqiqatlar kimi müəyyən nöqsan və çatışmazlıqlardan da xali deyil, amma bu da təbiidir. Çünki bu əsər Azərbaycan fəlsəfi və ictimai fikir tarixinə müstəqillik dövrünün işığında formalaşmış tamamilə yeni yanaşmadır.

EYNULLA MƏDƏTLİ

AMEA Fəlsəfə və sosiologiya institutunun elmi

işlər üzrə direktor müavini, tarix elmləri doktoru

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir